AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zorxana ustası Xəyyam Orucov

Orucov Xəyyam Hüseyn oğlu 6 fevral 1981-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda dünyaya gəlib. Orta təhsilini Şəmkirdə alan Xəyyam, 16 yaşından sərbəst güləşə başlayıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olsa da, onda güləşə qarşı həvəs azalmayıb. “Dinamo”da Könül Cəfərovun rəhbərliyi altında hazırlıqlarını davam etdirib.
 
2007-ci ilə qədər güləşlə məşğul olan Xəyyam dostunun tövsiyəsi ilə zorxanaya gəlib və Xanlar Qurbanovun rəhbərliyi altında İdman Akademiyasında məşqlərə başlayıb. İl yarımdan sonra yığma komandanın tərkibində yer alıb. Yaxşı nəticələr əldə edən Xəyyam qısa müddətdən sonra milli komandanın kapitanı təyin edilib.
 
2009-cu ildə Bakıda keçirilən zorxana üzrə ilk Dünya Kubokunda komandamızın heyətində qalib olan Orucov, həmin il Minskdə təşkil olunan Avropa çempionatının qızıl medalını boynundan asıb. Bu günə qədər o, dörd dəfə qitə çempionu, iki dəfə Dünya Kubokunun sahibi olub. Dünya çempionatlarında isə gümüş və bürünc medallara layiq görülüb. Xəyyam Orucovun karyerasının ən önəmli mükafatları IV İslam Həmrəyliyi Oyunları ilə bağlıdır. “Bakı-2017”də komanda yarışında və fərdi məharətlərin "mil səngin" növündə gümüş medal qazanan Xəyyam, "mil bazi"də fəxri kürsünün üçüncü pilləsində dayanıb.
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasını bitirən Xəyyam, hazırda sözügedən təhsil ocağında güləş müəllimi kimi çalışır. O, həm də beynəlxalq dərəcəli zorxana hakimi və Beynəlxalq Zorxana Federasiyasının Texniki komitənin üzvüdür. İki ali təhsili olan, ingilis və rus dillərini yaxşı, fars dilini isə orta səviyyədə bilən Xəyyam, yüksək intellektual səviyyəsi ilə də seçilir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Qohum-əqrəba

Azərbaycanlıların qohumluq münasibətlərini Q.Cəfərov dilçilik nöqteyi-nəzərindən bioloji, sosioloji qohumluq terminləri kimi səciyyələndirir. Bioloji-sosioloji qohumluq terminlərinin iki kateqoriyası vardır: 1) Qan qohumluğu terminləri. 2) Nikah qohumluğu terminləri. Bunlar müstəqil mikrosistemlər əmələ gətirirlər. Qan qohumluğu üzrə: ata, ana, baba, nənə (ulu baba, ulu nənə), oğul,...

Ətraflı