AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Lapçın

Nümunənin reyestr kodu : SD0301000015

Keçmişdə kişi ayaq geyimlərinin müxtəlif tipləri əhalinin geniş istifadəsində olmuşdur. Bunlar çarıq, başmaq, dübəndi, muqur, zəngəl, qondara, şiblit, uzunboğaz çəkmə (boğazlı, xrom çəkmə), çust, məst, nəleyin, corab, patava, dolaq, badış və s.-dən ibarət idi. Ənənəvi ayaq geyimləri materialına və hazırlanma üsuluna görə, gön və dəridən tikilmiş ayaqqabı və hörmə-toxuma məmulatı (corab, badış, dolaq, patava, ayaq şalı) olmaqla, tipoloji cəhətdən iki qismə bölünür. Keçmişdə Azərbaycanın bütün bölgələrində bunların hər birinə (lapçın istisna olmaqla) təsadüf olunurdu. Ayaq geyimlərinin növlərinə görə, şəhər və kənd əhalisi ilk baxışdaca seçilirdi. Adətən, şəhər əhalisinin ayaq geyimləri yaxşı aşılanmış göndən (sağrı, ətvi, meşin, tumac, müşkü, müşəmbə) xüsusi ülgü əsasında tikilir, təzəliyi ilə diqqəti cəlb edirdi.

Lapçın ayaq geyimi gön-dəri və ya keçədən hazırlanan ayaqqabılardan biri olub, spesifik görünüşünə və məhəlli xüsusiyyətlərinə görə digər kişi ayaqqabı tiplərindən fərqlənirdi. Etnoqrafik materiallardan bəlli olduğu kimi, Naxçıvan bölgəsinin dağlıq hissəsində və Şəki-Zaqatala bölgəsində kişi ayaq geyimi kimi lapçına tələbat böyük idi. Uzunboğaz ayaqqabı tipi olan lapçının üzlüyü tumac və keçədən, altı isə göndən tikilirdi. Çox da hündür olmayan dabanı onu daha da yaraşıqlı göstərirdi. Lapçının ayaqlıq və boğaz hissəsi ayrı-ayrılıqda biçilirdi ki, bu işlə çəkməçinin özü məşğul olurdu. Biçilərkən lapçının boğazlığı, çəkmədə olduğu kimi, bütöv deyil, boyaboy kəsiyi olan boğazlıq kimi saxlanılırdı. Onun ayaqlığının daban hissəsi bağlı olur, görkəmi etibarilə bütünlüklə kişi başmağına (mərdanə başmağa) bənzəyirdi. Pəncə üstünün kənar yanları xüsusi tikişlə dövrələmə olaraq altlığa tikilir, beləliklə, lapçının ayaqlığı hazır olurdu. Bundan çonra boğazlıq lapçının ayaqlığına tikilib birləşdirilirdi. Bu işlə, bir qayda olaraq, şagird və ya kargər məşğul olurdu. Lapçını ayağa geyərkən boğazının (küncünün) kəsik hissələrini bir-birinin üstünə qoyur, boğaz yanlarının yuxarı hissəsinə tikilmiş tumacdan uzun və ensiz hazırlanan xüsusi bağla (qaytanla) ayağa dövrələmə dolayıb bağlayırdılar. Lapçının ucu (çitməsi) şiş və nisbətən yuxarıya qatlanmış olurdu. Bu ayaq geyim tipi dağ kəndlərinin əhalisi arasında XX əsrin əvvəllərinə qədər qorunub saxlanmışdı.

Lapçının elə bir tipoloji təsnifatı yoxdur. Onu mütəxəsisslər çəkməkimilər qrupuna aid edirlər.

Çəkmə tipli və ona bənzər ayaq geyimlərinin Azərbaycanda qədim tarixi vardır. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan və miladdan əvvəl XI-VIII əsrlərə aid edilən çəkmə tipli gil ayaqqabı-qablar XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılarla tipoloji oxşarlıq təşkil edir. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı tipləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır. Mütəxəssislər qunclu çəkmənin “Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilən “soqman”dan törəndiyini güman edirlər. Bizim zənnimizcə, kişi çəkməsinə bənzəyən, ondan bəzi biçim xüsusiyyətinə görə azacıq fərqlənən lapçının da çəkmə kimi, “Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilən “ədik” və “soqman”dan nəşət etdiyini söyləmək daha inandırıcı olardı. Ədik və soqman hər ikisi uzunboğaz çəkmə olub, Dədə Qorqud oğuzlarından üzü bəri geniş istifadədə olmuş ayaq geyimləridir. Soqman Dağıstan tərəkəmələrinin XIX-XX əsrlərə qədər geydikləri tovçarığa daha çox bənzəyirdi. Ədiyin isə, F.Sümərin yazdığına görə, son 15-20 ilə qədər Türkiyənin Maraş, Adana, Antəb və Xatay vilayətlərində, eləcə də Anadolu türkləri və türkmənləri arasında geyildiyi, ondan özbəklərin, qazaxların, qaraqalpaqların, türkmənlərin, qırğızların və qazaxların istifadə etdiyi bəlli olur. Beləliklə, uzunboğaz çəkmə, onun qədim variantları olan soqman, ədik və tovçarıx qədim oğuz ellərinin, Orta Asiya, Qazaxıstan, Anadolu türkləri və türkmənlərinin, Dağıstan tərəkəmələrinin geyim kompleksində yer alan ayaq geyimləri olmuşdur. Uzunboğaz çəkməyə bənzəyən lapçın isə Naxçıvanın və Şəki-Zaqatala bölgəsinin xüsusilə maldar elatlarının yuxarı təbəqələri və dağlıq şəraitdə yaşayan kişilərin ayaq geyimləri kimi geniş yayılmışdır.