AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Lirik mahnılar

Nümunənin reyestr kodu : FM0203010001

Lirik mahnılar

Mahnı yaradıcılığı hər bir xalqın, o cümlədən Azərbaycan xalqının musiqi folklorunun ən qədim janrlarından biridir. Lakin bu janr da dialektikanın qanunauyğunluqlarına uyğun olaraq, daim tarixi təkamül prosesi keçirmiş, başlıca inkişaf mərhələlərində onun müəyyən tipləri formalaşmışdı. Müasir Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyov milli mahnıları yüksək qiymətləndirərək yazırdı: “El mahnıları Azərbaycan xalqının əhval-ruhiyyəsini şərh, zövqi-musiqisini bəyan, şeir və musiqidəki yaradıcılıq qabiliyyətinin dərəcəsini təyin edə bilən böyük bir material olduğundan onun istər musiqi, istər ədəbi, istər psixoloji, istərsə də etnoqrafik əhəmiyyəti çox böyükdür”. Lirik mahnılar məişət mahnıları janrının həm melodika, həm də məzmunca müxtəlif növüdür. Xalqın gündəlik həyatını əks etdirən bu mahnılarda başlıca yeri ailə, ailəyə münasibət və digər insani hisslər tutur.

Azərbaycan musiqi sənətində geniş yayılmış lirik mahnılar öz məzmununa, poetik quruluşuna, həcminə və kompozisiyasına görə müxtəlif ola bilir: vətənpərvərlik, azadlıq, qəhrəmanlıq ideyaları, təbiət gözəllikləri, əxlaqi-tərbiyəvi məqsədi, vətənə, ata-anaya, övlada məhəbbət, sevgi duyğuları və s. Adətən, lirik mahnılar şad və qəmli ruhda olur. Birinci qrup mahnılar ümidli, nikbin, ehtiraslı melodikası və şən əhval-ruhiyyəsi ilə fərqlənir. Burada oğlan və qız arasında olan məhəbbət, sevgi dolu hisslər çox zərif və real verilir. Məzmunca şad əhval-ruhiyyədə olan mahnılara misal olaraq “Qoy gülüm gəlsin, ay nənə”, “Bülbüllər oxur”, “Gül oğlan”, “Ay sallanıb gələn yar”, “Ahu kimi”, “Ay qadası”, “Azərbaycan maralı” və s. göstərmək olar. Qeyd etmək lazımdır ki, istər qızlar, istərsə də oğlanlar tərəfindən ifa olunan nikbin mahnılar üçün oynaq ritm, mülayim, asta temp və segah ladı səciyyəvidir.

Azərbaycan lirik mahnılarının ikinci qrupa aid olan hissəsi qəmli melodiyalı, poetik mətni aydın, saf hissləri tərənnüm edən əsərlərdir. Bu mahnılarda “yar” surəti kədərli cizgilərlə əks olunur. Bu kimi mahnılara “Səndən mənə yar olmaz”, “Onu demə, zalım yar” kimi nümunələri misal göstərmək olar. “Gül açdı”, “Üçtelli durna”, “Qubanın ağ alması” və s. mahnılar da qəmli mahnılar qrupuna aid olunur. Sevgi, ailə, məişət mövzulu lirik mahnılarda əmək motivlərinə də rast gəlinir. Təbii ki, bu mahnılar xüsusi olaraq əmək mövzusuna həsr olunmur. Sadəcə bu mahnılarda əmək ünsürləri fon olaraq istifadə edilir ki, bunun əsasında müxtəlif obrazlar təsvir olunur. “Qadan alım”, “Sona bülbüllər”, “Budur, gəldi əsirlərin karvanı”, “Bizi ayırdılar ata-anadan”, “Çal papaq” və s. mahnılar isə daha çox ictimai-siyasi məzmunda olub vətən həsrəti, əsir-itkin həyatı, sevgisinə qovuşa bilməyən aşiqin daxili iztirablarını və s. kimi insani duyğuları ifadə edir. “Apardı sellər Saranı”, “Qalanın dibində”, “Laçın”, “Samavara od salmışam”, “Pəncərədən daş gəlir” kimi mahnılara gəldikdə isə, bunlar öz poetik quruluşuna, həcminə və kompozisiyasına görə bir-birindən fərqlənir: mahnıların bir qismində təkrar misralar, başqa bir qismində isə nəqərat olur; mətn 2, 3, 4 bənddən ibarət ola bilir; bəzi mahnılarda bəndlər 4 misradan ibarət olur, bununla belə, mahnıdakı bəndlər 5, 6, 7, hətta 10 misra da ola bilir.

Azərbaycan xalq mahnılarının müəyyən qismi üçhissəli formaya əsaslanır, metro-ritmik xüsusiyyətlərinə görə isə çox zəngin və orijinaldır. Xalq mahnılarının çox hissəsi 6/8, 3/4, 3/8 vəzninə əsaslanır. Xalq mahnılarının daha çox 6/8 vəzninə əsaslanması mahnı yaradıcılığının metrik cəhətdən heç də sadə olmadığına dəlalət edir. Bu ölçü mahnıları ritmik cəhətdən rəngarəng edərək canlandırır. Şeir daxilində metrik vəznin dəyişilməsi Azərbaycan xalq poeziyasının səciyyəvi cəhətlərindəndir. Muğam və şikəstələrdə olduğu kimi, Azərbaycan mahnılarının mətnlərində də “ay”, “hey”, “aman”, “balam”, “balam ey” və s. kimi əlavə sözlərin işlədilməsinə təsadüf edilir.