AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Pardaqlayıcı qayçı və pardaq darağı

Nümunənin reyestr kodu : SD0402000010

Xalçaçılıq sənətində xalçanın xovlarını xüsusi alətlərlə təmizləyib hamarlamaq “pardaqlamaq” adlanır. Xalça toxunub qurtardıqdan sonra istifadəyə və satışa çıxarmaq məqsədi ilə qırxım və pardaqlama əməliyyatından keçir. Bu əməliyyat üçün “pardaq darağı”, “pardaq bıçaqı” və “pardaq qayçı”sından istifadə olunur.

Pardaqlayıcı daraq toxunmuş ilmələri qırxıma hazır vəziyyətə salmaq üçün istifadə edilir. Bu daraqların uzunluğu 10-12 sm, eni isə 2-3 sm olur. Toxunmuş ilmələr hər çin və ya bir neçə çindən sonra qırxılsa da, darama və xovu nizama salma isə çindən sonra yerinə yetirilməlidir. Darama işi belə icra edilir: sol əlin dörd barmağını toxunmuş ilmələrin altından keçirib, sağ əldəki xüsusi xalça darağı ilə darayırlar. Bu zaman ucu qatlanmış ilmələr düzəlir, birtərəfli yatmış ilmələr öz yerini tutur və nəticədə xalça qırxıldıqdan sonra ornamentlər aydın görünür. Darama işi qurtaran kimi qırxım başlanır.

Pardaq qayçılarının uzunluğu 24-26 sm, tiyələrinin eni 22,5 sm, ağırlığı isə 180-220 qramdır. Tiyələrin vəziyyətinin sabit saxlanması bu qayçıların ən yaxşı cəhətidir. XX əsrdə xalça qayçılarının yeni növləri, xov qalınlığı normasının pozulmaması üçün tiyələrinə məhdudlaşdırıcı əlavə olunmuş qayçılar buraxılmışdır. Qırxım zamanı xov bir neçə dəfə qaşınır, artıq ilmə ucları kəsilib təmizlənir. Qırxımın keyfiyyətli olmasını təmin etmək üçün qayçı iti və işə hazır olmalıdır. Barmaqların kip oturması, rahat olması üçün qayçının barmaq girən yerlərinə səliqə ilə ip dolanır. Qayçının əl tutan yerinin alt gözünə sağ əlin birinci barmağını, üst gözünə isə 3, 4 və 5-ci barmaqları keçirir və 2-ci barmaqla qayçının hərəkətini tənzimləyirlər. Bəzi toxucular hər çindən, bəziləri 3-5, yaxud 10-20 çindən bir xalçanı qırxırlar. Qırxımı xüsusi məharətlə aparan ustaların toxuduğu xalçaya pardaq vurmağa ehtiyac olmur. Onlar hər ilməni öz yerinə oturdur və ilmələrin yanakı düşməsinə, ucunun qatlanmasına yol vermir, ilmələri səliqə və diqqətlə darayır, dartıb bərkidirlər. Bəzi ustalar darama işində həvədən də istifadə edir. Bunun üçün həvəni sağ əldə şaqüli vəziyyətdə tutaraq onun dişlərilə xovu darayırlar.

Xovun səlis qırxılması (xovun neçə çindən bir qırxılmasından asılı olmayaraq) qayçının əldə tutulması, xalça qırxılarkən ərişlərlə qayçı arasında məsafə qoyulması və qayçının necə hərəkət etdirilməsindən asılıdır. Qayçının tiyələri ilə xalça arasındakı məsafə xovun qalınlığı ilə əlaqədardır. Xovun qalınlığı xalçanın tipindən və sıxlığından aslıdır. Qırxım zamanı qayçının tiyələri xalçaya paralel vəziyyətdə olmalıdır. Tiyənin biri yaxın, digəri uzaq olduqda qırxım bir qaydada getməz və nəticədə xovda kələ-kötürlük əmələ gələr. Qırxım zamanı qayçının üst tiyəsini xalçadan azaçıq aralı saxlayıb, son çini təxminən 1 mm uzun qırxmaqla kələ-kötürlüyün qarşısını almaq olur. Son çinin uzun hissəsi gələn qırxım zamanı mexaniki sürətdə kəsilib təmizlənir. Qırxım qurtardıqda xalça dərhal qayçının ucu ilə qaşınır, lazım gəldikdə bu iş təkrar edilir. Yaxşı pardaqlanmış xalçada xovun qalınlığı bütün səth boyu eyni ölçüdə olur, naxışlar aydın və rənglər şəffaf görünür.

Pardaqlama zamanı ilməni bir qədər uzun kəsmək lazım gəlir. Bu isə artıq itkiyə səbəb olur. Eyni zamanda pardaqlama işini hər toxucu həyata keçirə bilmir, bunun üçün xüsusi bacarıqlı ustalara ehtiyac duyulur. XX əsrin ikinci yarısından sonra belə çətinliklərə görə pardaqlama işi kimyəvi yuma və mexanikləşdirilmiş qırxımla əvəz edilmişdir.

İbtidai xalçaların toxunmasında qırxım rejimi tətbiq edilməmiş, hər çini toxunub qurtardıqdan sonra və ya neçə çindən bir xovu qırxıb nizama salmaq lazım gəlməmişdir. Xüsusən ilk dövrlərdə xalçadan ancaq döşəməyə salmaq və soyuqdan qorunma vasitəsi kimi istifadə edilməsi səbəbindən onun dekorativ tərəfləri nisbətən kölgədə qalmışdır. Orta əsrlərdən etibarən xalçaçılıq məmulatının dekorativ cəhətlərinə diqqət artmış və qırxım rejimi tətbiq etmək zərurəti meydana çıxmışdır. XIII və XV əsrlərdə Azərbaycan miniatür sənətinin inkişafı ilə əlaqədar saray məclisləri, ovçuluq və digər feodal əyləncələrinə aid süjetlərin xalçaçılıq sahəsinə gətirilməsi xov qalınlığının və qırxım işinin dəqiqləşməsini tələb etmişdir. İlk dövrlər qırxım aləti kimi yalnız adi qayçılardan istifadə olunmuşdur. Naxışların və süjet hissələrinin daha dəqiq və aydın görünməsi zərurəti qayçıların təkmilləşdirilməsinə gətirib çıxarmışdır. XIX əsrdə xüsusi xalça qayçıları meydana çıxmışdır. İlk dəfə şəhər emalatxanalarında işlədilən bu qayçıların əl ilə tutulan hissəsi tiyələrdən 1-2 sm hündür olduğu üçün xovun qalınlığını texniki normaya uyğun aparmaq, texnoloji rejimə əməl etmək asanlıqla mümkün olurdu.