AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qızıl kəmər

Nümunənin reyestr kodu : SD0303000010

Kişi və qadın geyimlərinin ayrılmaz tərkib hissəsini təşkil edən bel bəzəkləri, xüsusilə də toqqa və kəmərlər özünün bədii-ornamental xüsusiyyətlərinə, tətbiq məqamına, yayılma arealına və lokal fərqlərinə görə müxtəlif idi. Azərbaycanda kişi və qadın kəmərlərinin “ətəkli” (“sallama”), “taxta kəmər”, “saltoqqa”, “çilik toqqa”, “qabırğalı kəmər”, “çərkəzi”, “qarmaq kəmər”, “zəncirəli kəmər”, “düzmə kəmər”, “girvənkə toqqa”, “körpü kəmər”, “sikkə kəmər” kimi çoxlu çeşidləri olmuşdur. Onların içərisində xalis qızıldan düzəldilən “qızıl kəmər” xüsusilə seçilirdi.

Qadın və kişilərə məxsus qızıl kəmərlər bəzək ünsürlərinin bənd edilmə üsuluna görə “körpülü”, “bəndləmə” və “keçirtmə” olmaqla üç cür hazırlanırdı. Körpülü kəmərlərin “kəsmə” bəzək ünsürləri bir-birinə keçirilən bəndləyici “körpü”lər vasitəsi ilə bağlanırdı. Bu tipdən olan “kəsmə” kəmərlərin sallama və ya zəncirələri onun ön tərəfində, xüsusilə toqqanın ətəyində cəmləşirdi. “Bəndləmə” kəmərlərin qulplu sikkələrdən ibarət olan bəzək ünsürləri isə qayış üzərinə bəndlənirdi. “Keçirtmə” üsulu ilə hazırlanan kəmərlərdə isə bəzək ünsürləri qayış üzərinə keçirmətklə bərkidilirdi.

Qızıl kəmər, adətən, qarasavad, minasazlıq, qəlibkarlıq (tökmə) və şəbəkə üsulları ilə hazırlanırdı. Bu üsullarla hazırlanmış müxtəlif ölçülü, adlı və təyinatlı bəzək nümunələri kəmər toqqasının bərkidildiyi dəri və ya parçanın bütün çevrəsi boyunca harmonik şəkildə düzülür, gözəl və baxımlı bir kompozisiya yaradırdı. Belə kəmərlər el arasında “kəsmə” və ya “düzmə” kəmər adlanırdı. Ümumiyyətlə, qızıldan hazırlanan kəmərlər xalq arasında həm də “zər kəmər” kimi tanınırdı. Qızıl kəmərin bir növü də “sikkə kəmər” olmuşdur. Onlar ya zərgərə sifarişlə hazırlatdırılır, ya da hər kəs özü düzəldirdi. Bunun üçün zərgərə təqdim edilən qızıl sikkələrə (əşrəfi, bacaqlı, tilani, imperial, çervon) qulp döydürmək və toqqa sifariş etmək kifayət edirdi.

Qızıl kəmər kişi və qadın kəməri olmaqla iki qrupa bölünürdü. Bundan başqa, qızıl kəmər növünə (“kəsmə” və “sikkə” kəmər), hazırlanma üsuluna (qarasavad, minasazlıq, qəlibkarlıq (tökmə) və şəbəkə), bəzək ünsürlərinin bənd edilmə üsuluna (“körpülü”, “bəndləmə” və “keçirtmə”) görə də bir-birindən fərqlənirdi.

Araşdırıcıların qənaətinə görə, qızıl kəmər mənşə etibarılə tunc kəmərlərin təkmilləşmiş forması kimi yaranmışdır. Əsrlər boyu qılınc və xəncər asmaq kimi əməli vəzifə daşıyan kəmər dekorativ bəzək vasitəsinə çevrildikdən sonra qadın geyim kompleksinə də daxil olmuşdur.

Kişilərə məxsus qızıl kəmərlər içərisində Səfəvi dövlətinin yaradıcısı I Şah İsmayılın qızıl kəməri xüsusilə maraqlıdır. Hazırda İstanbulda Topqapı muzeyində saxlanan bu kəmər kişi kəmərlərinin ən zəngin və bəzəkli nümunələrindəndir. Kəməri bəzəyən nəbati ornamentli naxışlar dövrün xalça, parça və digər qeyri-sənət nümunələrində rast gəlinən bəzəkləri xatırladır. Kəmərin ən gözəl hissəsini onun toqqası təşkil edir. Dairə formasında olan bu toqqada real şəkildə at belində ova çıxmış bir zadəgan gənc və onu müşaiyət edən bələdçi təsvir olunmuşdur. Təsvir olunan səhnə təbiətin çiçəkli bağları fonunda verilmişdir. Toqqa üzərindəki təsvirlər həm ümumi kompozisiya, həm də ayrı-ayrı motivləri ilə dövrün miniatür sənətindəki bədii süjetləri xatırladır. Kəmərin özü o qədər də böyük deyildir. Çevrəsinə 5x8 sm ölçülü rombabənzər lövhələr bir-birinə qarmaqlar vasitəsilə bəndlənmiş, sonra isə onlar yumşaq dəri üzərinə bərkidilmişdir. Bu lövhələr şəbəkə üslubunda zərif ornamentlərlə bəzədilmiş, qiymətli daşlarla təchiz edilmişdir. Qızıl kəmər 1507-ci ildə düzəldilmişdir.

XIX-XX əsrin əvvəllərində mürəkkəb bədii formaya malik olan qızıl kəmərlərin başlıca istehsal mərkəzləri Gəncə, Şəki, Naxçıvan, Bakı, Şamaxı, Şuşa, Ağdam və başqa bölgələr olmuşdur. Həm baha başa gəldiyindən, həm də hazırlanması uzun müddət çəkdiyindən ona ancaq varlıların geyim dəstində təsadüf olunurdu. Hazırda qızıl kəmər qadın və kişi geyim dəstindən çıxmışdır.