AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Baş bəzəyi

Nümunənin reyestr kodu : SD0303000025

Qiymətli metallarla ləl-cəvahiratın qarşılıqlı tətbiqindən tərtiblənən zinət əşyaları istifadə qaydasına və gəzdirilmə tərzinə görə baş, qulaq, boyun, sinə, bel, qol və barmaq bəzəkləri olmaqla müxtəlif qruplara bölünürdü. Azərbaycanda “cığcığa” adlanan baş bəzəkləri dəstinin müxtəlif növlərindən istifadə olunmuşdur. Onların bəzilərinin təsvirini versək, bu baş bəzəklərinin Azərbaycan zərgərliyində tutduğu yeri, onların ənənəvi bədii xüsusiyyətlərini, ornamental dekor tərkibini, forma və quruluşunu müəyyən edə bilərik.

Ayrı-ayrı məhəlli zərgərlik mərkəzlərində müxtəlif adlarla tanınan tac və ya çələng ən arxaik bəzək növü olmaq etibarı ilə diqqəti cəlb edir. Orta əsrlərdə dövlət başçılarının hakimiyyət rəmzi olan tac XIX-XX əsrin əvvəllərində əsasən qadın toy-nişan geyim dəstinin mühüm elementinə çevrilmişdir. Ağır və bahalı zinət növü olmaq etibarı ilə tac, əsasən, ağa-bəy zümrəsindən olan varlı kübar qadınlar arasında dəbdə olmuşdur Hazırda tac öz adı ilə təkcə Şimal-Qərbi Azərbaycanda qalmışdır. Qazaxda o, “dingə”, Gəncə və Muğan bölgəsində “cığcığa” adı ilə xatırlanır. Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin fondunda saxlanılmaqda olan tac dəbilqəni xatırladır. Daş-qaşla bəzədilmiş qızıl tacın əsas bəzək elementləri onun ön və yan tərəflərində cəmləşdirilmişdi. Qəfəsə başa dingə qoyulduqdan sonra onun qabağına tutulan (tikilən) üstü baftalı bəzək idi. Başa qoyulan dingəyə daha yaraşıqlı görkəm verməkdən ötrü onun qabağına ətrafına qızıl və gümüş pullar düzülmüş “tetir” tuturdular. Rəqs və hərəkət zamanı metal cingiltili melodik səslər çıxarsın deyə, dingənin dövrəsinə “qıraqlıq” adlanan xüsusi bir bəzək elementinin əlavə edilməsi də dəb idi. Qıraqlığın üstü gümüş pullarla örtülü olurdu. XIX əsrin sonu-XX əsrin əvvəllərində Gəncədə fəaliyyət göstərmiş usta Ağamirzənin qəlibkarlıq üsulu ilə hazırladığı təsəkqabağı klassik bədii keyfiyyətləri ilə diqqəti cəlb edir. Təsəkqabağı parçadan tikilən baş bəzəyinin adıdır. Onun üzərinə qızıl piləklər tikilirdi. Usta Ağamirzə buynuza, butaya, çiçəyə, ayparaya, gülə, yarpağa bənzətdiyi qızıl təsəkqabağı motivlərini həndəsi və nəbati dekorda, ahəngdar formada naxışlamışdır. XIX-XX əsrin əvvəllərində Gəncə, Qarabağ, Şuşa, Qazax, Tovuz şəhərlərinin qadınları təsəkqabağı ilə alınlarını bəzəyirdilər. Taclı cütqabağı şəbəkəçilik üslubunda nəfis işlənməklə, bəzək-nəqş ünsürlərinin (gül-çiçək, ulduz, yarpaq, qönçə, qübbə, aypara, buta və s.) alında cəmlənməsi ilə səciyyələnirdi. Bakı zərgərlik məktəbinin nümayəndəsi Məmməd Şəfi taclı cütqabağı hazırlamağın mahir ustası olmuşdur. Çəngəlli çənəbənd və ya qarmaq əməli əhəmiyyət kəsb etməklə mürəkkəb quruluşlu çalma və dingələri başda möhkəm saxlamaq, hörüyə gəlməyən cığa-birçəyi nizamlamaq, son nəticədə isə bəzək məqsədilə işlədilirdi. Çəngəlli çənəbənddən (qarmaqdan), bir qayda olaraq, ərli qadınlar istifadə edirdilər.

“Cığcığa” adlanan baş bəzəkləri dəstinin Azərbaycanda “tac” (“dingə”, “cıqqa”), sonralar isə “qəfəsə”, “alınlıq”, “tetir”, “çəngəlli çənəbənd” (“qarmaq”), “qıraqlıq”, “çutqabağı”, “gəlintac”, “qarabatdaq” (“araşqın”), “təsəkqabağı”, “taclı çutqabağı”, asma baş bəzəkləri kimi müxtəlif növlərindən istifadə olunmuşdur.

Tədqiqatçılar baş bəzəyindən istifadənin tarixini Tunc dövrünə – miladdan əvvəl IV minilliyin sonu-II minilliyə aid edirlər. Bu zamanın baş bəzəyi saç boruları, hörüklərin ucuna bərkitmək üçün istifadə olunan tunc çubuqlar, diskşəkilli asmalar, sancaqlar, dingələrdən ibarət olmuşdur. Arxeoloji qazıntılardan külli miqdarda belə bəzək əşyaları tapılmışdır. Miladdan əvvəl IV əsr və miladın I əsrini əhatə edən Qafqaz Albaniyasında təmtəraqlı tərtiblənən bəzək nümunələri yaradılmışdır. Antik Albaniya (I-VII əsrlər) baş bəzəklərində yeni bədii ifadə formaları yaranmış, mürəkkəb və ağır konstruksiya formalarından imtina edilmişdir. IX-XII əsrlərdə müsəlman dünyagörüşü, XIV-XVII əsrlərdə nəfis ornamentallığa meyl, XVIII-XIX əsrlərdə isə məmulatın forma və bəzəyinin növ çeşidliliyi, milli ornamentlərin meydana gəlməsi ümumi zərgərlik sənətində, eləcə də onun bir sahəsi olan baş bəzəklərinin istehsalında özünü qabarıq büruzə vermişdir. Azərbaycan zərgərlik sənəti milli ənənələr kontekstində inkişaf etməklə, ən qədim dövrlərdən zəmanəmizədək uzun bir inkişaf yolu keçmiş, bu sənətdə ənənəvi naxışla yanaşı, yeni bəzək dekorları və yeni-yeni baş bəzəyi nümunələri yaranmışdır.