AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tac

Nümunənin reyestr kodu : SD0303000015

Azərbaycanda tarixən baş bəzəklərinin çox zəngin tipoloji çeşidləri yaranmışdır. Bunların arasında ayrı-ayrı məhəlli zərgərlik mərkəzlərində müxtəlif adlarda zəmanəmizədək gəlib çatmış tac və ya çələng ən arxaik bəzək növü olmaq etibarı ilə diqqəti cəlb edir. Keçmişdə tac hakimiyyət rəmzi kimi, hökmdar libasının zəruri tərkib hissəsinə çevrilmişdir. Ənənə halını almış rəsmi qaydaya görə, hökmdar hakimiyyət taxtına çıxarkən, həm də hökm verən zaman onun başına mütləq tac qoyulmalı idi. Dairəvi formada möhkəm sağanağa malik çələngi xatırladan bu zinət tipinin bədii mahiyyətini nəzərə çarpdıran başlıca nəqş ünsürləri onun ön hissəsində cəmləşdirilirdi.

Orta əsrlərdə dövlət başçılarının hakimiyyət rəmzi olan tac XIX-XX əsrin əvvəllərində əsasən qadın toy-nişan geyim dəstinin mühüm elementinə çevrilmişdir. Ağır və bahalı zinət növü olmaq etibarı ilə tac, əsasən, ağa-bəy zümrəsindən olan varlı kübar və tacir-tüccar qadınlarının arasında dəbdə olmuşdur. Onu qiymətli metallardan (qızıl, gümüş) hazırlayır, alın hissədə üzərinə qiymətli daçlar, butaya və yarpağa bənzər nazik lövhələr, gül qönçəsi, üçbucaq və halqalar, toxuma və tumurcuğa bənzər döymələr bənd edirdilər. Sənətkarlar bu bəzəklərin sakral gücünə inanırdılar. Toxum, gül qönçəsi, yarpaq, tumurcuq məhsuldarlıq və baharın rəmzi hesab olunduğuna görə, onların tac üzərində öz əksini tapması ərə gedən xanıma övlad arzulamaq istəyindən irəli gəlirdi. Ona görə də tac əksər hallarda toy günü gəlinin başında olurdu.

Tacın qübbəsi minarə şəkilli düzəldilir, bura aypara və onun da içərisinə altıguşəli ulduz bərkidilirdi. Ayparanın aşağı dairəsinə bəndlənmiş zərif zəncirlərə kiçik halqalar asılırdı. Belə tacın XIX əsrə aid olan və kamil sənətkarlıq əsəri hesab olunan bir nümunəsi Qax rayonunun İlisu kəndindən əldə edilmişdir. Zaqatala tarix-diyarşünaslıq muzeyinin fondunda saxlanılmaqda olan tac dəbilqəni xatırladır. Daş-qaşla bəzədilmiş qızıl tacın əsas bəzək elementləri onun ön və yan tərəflərində cəmləşdirilmişdir. Ənənəvi zərgərlik sənətində bəzək dekorunun təkmilləşdirilməsi ənənəsi sonralar bu tipdən olan zinətlərin “alınlıq”, “qabaqlıq”, (Qərbi Azərbaycan), “çütqabağı” (Şirvan, Abşeron), “tülüqabağı” (Şəki), “alınlıq” (Naxçıvan), “araşqın” (Ordubad), “təsəkqabağı” (Lənkəran) və b. adlarda bəlli olan və müəyyən qədər məhəlli xüsusiyyət kəsb edən tipoloji çeşidlərinin yaranması ilə nəticələnmişdir. Tacdan fərqli olaraq, adları çəkilən baş bəzəkləri, əsasən, alının üstünü və gicgahları əhatə etdiyindən ya arxa tərəfdən qaytanla başa bağlanır, ya da ensiz parça, yaxud bafta üzərinə bəndedilərək çutqu və ya araqçının (təsəyin) ön hissəsinə bənd edilirdi. Şirvan və Abşeron qadınları, bir qayda olaraq, çutqabağını çutqunun önünə bənd edirdilər.

Tac orta əsrlərdə, adətən, hökmdarlıq rəmzi kimi kişilərə, baş bəzəyi kimi isə qadınlara məxsus olmuşdur. XIX əsrdən başlayaraq hökmdarlıq institutu ləğv olunandan sonra sırf qadın baş bəzəyi səciyyəsi daşımışdır. Tacın fərqliliyi onun hazırlanma materialında, üstünün bəzəyində və formasında olmuşdur. Orta əsrlərdə tac, həmçinin, ruhani geyimlərinə də əlavə edilmişdir. Xəlvətilik təriqətinin üzvləri müridliyə yeni girəndə xüsusi olaraq tacqoyma mərasimi keçirilərdi. Şeyx həzrətləri zikr təlqinindən sonra müridliyə qəbul edilənin başına tac və ya sarıq (çalma) sarıyır, əyninə isə xirqə geydirirdi. Bunun təsəvvüfdəki simvolik mənası şeyxin müridə bütün gözəl əxlaqları geyindirməsi anlamına gəlirdi. Belə tacda işarə və dilimlər (budaqlar) də olurdu ki, onların da hər birinin öz mənası vardı. Bu budaqlar 40-a qədər olurdu. İlk dəfə qirx budaqlı tacı, deyilənə görə, Seyid Yəhya Bakuvi icad etmişdi.

Hökmdarlıq rəmzi kimi tac eramızdan çox-çox əvvəllər – qədim dövlət başçılarının başında olmuşdur. Orta əsrlərdə artıq o, qadın baş bəzəyi kimi geyim dəstinə daxil edilmişdir. Nizaminin əsərlərində inci və tacın adının çəkilməsi, XVI əsrdə 7 növü olan qadın baş geyimləri içərisində tacın da olması, təbrizli Ağa Mirəkin XVI əsrdə çəkdiyi miniatürdə başına tac qoymuş qadının təsvirinin verilməsi bu geyimin tarixini uzaq keçmişə aparır. Hazırda tac öz adı ilə təkcə Şimal-Qərbi Azərbaycanda qalmışdır. Qazaxda o, “dingə”, Gəncə və Muğan bölgəsində “cığcığa” adı ilə xatırlanır. Zaqatalada yaşayan avarlar arasında tac “kekim” və ya “kekən” adlanır. Tac Orta Asiyada (Türkmənistanda, Xarəzdə) “təkyə-duzi” və “təxyi” adı ilə məlum idi. Tac, həmçinin, Dağıstan və Şimali Qafqaz xalqları arasında da dəbdə olmuşdur.