AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şəddə baş bağlaması

Nümunənin reyestr kodu : SD0302000017

“Şəddə” sözünün kökü “şətrənc”, “şadevərd”, yəni “şahmat” sözündən olduğu ehtimal edilir. Bu ad altında həm baş şalı, həm də yun, pambıq və ipəkdən əyrilmiş iplərdən toxunmuş toxuculuq məmulatı başa düşülür. Əvvəlcə bu toxuculuq məmulatından bəhs edək. Şəddənin strukturunu iki sistemli ip: əriş və arğac ipləri təşkil edir. “Keçirmə” texnikası ilə arğac ipləri ərişlərin arasından təkbir – çalkeçir keçir. Nəticədə şəddə həm əriş, həm də arğac üzlü olur. Şəddə bir-biri ilə birləşdirilmiş qırmızı, yaxud göy hissələrdən ibarət olur. Onu bəzən şahmatsayağı bəzəkli də toxuyurdular. Şəddənin üç əsas növü vardır: birrəngli – “Şal”; damalı – “Dama-dama şəddə” və məzmunlu “Zili şəddə” və “Dəvəli şəddə”lər.

Məişətdə şəddədən mərasim pərdələri və örtükləri – zillə şəddəsi kimi, sonralar isə qalın toxunan şəddədən döşənəcək, divar örtüsü, nazik və zərif toxunan şəddədən isə parça kimi qadın və kişilərin geyiminin hazırlanmasında, həmçinin də süfrə – qabaq süfrəsi kimi istifadə edilir. Keçmişdə şəddənin əsas istehsal mərkəzləri Qarabağ (Ağdam, Qubadlı, Cəbrayıl, Bərdə), Qazax, Naxçıvan, Cənubi Azərbaycan (Ərdəbil, Meşkin), Muğan və Göyçay olmuşdur. Azərbaycanda toxunan şəddələrin maraqlı adları olub: “Qədirqə”, “Bəy çadırı”, Qodu parçası”, “Dəvəli şəddə”, “Şətrənci”, “Qaraqoyunlu şəddəsi”, “Zili quşlu”, “Kəsməli şəddə” və s.

Şəddə baş bağlamasına gəldikdə isə bu cür baş bağlama üsulu məhəlli-lokal xarakter daşımış, Azərbaycanın Lənkəran-Astara bölgəsi üçün səciyyəvi olmuşdur. Belə ki, keçmişdə Lənkəranın dağ kəndlərində qadınlar başlarında “şəddə” qururmuşlar. Şəddə dörd ədəd müxtəlif rəngli yaylıqdan düzəldilirdi. Bunun üçün əvvəlcə kiçik ölçülü birinci yaylıq qıyqacı qatlanıb ortalama alının üstündə əllə tutulur, ikinci böyük ölçülü yaylıq onun üstündən çalmasayağı bağlanırdı. Həmin ölçüdə, lakin başqa rəngdə üçüncü yaylıq yenə də qıyqacı qatlanaraq, ortası alının üstünə düşməklə, ucları əvvəlki sayağı saçın altından qabağa qaytarılıb gətirilir və çal-çarpaz vəziyyətdə birinci çarpazın arxasında düyünlənirdi. Sonra onun ucları əvvəlki örpək qatlarının arasında gizlədilirdi. Ən nəhayət, axırda birinci yaylığın əldə saxlanılan uclarını geriyə döndərərək bəzəkli formada başın arxasında, saçların üstündə düyünləyirdilər. Bölgə əhalisi arasında bu tip bağlama geyim növü “şəddə” adlanırdı. Şəddənin sabit qalması üçün onun üstündən bir ucunda qarmaq, digər ucunda ilgək olan başbağı sarınıb bərkidilirdi. Daha sonra onların üstündən əlavə daha bir iri yaylıq örtülürdü. Belə mürəkkəb quruluşlu bağlama baş geyimlərindən fərqli olaraq, şəhər qadınları arasında başa iki yaylıq örtmək dəb halını almışdı. Hətta imkanlı ailələrdə alt yaylığını çox vaxt araqçın əvəz edirdi.

Azərbaycanda şəddə təyinatına görə ikili məqsədlə istifadə edilirdi. O, həm baş bağlaması, həm də şahmatsayağı və zolaqlı (üfiqi və horizontal) toxunan toxuculuq məmulatı olmuşdur.

Azərbaycanda xalça istehsalı eramızdan əvvəl meydana gəlsə də, xalçaçılığın müstəqil sənət sahəsi kimi inkişafı ilk orta əsrlərə təsadüf edir. Xovsuz xalça növü olan şəddənin yaranma tarixini də bu dövrdən götürmək olar. Baş bağlaması kimi şəddənin varlığı da eynilə bu dövrə təsadüf edir. Azərbaycanın qadın baş geyimlərini tədqiq edən Ə.Ə.İzmaylova və ingiloyların maddi mədəniyyətinin tədqiqatçısı A.N.Mustafayev yazırlar ki, şəddə baş bağlamasına bənzər baş bağlama qaydası Zaqatala bölgəsində, ingiloylar arasında, eləcə də Quba-Xaçmaz, Naxçıvan, Qarabağ və Şirvan bölgələrində də mövcud olmuş, ancaq şəddə baş bağlaması deyil, “çalma” və “çitmə” adlanmışdır. Belə baş bağlama qaydasına bənzər baş bağlamanın XV-XVII əsr miniatür sənəti nümunələrində də rast gəlinməsi onun tarixinin qədimliyinə bir sübutdur.