AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Əba

Nümunənin reyestr kodu : SD0304000025

Keçmişdə Azərbaycanda əba, qəba, çübbə, ərəbi don, kəyani don, xirqə kimi müxtəlif kişi üst geyimlərindən istifadə olunmuşdur. Sosial-mənsubiyyət baxımından din xadimlərinə məxsus olan bu geyimlər biçim üsuluna, materialına, rəng çalarına, geymə tərzinə görə digər kişi geyim kompleksindən əsaslı şəkildə fərqlənmişdir.

Azərbaycan ərazisinin müxtəlif vaxtlarda yadellilərin işğallarına məruz qalmasının xalq geyimlərinə də təsiri olmuşdur. Tədqiqatçılar qeyd edirlər ki, VII əsrdə ərəblər Azərbaycanı öz nüfuz dairəsinə saldıqdan sonra burada əba, qəba, əmmamə kimi ərəb geyimləri də yayılmağa başladı.

Enli formada biçilən əba çiyinə salınır və bürüncək kimi istifadə olunurdu. Geyinərkən hökmən əbanın altından nisbətən gödək biçimli qəba da geyinilirdi. Yüksək rütbəli ruhani dairələrinin əba və xirqələrinin çiyini, qolları, yaxası və ətəkləri qızılı-güləbətini saplarla bəzədilirdi. Əbar qara, şabalıdı, tünd göy rəngdə olsa da, başlıca olaraq qara rəngdə olan əbaya üstünlük verilirdi.

Təbrizdə dəvə yunundan toxunan əba qolsuz, yaxası açıq, uzun ətəkli və əsasən qara rəngli üst geyimi idi. Qış əbasının hazırlanması üçün əl dəzgahında toxunan xüsusi qalın parçadan istifadə edilirdi. Əbalıq parçanın materialı zərif dəvə yunundan (bel hissəsinin xovundan) uzunluğu 6 m, eni isə 75-dən 90 sm-dək olurdu. Parça toxunduqdan sonra sıx qalmaqdan ötrü onu qıcqırdılmış şirə və ya doşaba batırır, sonra günün altında qurudurdular. Quru halda dabandaşı ilə üstündən möhkəmcə sürtür, xovunu apararaq hamarlayırdılar. Yay əbası isə hazır parçalardan tikilirdi.

İranda ilk dəfə Zəndlər sülaləsi dövründən istifadə edilən əba XIX əsrin əvvəllərində artıq bədəndə kip oturulan tərzdə biçilib tikilirdi. Bu dövrdə üzərində xətlər gedən parçadan tikilən “moxəttər” adlı əbalar dəbə düşmüşdür. Bundan əlavə, “morabbegi” adlı qısa əbalar da vardı. Əbadan səfərdə olarkən yatacaq, mütəkkə, boğça və süfrə kimi də istifadə edilirdi.

Əbalar rənginə, parça materialına, ətək quruluşuna (qısa ətək və uzun ətək), tikiş texologiyasına görə bir-birindən seçilirdi. Ruhani geyimi kimi istifadə olunan əba həm də qış və yay əbası kimi təsnif olunurdu.

Əba geyim növü kimi VII əsrdən – ərəblərin Azərbaycana gəlişi ilə yayılmağa başlamışdır. Ruhani geyimlərinə daxil olan əba bütün Orta Şərqdə, xüsusilə də Ərəbistanda geniş yayılmışdır. O, dar bir sosial arenada – din xadimləri arasında məlum idi. Belə ki, bu geyim növü Təbrizdə, eləcə də Şimali Azərbaycanda dini təhsil alan tələbələr, mollalar istisna olmaqla, kütlə arasında o qədər də dəbdə deyildi. Sənətşünas S.Sadıxova orta əsrlərin son dövrünə aid miniatürlər əsasında qeyd edir ki, ruhanilərin geydikləri libasın qolu o qədər uzun idi ki, onların əli geyimin qollarının içərisində qalırdı. Bu o deməkdir ki, ruhanilər özlərini bütünlüklə dinə həsr etdiklərindən, bu dunyanın işləri ilə qətiyyən məşğul olmurdular. XV əsrin miniatürçü-rəssamı Qasım Əlinin “Mistiklər bağda” adlı əsərində də bunu görürük. Din xadimləri başlarında ağ çalma, əyinlərində yaxası açıq uzun əba, əllərində kitab bağda görünür, xalça üzərində oturub söhbət edirlər.

Qiymətli daş-qaşları və bəzəkləri olan əbalar həm də dəyərli miras kimi nəsildən-nəsilə ötürülürdü. Belə geyimlər hətta yüksək rütbəli şəxslər tərəfindən hörmət rəmzi kimi hədiyyə verilirdi. Məsələn, Mirzə Əlinin 1539-1543-cü illərdə Nizaminin “Xəmsə”sinə işlədiyi miniatürdə göstərilir ki, şah, məşhur orta əsr musiqiçisi Barbədə çaldığı əsərə görə qiymətli daş-qaşlarla bəzədilmiş əba hədiyyə edir. XVI əsrə aid müqəddəs imamları təsvir edən başqa bir miniatürdə isə personajlar ucu aşağı sallanan ağ çalma qoymuş, beldən qurşaqla bağlanan qara əba geyinmişlər, əbanın altından uzun, ağ rəngli don görünür. Səfəvi şahı Məhəmməd Xudabəndənin 1583-cü ildə Sultan Murada göndərdiyi əba güləbətin tikməli məxmər parçadan hazırlanmışdır.

XVI-XVIII əsrlərdə kişilər üstdən çuxa ilə yanaşı enli uzun qollu əbalar geyərdilər. XIX-XX əsrin əvvəllərində isə əba xalq kütlələri içərisində deyil, yalnız din adamlarının geyim dəstində qalmışdır.