AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şəhər

Nümunənin reyestr kodu : DA0204000008

Azərbaycanın ənənəvi yaşayış məskənlərindən bəhs edərkən şəhər tipli məskənlər xüsusi qeyd edilməlidir. Vaxtilə salınan Azərbaycan şəhərləri ərazisinin funksional mənalarına görə “ərk” (İç qala, Narın qala), “şəhristan” (əsilzadələrin yaşadığı hissə) və “rabat” (sənətkarlıq və ticarət hissəsi) adlı üç müxtəlif bölmədən ibarət idi. Hakimin sarayı və başqa əsas rəsmi inzibati binalar, eləcə də onlar üçün ayrılmış sahələr vahid planlaşdırma kompleksi şəklində istehkam divarları ilə əhatə olunmuş ərazidə yerləşdirilərək şəhərin ərk hissəsini təşkil edirdi. Şəhristan, adətən, həm müdafiə, həm də xarici görkəm baxımından şəhərin əhəmiyyətli və gözəgəlimli sahəsində yerləşirdi. Yaşayış, ticarət və sənətkarlara məxsus binalarının yerləşdiyi şəhərin rabat bölməsi mürəkkəb və qarışıq küçə şəbəkəsi ilə, onun struktur vahidini təşkil edən ayrı-ayrı müxtəlif biçimli və formalı sektorlara bölünməsi ilə diqqəti cəlb edirdi. Ticarət və istehsalata məxsus binalar rabatın daxilində, ya böyük bir bazar meydançasının ətrafında, ya da əsas küçələrdən birinin boyunca vahid planlı kompleks kimi yerləşdirilərək şəhərin ticarət-istehsalat bölməsini təşkil edirdi. Rabatın bazarlar, sənətkar emalatxanaları məhəllələri çarşı və dalanlar, iri şəhərlərdə karvansaralar xırda, əyri-üyrü küçələrlə əhatələnərək döngə və dalanlar vasitəsilə yaşayış sahəsi ilə əlаqələnirdi. Belə dar küçələrdə hərəkəti nizamlamaq üçün evlərin döngəyə açılan küncləri oval formada hörülürdü.

Azərbaycanın şəhər tipli yaşayış məskənlərinin digər cəhətlərindən biri də onların ayrı-ayrı məhəllələrdən ibarət olmasıdır. Əhalinin müxtəlif ictimai təbəqəyə və sosial-iqtisadi mövqeyə mənsub qruplarının ayrı-ayrı məhəllələrdə məskunlaşması yalnız Azərbaycanda deyil, bütün Şərq ölkələrində şəhərsalma işində bir ənənə kimi təzahür edərək uzun müddət davam etmişdir. Əhalinin ictimai istehsalatdakı mövqeyi və mənsub olduğu tayfanın bu və ya başqa əlamətlərindən asılı olaraq məhəllələr müxtəlif adlar daşıyırdı. Məsələn, köhnə Şamaxı Ərəblər, Ərdəbilli, Dərəməhlə, Cidaməhəllə, İmamlı, Ağçılar, Şeyx Zahirli, Şeyx Namaz, Sarıtorpaqlı, Şatırlı, Yuxarı qala; Gəncə Ozanlar, Bağbanlar, Zərrabi, Toyuqçular və s.; Şəki Şərbaflar, Dəbbaqlar, Əfqanlar, Yuxarı baş, Gəncəli, Paydımlı, Çayqırax, Dulusçular; Ordubad Yuxarı Ambaras, Aşağı Ambaras, Kürdətal, Mingiz, Sərşəhər, Xüştürləng, Əngəc kimi məhəllələrə bölünmüşdür. Məhəllələr ayrı-ayrılıqda şəhərin bir və ya bir neçə bölməsini əhatə edirdi. Əhalinin rahatlığı üçün hər məhəllədə məscid, hamam, mədrəsə və b. ictimai və dini səciyyəli binalar inşa edilirdi.

Azərbaycanın şəhər tipli yaşayış məskənlərinin əsas xarakterik xüsusiyyətlərindən biri də evlərin fasadının həyətə tərəf istiqamətləndirilməsidir. Ailə məişətinin spesifikası ilə bağlı olan belə planlaşdırma keçmişdə bütün müsəlman Şərqində mövcud idi. Lakin sonralar bu cəhətlər aradan qaldırılmış, şəhər tipli yaşayış məskənlərinin inkişafında yeni memarlıq elementləri (küçəyə açılan pəncərə və eyvanlar, milli ornamentlərlə bəzədilmiş geniş darvaza və alaqapılar və s.) meydana gəlmişdir.

Keçmiddə şəhərlər əsas (mərkəzi) şəhərlər və əyalət (kiçik) şəhərlər olması ilə bir-birindən fərqlənirdilər. Mərkəzi şəhərlərdə ərazinin funksional bölgüsü (ərk, şəhristan, rabat) olsa da, kiçik şəhərlərdə bu müşahidə olunmurdu.

Araşdırıcıların qənaətinə görə, Azərbaycan ərazisində ilkin şəhər mədəniyyətinin təşəkkülü Orta Tunc dövrünə (miladdan əvvəl II minilliyin birinci yarısı) təsadüf edir. Bu dövrdə yaşayış məskənlərinin ərazisi daha geniş sahəni əhatə etməyə başlayır. Məsələn, Çinartəpə (7 ha), 2-ci Kültəpə (10 ha), Oğlanqala (40 ha) və s. Tarixi məlumatlar Azərbaycanda şəhər tipli ilk yaşayış məskənlərinin miladdan əvvəl II minilliyin sonu-I minilliyin əvvəllərində meydana gəldiyini təsdiq edir. Manna, Atropatena, Albaniya şəhərləri karvan-ticarət yolları üzərində yerləşməklə, şəhər məişət tərzinin bütün göstəricilərinə tam cavab vermişdir. Azərbaycanın feodal tipli şəhərləri sırasında əsas yer tutan Bakı, Təbriz, Ərdəbil, Marağa, Şamaxı, Gəncə, Naxçıvan, Bərdə, Dərbənd, Qəbələ, Beyləqan, Şabran, Şuşa, Şəki və s. yaşayış məskənlərinin yerli sosial-iqtisadi inkişafdakı rolunun müxtəlifliyinə baxmayaraq, onların memarlıq-planlaşdırma quruluşlarında bir sıra ümumi cəhətlər olmuşdur. Hazırda mövcud olan Azərbaycan şəhərlərində funksional bölgü olmasa da, onlar sözügedən ənənəni XIX əsrin sonu-XX əsrin əvvəllərinə kimi qoruyub saxlamışdılar.