AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Minarə

Nümunənin reyestr kodu : DA0204000015

Minarə – namaz vaxtının gəldiyini bildirmək üçün müəzzinin çıxıb azan çəkdiyi, bir və yaxud bir neçə şərəfəli (eyvanlı), daşdan hörülən yüksək və incə tikiliyə deyilir. Minarə, adətən, məscidlərin küncündə (künclərində) inşa edilir, uzun qülləvari görkəmi ilə fərqlənirdi. Azan səsinin uzaqlara yayılması, bəzi hallarda isə işıqlandırma vasitəsi kimi istifadə edilirdi. Minarə ərəb dilindən “mayak” kimi tərcümə edilir. Belə ki, keçmişdə dəniz (okean) sahilində yerləşən şəhərlərin minarələrinin zirvəsində işıq yandırılırdı ki, gəmilər uzaqdan şəhərin istiqamətini təyin edə bilsinlər.

Şərq memarlığı tarixində orijinallığı ilə seçilən bənzərsiz memarlıq abidələrindən olan məscidlərin ya yanında, ya da ona bitişik şəkildə tikilən minarə özünün memarlıq-kompozisiya quruluşuna görə fərqlənirdi. Əksər müsəlman ölkələrində (Misir, İran, İraq, Mərkəzi və Orta Asiya, Ön Asiya və b.), o cümlədən Azərbaycanda kərpicdən hörgü naxışları olan, bədii oyma, şirli keramika ilə bəzədilmiş hündür, yuxarıya doğru getdikcə daralan, dairəvi və yaxud, çoxüzlü minarələr məscidlərin memarlıq görkəmini tamamlayan baxımlı qüllələr olmaqla, daha çox əməli əhəmiyyətinə görə inşa edilirdi. Qeyd edək ki, minarələrinin quruluşuna görə Şimali Afrika, Suriya və Türkiyə məscidləri bir-birindən fərqlənirdi. Belə ki, Şimali Afrika ölkələrində və Suriyada məscid minarələri kvadrat şəkilli, Türkiyədə isə onlar çoxüzlü, incə gövdəli və iynəvari ucluqlu minarələr kimi inşa edilmişdir. Adətən, hər bir minarənin şərəfə hissəsinə çıxmaq üçün ya onun xaricində spiralvari planda qurulmuş pilləkandan, ya da qüllənin öz daxilində yenə də dolama (spiralvari) düzəldilmiş pilləkandan istifadə olunurdu. Hündürlüyündən asılı olaraq minarələrdə 3-ə qədər şərəfə (eyvan) inşa etmək olurdu. Artıq son dövrlərdə inşa olunan məscidlərin minarələrinə qalxmaq üçün qüllə daxilində qurulmuş lift müəzzinlərin işini bir qədər yüngülləşdirmişdir.

Məscid minarələri bəzən “yellənən minarə” kimi inşa edilirdi ki, bu da Şərq memarlığının dünyaya bəxş etdiyi möcüzələrdən biri hesab olunur. Bunlardan biri – İsfahan şəhərindən 7 km aralı, Kardalan qəsəbəsində yerləşən məscid XIV əsrin əvvəllərində Elxanilər dövründə ucaldılsa da, minarəsiz olmuş, onun qoşa minarələri Səfəvilər dövründə – Şeyx Bəhai ləqəbli Bəhaüddin Məhəmməd ibn Hüseyn Amulinin (1547-1621) layihəsi əsasında inşa olunmuşdur. Minarələrin hündürlüyü yerdən 17 metrdir. Minarələr 4 əsrdir ki, yellənməkdə davam edir. Minarənin yuxarı hissəsində bir nəfərin zorla yerləşdiyi kiçik, dairəvi meydança qurulub. Buradakı divara əl tutmaq üçün dəstək bərkidilib. Meydançada dayanan şəxs həmin dəstəkdən tutaraq güclü təkanla minarəni itələdikcə, hər iki minarə eyni vaxtda hərəkətə gələrək yırğalanır. Minarənin hərəkətinin daha qabarıq müşahidə olunması üçün gövdəsindən zınqırovlar asılıb. Minarələr hərəkətə gələndə zınqırovlar tərpənib səs salır.

Məscidlərin həcmindən asılı olaraq onun memarlıq kompozisiyasını tamamlayan minarələrin sayı da müxtəlif olur. Belə ki, kiçik məscidlərdə adətən bir minarə olur. Daha monumental məscidlərin minarələri qoşa olaraq ucaldılır. Minarə memarlığı tarixində çox minarəli məscidlər də inşa olunmuşdur. İstanbuldakı Sultan Əhməd camesində minarələrin sayı 4-dən 6-ya qədər dəyişir. Mədinədəki Peyğəmbər məscidində isə 10 minarə inşa olunmuşdur. Minarələr hündürlüklərinə görə də bir-birindən seçilirlər. “Minarələr şəhəri” Buxaradakı monumental Kolon minarəsinin hündürlüyü 46 metrdir. 1227-ci ildə Qaraxanilər dövründə tikilən minarəni, rəvayətə görə, məşhur Çingiz xan ziyarət etmişdir. Türkiyənin Ədirnə şəhərində türk memarı Sinanın lahiyələndirdiyi minarənin hündürlüyü 80 metr olub, 3 şərəfəli və 3 dolama pilləkanlıdır. Dünyanın ən hündür minarəsi isə Mərakeşin Kasablanka şəhərindədir. Atlantik okeanının sahilində tikilmiş və Mərakeş kralı II Həsənin adı ilə adlandırılmış məscidin dördbucaqlı en kəsiyinə malik minarəsinin hündürlüyü 200 metrdir. Azərbaycanda da tikilən məscidlərin minarələrinin sayı müxtəlifdir. Belə ki, Əjdərbəy, Təzəpir, Bibiheybət, Bəylər, İçərişəhərdəki Cümə, Hacı Cavad məscidləri bir minarəli, Murtuza Muxtarov, Şəhidlər məscidləri iki minarəli, Nardaran məscidi 3 minarəli, yeni inşa edilmiş Heydər məscidi isə dörd minarəlidir.

Məscid minarəsi quruluş (inşa) planına (kərpicdən hörgü naxışları olan, bədii oyma, şirli keramika ilə bəzədilmiş hündür, yuxarıya doğru getdikcə daralan, dairəvi, kvadrat və yaxud, çoxüzlü), şərəfələrinin və qüllələrin sayına, eləcə də hündürlük baxımından müxtəlifliyinə görə təsnif edilir.

Minarəli məscidlər VII əsrin ikinci yarısında – İslam dininin geniş yayılması ilə meydana gəlmişdir. İslamın ilk dövrlərində minarələr olmamışdır. Azan verən şəxs məscidin damından istifadə etmişdir. Bəzi məlumatlara görə, ilk dəfə Misir valisi Məsləmə ibn Müxəlləd (vəfatı 682-ci il) Fustatdakı (köhnə Qahirə) Əmr ibn As camesinin hər küncündə bir minarə tikdirmişdir. O vaxtdan bəri, Azərbaycan da daxil olmaqla, bütün müsəlman ölkələrində İslam dininin təbliği, dini qaydalara əməl olunması üçün məscidlər tikilmiş, azançıların əhalini azana çağırmaq yeri olan minarə də inşa olunmuşdur.

.