AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Rəssam

Nümunənin reyestr kodu : DA0104000066

Azərbaycan klassik rəssamlığının tarixi Orta əsrlərə gedib çıxır. Hələ XIII əsrdən inkişaf edən miniatür sənəti klassik rəssamlıq sənətinin möhtəşəm nümunələrindəndir. XV əsrin ikinci yarısında rəssamlar, kitab sənəti ustaları Təbriz və Şamaxıdakı saray kitabxanasında cəmləşmişdilər. XV əsrdə Təbriz məktəbinin təsiri altında Azərbaycanın digər inzibati mərkəzlərində də miniatur rəssamlığı inkişaf edirdi. Saray kitabxanasının nəzdindəki emalatxanada dövrün ən görkəmli xəttat və rəssamları – Sultan Məhəmməd, Mirzə Əli və Məhəmmədi, Mir Müsəvvir və oğlu Mir Seyid Əli, Müzəffər Əli, Sadıq bəy Əfşar, Şah Mahmud Nişapuri, Dust Məhəmməd və bir çox başqa sənətkarlar fəaliyyət göstərirdilər.

Təbriz məktəbinin simasında 1530-1540-cı illərdə Şərq miniatür sənəti ən yüksək inkişaf mərhələsinə çatmışdır. Mirzə Əli Təbrizinin “Hindistan elçilərinin qəbulu”, Müzəffər Əlinin ov və döyüş səhnələri, Mir Seyid Əlinin saray məclisləri təsvir olunan əsərləri, Sultan Məhəmmədin “Sultan Səncər və qarı”, “Şirin çimərkən Xosrovun ona tamaşa etməsi”, “Məhəmməd Peyğəmbərin meracı”, Mir Müsəvvirin “Ənuşirəvan və bayquşların söhbəti”, Mir Seyid Əlinin “Dilənçi qarının Məcnunu Leylinin yanına gətirməsi” və s. əsərlər Şərq miniatür sənətinin zirvəsini təşkil edir.

XIX yüzillik Azərbaycan mədəniyyətinin ən zəngin və parlaq səhifələrindən biridir. Azərbaycanın təsviri sənətində realist meyillərin inkişafı o zamankı rəssamlığımızın ən görkəmli nümayəndələrindən sayılan M.Q.İrəvani, M.M.Nəvvab, X.Natəvan və başqalarının yaradıcılığında əksini tapmışdır.

XIX yüzillikdə sənətşünaslıq elmində “Qacar üslubu” yayılmışdır. Bu bədii üslub XVIII yüzillikdə İran və Azərbaycanda Avropa boyakarlığının təsiri nəticəsində yaranmışdır. Belə əsərlərə uğurlu misal olaraq, Əbdülqasım Təbrizinin (“Tarzən Münəvvər Şirazi”, “Kamança çalan qız”, “Dəf çalan qız”), Urmulu Məhəmməd Həsənxan Əfşarın (“Oturmuş qadın”, 1873) portretlərini göstərmək olar. Təbrizli rəssam Mirzə Məhəmmədxan Kəmal-ül Mülk Qafari (1847-1941) Avropa rəssamlıq təhsili görmüş sənətkar olmuşdur. O, Parisdə Kanavel adlı bir fransız rəssamın yanında bir müddət işləmiş, məşhur fransız rəssamı Fanten Latur və onun şagirdləri ilə Luvr muzeyində klassik incəsənət nümunələrini öyrənmişdir.

XX əsrin əvvəllərində Azərbaycan təsviri sənətinin inkişafında yeni professional növ və janrların təşəkkülü prosesi genişlənmiş, satirik qrafika və dəzgah rəngkarlığı nümunələri yaranmışdır. Bu sahədə ilk addımlar satirik qrafikanın ustası Əzim Əzimzadə (1880-1943), Bəhruz Kəngərli, mənzərə, portret və məişət lövhələri yaratmış Əli bəy Hüseynzadə və Abbas Hüseynin adları ilə bağlıdır. Təsviri sənətdə siyasi plakat, karikatura, illüstrasiya kimi qrafika janrlarının təşəkkülündə xalq rəssamı Ə.Əzimzadə böyük rol oynamışdır. Rəssamın xüsusilə “Molla Nəsrəddin” jurnalında dərc olunan satirik rəsmləri və karikaturaları üçün ictimai kəsərlilik, aktuallıq səciyyəvidir.

Azərbaycan çağdaş rəngkarlığının ilk addımları XX əsrin 20-ci illərinin ortalarına təsadüf edir, bu dövrdə Azərbaycan Gənc Rəssamlar Cəmiyyətinin və Azərbaycan İnqilabi Təsviri İncəsənət İşçiləri Cəmiyyətinin böyük rolu olmuşdur. Salam Salamzadənin, Qəzənfər Xaliqovun, Ələkbər Rzaquluyevin milli özünəməxsusluğa malik şərti-dekorativ üslubu “Gəncə toxucu fabrikinin sap sexi”, “Qadınlar şöbəsi”, “Azərbaycan qadını”, Tağı Tağıyevin “Pambıq təhvili məntəqəsi”, Sadıq Şərifzadənin “Üzüm yığımı” tablolarında öz ifadəsini tapmışdır. M.Abdullayev, B.Mirzəzadə, Sadıq Şərifzadə, Kamil Xanlarov, Əlibaba Kazımov, O.Sadıqzadə və başqaları batal və məişət süjetlərinə müraciət etmişlər.

XX əsrin ortalarından başlayaraq Azərbaycan qrafikasının inkişafında ali peşəkar təhsil almış istedadlı rəssamlar – Elmira Şahtaxtinskaya, Yusif Hüseynov, Rasim Babayev, Altay Hacıyev, Elçin Aslan, Nazim Babayev və başqaları fəal rol oynamışlar.

XX əsrin 70-80-ci illərində Elçin Aslanov, Sənan Qurbanov, Nazim Babayev, Elçin Məmmədov kimi rəssamlar miniatür, stilizə üslubunda illüstrasiyalar və dəzgah rəsmləri yaratmış və illüstrasiya janrlarında fəal çalışan Arif Hüseynov, Adil Rüstəmov, Arif Ələsgərov və başqaları dəzgah qrafikasını inkişaf etdirmişlər.

XX əsrin sonu-XXI əsrdə Azərbaycan Dövlət İncəsənət Muzeyində, S.Bəhlulzadə adına Şəkil Qalereyasında, Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına salonunda, Miniatür Mərkəzində, Bakı İncəsənət Mərkəzində sərgiləri təşkil edilmiş, Azərbaycan təsviri incəsənətinin nümünələri Nyu-York, London, İstanbul, Paris, Vaşinqton, London, Ankara, Moskvada və s. sərgilərdə nümayiş olunmuşdur.