AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dulusçu

Nümunənin reyestr kodu : DA0104000029

Dulusçu əl və ayaq çarxında gil məmulatından müxtəlif formalı qabların hazırlanması ilə məşğul olan qədim peşə sahiblərindən biridir. Azərbaycan ərazisinin zəngin gil yataqları və ucuz odun ehtiyatına malik olması, əhalinin məişətində dulus məmulatlarına zəruri tələbat, sənətkarlıq təcrübəsi saxsı məmulatı istehsalının uzun müddət davam etdirilməsində başlıca rol oynamış, öz növbəsində, dulusçu peşəsinin inkişafına gətirib çıxarmışdır. Qədimdən dulusçular təsərrüfat küpləri, su qabları, süd-ağartı məhsulları üçün nəzərdə tutulan qablar, xörək qabları, qızdırıcı və işıqlandırma vasitələri (gil manqallar, kürələr, durna çıraqları, gil çıraqlar və s.) hazırlamışlar.

Dulusçuluğun özünəməxsus istehsal texnikası vardır. Bu alətlər arasında başlıca yeri dulus çarxı tutur. Bu alətin, əl çarxı və ayaq çarxı olmaqla, iki növün vardır. Dulusçular əl çarxının “qəlib” və ya sadəcə “çarx” adlanan bəsit formasından istifadə etmişlər. Əl çarxı vasitəsilə saxsı qabların istehsalı ilə əsasən dulusçu qadınlar məşğul olmuşlar. Yuvarlaq şəkildə olan əl çarxının üst səthi hamar, alt üzü şiş formada çıxıntıya malikdir. Əl çarxının mərkəz çıxıntısı onu fırlatmaq üçün ox rolunu oynamışdır. Ayaq çarxında da həmin elementlər inkişaf etmiş formada təkrarlanır.

Arxeoloji abidələrdən aşkar olunmuş saxsı məmulatları üzərindəki simmetrik cizgilərə əsasən, demək olar ki, Azərbaycanda m.ə. IV minillikdə sürətlə fırlanan ayaq çarxından istifadə edilmişdir. Ayaq dulus çarxının kəşfi dulusçuluqda kişi əməyinin rolunu əhəmiyyətli şəkildə artırmışdır. Sürətlə fırlanan ayaq çarxı dulusçuluq sənətində əsaslı dönüş yaratmış, qısa müddət ərzində kütləvi surətdə simmetrik və zərif qablar istehsal etməyə imkan vermişdir.

Dulusçuluqda ayaq çarxının, yastı və konusvarı olmaqla, iki forması yayılmışdır. Dulus ustaları iş prosesində ağacdan düzəldilmiş üçbucaqlı, düzbucaqlı və trapesiya formalı xüsusi dulus bıçağından istifadə etmişlər. Dulusçular hündür qabların dibini hamarlamaq üçün tranc, darboğazlı qabların boğazını formalaşdırmaq üçün qarğı çilik, hamarlama və bəzək tərtibatında satıl, iy, lələk, qaraqulaq tikanı və başqa əmək alətləri işlətmişlər.

Dulus məmulatının hər birinin özünəməxsus bəzək növü olmuşdur. İri küplərdə oyma, basma və yapma naxışlar üstünlük təşkil etdiyi halda, xırda qablarda cızma naxışlar və boyalı rəsmlər geniş yer tuturdu. Dulusçular gil məmulatının bir qismini təndir və dulus kürələrində bişirmişdir. “Dəm” adlanan açıq tipli kürə növü Lənkəran bölgəsində qeydə alınmışdır. Dulus kürələrinin, dairəvi və düzbucaqlı olmaqla, iki növünə təsadüf olunur. Azərbaycanda dulusçuluq mərkəzlərində dairəvi planda tikilmiş kürələr üstünlük təşkil edirdi. Belə kürələr Şəki, Küsnət, Gəncə, Yenikənd, İspik və Ərkivanda yayılmışdı.

Azərbaycanın dulus ustaları müxtəlif növ gil məmulatı: su qabları, təsərrüfat küpləri, xörək qabları, çıraqlar, qızdırıcı vasitələr, su təchizatı vasitələri istehsal etmişlər.

Azərbaycanda sənətkarlığın ən qədim sahələrindən biri olan dulusçuluq Neolit dövrünün mühüm nailiyyətlərindən sayılır. Miladdan əvvəl VIII minilliyin sonu-VI minilliyin ortalarını əhatə edən Neolit (Yeni daş) dövründə toxuma, hörmə və dulusçuluq sənətinin meydana gələrək inkişaf etməsi yeni məişət qablarının xalqın gündəlik həyatına daxil olmasını şərtləndirdi.

Eneolit dövründə dulusçuluq daha da inkişaf etmiş və əsas sənət növlərdən birinə çevrilmişdir. Bu dövrün saxsı məmulatı tip və forma zənginliyi ilə seçilir. Bu dövrdən etibarən saxsı qabların üzərinə naxış çəkilmiş və şüyrələnmişdir. Dulus məmulatı Tunc dövründə kütləvi şəkildə istehsal edilməyə başlamışdır. Boyalı qablar istehsalının (qırmızı, sarımtıl, boz və qara rəngli) geniş yayılması, ornament zənginliyi bu dövrdə daha da inkişaf etmişdir. Dəmir dövründə yeni təsərrüfat sahələrinin yaranması ilə əlaqədar saxsı qablara tələbat xeyli artmış, dulusçuluğun sənət səviyyəsinə yüksəlməsi nəticəsində onunla qadınlara nisbətən kişilər daha çox məşğul olmağa başlamışlar.Gil məmulatının böyük əksəriyyəti bu dövrdən etibarən dulus çarxında hazırlanmışdır.

Azərbaycanda feodalizm dövründə dulusçuluq sənəti daha da inkişaf etmiş və zənginləşmişdi, orta əsrlərdə şirli qablar istehsalına başlanmışdı. Dulusçuluq peşəsi özünün əməli əhəmiyyətini XIX əsr və XX əsrin ortalarında da saxlamışdır. XIX-XX yüzilliyin əvvəllərində dulusçuluq sənətinin, xüsusilə də onun məişət qabları istehsalı sahəsinin başlıca mərkəzləri Gəncə, Ərdəbil, Quba, Təbriz, Lənkəran, Göyçay, Cəbrayıl, Şamaxı, Naxçıvan, Şəki, Bakı şəhərləri olmuşdur.