Memarlıq və İncəsənət İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu unikal, çoxsahəli elmi-tədqiqat qurumudur. Onun əsas tədqiqat istiqaməti Azərbaycan memarlıq və incəsənəti tarixi və nəzəri olaraq bütün istiqamətlərdə araşdırmaqdır. Tədqiq edilən problemlərə müvafiq olaraq İnstitutun hazırkı strukturu 9 şöbədən ibarətdir. Hər şöbə İnstitutun ümumi problemləri çərçivəsində öz istiqamətinə malikdir.
1990-cı illərdən etibarən AMEA Memarlıq və İncəsənət İnstitutunun və bütövlükdə Azərbaycan sənətşünaslığının keyfiyyətcə yeni inkişaf mərhələsi başlayır. Cəsarətlə demək olar ki, müstəqillik illərində sənətşünaslığın məqsəd və vəzifələri, onun öncül istiqamətləri köklü sürətdə dəyişir. Sovet dövründən fərqli olaraq, sənətşünaslıq Azərbaycan ərazisində yerləşən sənət abidələri deyil, məhz Azərbaycanlıların bədii mədəniyyəti, onların bədii təfəkkürü, xalqımıza xas olan estetik proqramları və Azərbaycan incəsənətinin təkrarolunmaz milli xüsusiyyətlərinin öyrənilməsinə istiqamətlənir. Eyni zamanda ölkə sənətşünas-alimləri diqqət mərkəzinə Azərbaycan incəsənətinin qonşu və uzaq xalqları bədii mədəniyyəti ilə qarşılıqlı əlaqələri, eləcə də sənətimizin dünya informasiya məkanına inteqrasiya olunması problemləri də daxil olur.
Azərbaycanlıların dünyagörüşünə və Azərbaycan ictimai fikrində baş vermiş dəyişikliklər ilk növbədə AMEA Memarlıq və İncəsənət İnstitutunun təşkilatı strukturunda və elmi-tədqiqat işlərinin problem, mövzu və metodologiyasında öz əksini tapır. Hələ 1990-cı illərin əvvələrində burada yeni elmi-tədqiqat şöbələri təşkil olunur. «İncəsənətin qarşılıqlı əlaqələri» (1990) və «Estetika və informasiya mədəniyyəti» (1994) şöbələrinin yaranması İnstitutda nəzəri və metodoloji tədqiqatların nisbi çəkisinin yüksəlməsinə, onların problem dairəsinin genişlənməsinə səbəb olmuşdur. Demək olar ki, müstəqillik illərində İnstitutun strukturunun təkmilləşdirilməsi prosesi mütəmadi xarakter daşıyır. 2005-ci ildə İnstitutun şöbələrdən birinin istiqaməti dəyişdirilir və onun bazasında «Heraldika və dizayn» şöbəsi təşkil olunur. Bu baxımdan İnstitutun tarixində 2010-cu il də əlamətdar olmuşdur. Vaxtilə qrup hüququnda fəaliyyət göstərmiş «Memarlıq abidələri qorunması və bərpa problemləri» tədqiqatçılıq kollektivinə şöbə statusu verilir. İlin axırında isə «Qafqaz Albaniyası incəsənəti və memarlığı» şöbəsinin yaradılması haqqında qərar qəbul olunur.
Müstəqillik illərində İnstitutun beynəlxalq fəaliyyəti güclənir. Son iyirmi ildə burada «Yaxın və Orta Şərq memarlığı və incəsənəti» (1992), «Böyük İpək yolu: Avrasiya mədəniyyətləri dialoqu» (2002), «Azərbaycan xalçası və xalq tətbiqi sənəti» (2003), «İnformasiya mədəniyyəti problemləri» (2004), «Avrasiya informasiya mədəniyyəti» (2009), «Fəlsəfə və sənətşünaslıq: fənlərarası qarşılıqlı əlaqələrinin metodologiyası» (2010), «Tarixi-mədəni irsin qorunması və təbliği problemləri» (2010) beynəlxalq elmi konfransları keçirilmişdir.
Ənənəvi olaraq, İnstitut MDB ölkələri elmi mərkəzləri ilə fəal əməkdaşlıq edir. Müstəqillik illərində bu əməkdaşlıq beynəlxalq hüquqi normalara əsasən qurulur. Hazırda İnstitutun Rusiya Dövlət Sənətşünaslıq İnstitutu və Özbəkistan Rəssamlıq Akademiyası ilə beynəlxalq elmi əməkdaşlıq haqqında müqavilələri mövcuddur.