Həkkak
Nümunənin reyestr kodu : DA0104000034
Ənənəvi sənət sahələrinin ən qədimi olan daşişləmə sənəti müasir dövrə gəlib çatanadək əsaslı dəyişikliyə məruz qalmışdır. Tarixin gedişində daşişləmə sənəti daxilində baş verən ixtisaslaşma ayrıca peşə sahələrinin ortaya çıxmasına gətirib çıxarmışdır. Dəmirin kəşfindən sonra ənənəvi daşişləmə sənətinin ən geniş yayılmış sahələrindən biri daşyonma, xüsusilə daş üzərində oyma sənəti olmuşdur.
Azərbaycanda feodal münasibətlərinin möhkəmləndiyi dövrdə varlı zümrələrin nüfuzunun daha da güclənməsi bir sıra sənət sahələrinin, o cümlədən daş üzərində dekorativ oyma sənətinin inkişafına xeyli təkan vermişdir. Hakim feodal təbəqələri əhalinin aşağı zümrələrindən fərqli olaraq, möhtəşəm saray və qəsr tipli əzəmətli yaşayış binaları inşa etdirirdilər. Çox vaxt daşdan tikilən bu abidələr zəngin bədii dekora malik oyma-nəqş ünsürlərilə bəzədilirdi. Bütün bu amillər daşişləmə üsullarının tətbiq sahələrinin genişlənməsinə və texniki cəhətdən daha da təkmilləşməsinə səbəb olmuşdur. Dekorativ tətbiqi sənətdə əsas yer tutan daş üzərində oyma üsulu xüsusilə xatirə (məzar) abidələrinin hazırlanmasında daha çox tətbiq olmuşdur.
Daşişləmənin kamil üsulu olan oyma texnikası özünün zərif həllini məhz həkkaklıq sahəsində tapmışdır. Həkkaklar, başlıca olaraq, qəbirüstü abidələr (başdaşı, sənduqə) və inşaat hissələri (dekorativ bəzək ünsürləri, kitabələr və s.) düzəltmişlər.
Azərbaycan həkkaklığı icra texnikası etibarilə orta əsrlərdə yeni məzmun kəsb etmişdir. Orta əsr həkkaklığının əsasını qrafik yazı, üslublaşdırılmış həndəsi və nəbati naxışlar, qismən isə əşyavi təsvirlər təşkil edirdi. Oyma sənətində gödək dəstəkli həkkak çəkici, düz, çəp və çökək ağızlı olmaqla müxtəlif növ iskənələr, (tişə) zeh mişarı, pərgar, ülgü, həkkak qələmi, şir, kömür, hisqara və s. işlənmişdir. Ərəb əlifbasının müxtəlif xətt üslublarından (kufi, nəsh, süls, təliq, nəstəliq, tövhi) məharətlə istifadə edən orta əsr həkkakları çox vaxt kitabənin boşluqlarını həndəsi və nəbati səciyyəli ornament nümunələrindən ibarət kompozisiya ünsürləri ilə tamamlayıb bəzədiklərindən onlar eyni zamanda naqqaş vəzifəsini də görürdülər. Bu mənada həkkaklıq sənəti, sinkretik səciyyə daşımaqla, həm xəttatlığın, həm də naqqaşlığın başlıca ünsürlərini özündə cəmləşdirirdi.
Azərbaycan ərazisində Paleolit dövrünə aid qazıntı məskənlərindən əldə edilən bəsit daş alətləri qədim əhalinin daşişləmə sahəsində təcrübəsini göstərir. İlk bəsit əmək alətləri qəlpələmə texnikası əsasında, zərbə üsulu ilə çaxmaq daşından hazırlanmış çapacaq tipli kobud çapma alətlərindən, dişəkləmə və gəzləmə üsulu ilə düzəldilmiş qaşov, iskənə, biz və bıçaqlardan ibarət olmuşdur. Daş üzərində oyma sənətinin ilk nümunələri hələ Qobustan və Gəmiqayada öz əksini tapmışdır. Qobustan daş ustaları cızma və oyma texnikasından məharətlə istifadə etmişlər. Ən qədim nümunələri m.ə. VIII minilliyə aid edilən qaya rəsmləri tişə rolunu oynayan itiuclu daş alətlərlə oyulmuşdur.
Feodalizm dövründə Azərbaycanda daşyonma və daş üzərində oyma sənətləri xüsusilə şəhər və qala tipli məskənlərdə daha çox tərəqqi etmişdir. Ölkənin ərazisində məhəlli xüsusiyyətləri ilə fərqlənən bir sıra memarlıq məktəblərinin meydana gəlməsi və onların çoxcəhətli səmərəli fəaliyyəti ənənəvi daşişləmə sənətini daha da zənginləşdirmişdir. Bu cəhətdən Şirvan-Abşeron memarlıq məktəbinin rolu daha böyük olmuşdur. Şirvanda xatirə abidələri əsasən yumşaq əhəngdaşından düzəldilən müxtəlif formalı başdaşı və sənduqədən ibarət idi. Bəzən başdaşından əlavə, sinədaşının aşağı hissəsinə ayaqdaşı da qoyulurdu.
XVIII əsrdən etibarən Azərbaycanda xanlıqların yaranması ilə əlaqədar, həkkaklıq sənətində məhəlli, spesifik xüsusiyyətlər güclənir. Qəbir daşları üzərində mərhumun peşə və sənətini əks etdirən bir sıra məişət və təsərrüfat əşyaları, silah və nəqliyyat vasitələrinin (gülabdan, sürmədan, güzgü, qayçı, daraq, möhür, qılınc, xəncər, tüfəng, rəhil, sahibsiz qalmış yəhərli at və s.) təsvirinə rast gəlirik. Bu cəhətdən peşə ilə bağlı əmək alətlərinin (dəmirçi zindanı, misgərlik alətləri, həllac yayı, hana, həvə, kirkit və s.) təsvirinə daha çox yer verildiyi nəzərə çarpır. Qəssab, dabbaq, misgər, zərgər, şərbaf qəbirləri təsvir olunmuş istehsal alətlərinin səciyyəsinə görə bir-birindən seçilirdi. Bir qayda olaraq, kitabə və naxışlar başdaşının ön tərəfinə, mərhumun peşə mənsubiyyətini bildirən rəmzi rəsmlər isə yanlarına və kitabənin kənarındakı boş sahələrə həkk olunurdu.
Xatirə abidələrinin hazırlanması sahəsində sənət ənənələri XIX əsr və XX əsrin əvvəllərində də davam etməkdə idi. Həmin əməli təcrübə və bu sənət sahəsindəki istehsal prosesləri (daşçıxarma, daşyonma, həkketmə) bu gün də özünün əhəmiyətini itirməmişdir.
-
Эпиграфические памятники Нахчывана
Гаджифахраддин Сафарли
2017
-
Naxçıvan şəhərinin epiqrafik abidələri
Hacıfəxrəddin Səfərli
2019
-
Корпус эпиграфических памятников Азербайджана
Мешадиханум Неймат
Том III, 2001
- Tərtibçi və biblioqrafiya