AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çəkməçi

Nümunənin reyestr kodu : DA0104000021

Çəkməçilik ayaqqabı istehsalında müstəqil peşə kimi sənətdaxili ixtisaslaşma nəticəsində ortaya çıxmışdır. Bu peşə də insanların zövqlərinin inkişaf etməsi, şəhər həyatının inkişafı ilə sıx bağlı idi. Digər ayaqqabılar kimi çəkmə də geyimi tamamlayır, insanın sosial statusunu, zövqünü göstərirdi. Uzunboğaz çəkməni, əsasən, varlılar geyərdilər və bu ayaqqabı süvari geyimi sayılırdı. Çəkmə milli geyim kompleksinə daxil olaraq, digər geyimlərə də təsir göstərirdi. At belində gəzən əsilzadələr uzunboğaz çəkmə geydiklərindən, şalvarın balağını çəkmənin içinə salırdılar. Yaxud “qunclu” adlanan uzunboğaz çəkməni “dügürd qurşaq” bağlayan kişilər geyərdilər. Qışı sərt keçən ərazilərdə çəkmənin üstündən yer hanasında xüsusi olaraq bu məqsəd üçün toxunmuş ayaq şalı dolayırdılar.

Çəkməçilər həm kişi, həm də qadın ayaqqabıları hazırlayırdılar, biçiminə, formasına görə bir-birindən elə də fərqlənməyən bu çəkmələr ölçüsünə, dərisinə, naxışlarına görə seçilirdilər. Keçmişdə at belində gəzən varlı elat qadınları arasında “qunclu” (uzunboğaz) çəkmə dəb idi. Gəncədə, Şuşada və s. bölgələrdə qadınlara məxsus çəkmələr məxmərdən tikilir, üstü təkəlduz, güləbətin tikmə ilə bəzədilirdi.

Əhali arasında geniş yayılmış kişi ayaq geyimlərinin bir qrupunu təşkil edən uzunboğaz çəkmələrin ayaqlığı biçim etibarilə başmaqla tipoloji baxımdan oxşar idi. Usta, çəkmənin boğazlığını arxa tərəfdən caladıqdan sonra topuqluğa və pəncəyə birləşdirirdi. Çəkməçilər “boğazdı”, “dübəndi”, “qunclu”, “ədik” və s. adlanan çəkmələr tikirdilər, bu çəkmələrin adlanmaları daha çox onların formaları ilə bağlı olurdu. “Boğazdı” (uzunboğaz çəkmə) varlı elat kişiləri arasında dəbdə idi. Bu çəkmənin ayaqlığı başmaqla eyni idi. Çəkməçilər “boğazdı”nın altını aşılanmış göndən, üstünü isə bahalı material sayılan tumac, xrom və ya müşküdən tikirdilər. “Dübəndi”nin boğazı nisbətən kiçik olub, ayağı topuğa qədər örtürdü. Onun boğazlığı qara və tünd qəhvəyi rəngli dəridən tikilir, altına aşılanmış göndən altlıq çəkilir və dabanına nal vurulurdu. Adətən, bu ayaqqabı ayağa geyildikdən sonra onun boğaz hissəsindəki simmetrik qoşa deşiklərdən keçirilən bəzəkli qaytanla üstü bağlanılırdı.

Əhali arasında Şirvanın “qaytarmaburun”, Gəncəbasarın yanları adi aşılanmış göndən tikilmiş alçaqdabanlı, uzunboğaz çəkmələri geniş istifadə olunmuşdur. Boğazlığı qırmızı, ayaqlığı isə yaşıl, qara, göy rəngli dəridən hazırlanan belə ayaq geyimi formasına, materialına, tikilmə tərzinə görə Kazan tatarları arasında “içeki” adı ilə məşhur olan dabanlı, üstü tikmə naxışlarla bəzədilmiş qadın çəkmələri ilə tipoloji oxşarlıq təşkil edir.

Azərbaycanın müxtəlif bölgələrində yayılmış “ədik” adlanan ayaqqabı, Şəki-Zaqatala bölgəsində yayılmış “lapçın” adlanan kişi ayaq geyimləri də çəkmə növlərindən sayılır. Çəkməçilər uzunboğaz ayaqqabı növü olan lapçının üzlüyünü tumac və keçədən, altını isə göndən tikirdilər. Onu geyərkən boğazının (küncünün) kəsik hissələrini birbirinin üstünə qoyur, xüsusi qaytanla dolayıb bağlayırdılar. Lapçının ucu şiş və nisbətən yuxarıya qatlanırdı. Bu ayaq geyimi dağ kəndlərinin əhalisi arasında XX yüzilliyin əvvəllərinə qədər qorunub saxlanılırdı.

Azərbaycanda başmaq, məst, uzunboğaz çəkmə tipli ayaq geyimlərindən istifadənin qədim tarixi vardır. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan miladdan əvvəl IX-VIII əsrlərə aid gil ayaqqabı qabı XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılara bənzəyir. Belə ayaqqabı növləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır. Bu faktlar çəkməçilik peşəsinin qədimdən yayıldığını, inkişaf etdiyini, bu sənət sahəsində varisliyin təmin edildiyini göstərir.

Müxtəlif tarixi, arxeoloji faktlarla yanaşı bir sıra incəsənət nümunələri, o cümlədən çoxsaylı miniatür əsərlər keçmişdə yayılmış çəkmələr haqqında müəyyən təsəvvür yaradır. XIII əsrdə Təbriz şəhərində istehsal olunan süjetli keramikada əksini tapan dövlətli bir atlının başında şiş papaq, əynində xalat və şalvar, ayaqlarında balaca çəkmələr vardır. XIX əsrdə xırda əmtəə istehsalı səciyyəsi daşıyan çəkməçi dükanları, əsasən, şəhərlərdə mərkəzləşmişdi. 1849-cu ildə Gəncədə 75 nəfər çəkməçi işləyirdi. Çəkmə istehsalının qabaqcıl mərkəzlərindən olan Şamaxı şəhərində 1859-cu ildə 30 nəfər çəkmə ustası var idi. 1854-cü ildə Ordubadda çəkməçilərin sayı 24 nəfərə çatırdı.

XX əsrdə fabrik istehsalının artması tədricən çəkməçilik peşəsinin tənəzzülə uğramasına səbəb olmuşdur.