Babək
Rayon haqqında məlumat
Babək rayonu 23 oktyabr 1978-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuşdur. Rayonun mərkəzi Naxçıvan şəhərindən 6 km cənub-şərqdə yerləşən Təzəkəndə köçürülmüş və bura Babək qəsəbəsi adı verilmişdir. Rayon qərbdən Kəngərli, şimal-şərqdən Şahbuz, şərqdən Culfa rayonları, cənubdan İran İslam Respublikası, şimal-qərbdən Ermənistan ilə həmsərhəddir. Ərazisi 828,42 km2, əhalisi 75 min nəfərdir (01.01.2018).
Rayonun relyefi şimalda Dərələyəz silsiləsinin cənub yamacından, cənub-şərqdə Zəngəzur silsiləsindən ayrılmış qollardan olan təpələrdən və yüksəkliklərdən, cənubda Naxçıvan maili düzənliyindən, cənub-şərqdə Gülüstan düzənliyindən ibarətdir. Rayonun ən yüksək zirvəsi Buzqov dağıdır (2475 m). Düzənliklərdə antropogen, dağlarda isə Neogen çöküntüləri yayılmışdır. Rayonun ərazisi faydalı qazıntılarla (daşduz, tikinti materialları və s.) zəngindir. Burada Sirab, Vayxır, Cəhri, Qahab mineral su bulaqları var. Rayonun iqlimi yayı quraq keçən isti, qışı soyuq keçən yarımsəhra və quru çöl tiplidir. Orta temperatur yanvarda -10°C-dən -3°C-yədək, iyulda 15-28°C-dir. İllik yağıntı 200-600 mm-dir. Rayonun əsas çayları Araz, Naxçıvançay və onun qolu Cəhriçaydır. Rayonda Araz qovşağının su anbarı, Uzunoba, Nehrəm, Sirab, Cəhri, Qahab su anbarları və suvarma kanalları var. Boz və çəmən-boz və dağ-şabalıdı torpaqlar yayılmışdır. Yarımsəhra və səhra, dağlıq kserofit bitki örtüyü inkişaf etmişdir.
Babək rayonunun ərazisi tarixi-arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir. I Kültəpə abidəsi rayon mərkəzindən 14 km şimalda, Kültəpə kəndi ərazisində yerləşir və miladdan əvvəl IV-I minilliyə aid yaşayış yeridir. Burada ilk dəfə 1904-cü ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmış, əldə olunmuş materialların bir qismi Tiflis Qafqaz muzeyinə verilmişdir. Qazıntılar sonralar da davam etdirilmiş, 22,2 m qalınlığında 4 mədəni təbəqə öyrənilmişdir. Birinci təbəqədən Eneolit dövrünə aid dairəvi planlı, bünövrəsi çay daşları və gil məhlulu, divarları möhrə palçıqla hörülmüş yaşayış binaları, təsərrüfat tikililəri, ocaq və qəbirlər aşkar edilmişdir. 9,5 m qalınlığında olan ikinci təbəqədən tunc dövrünə (m.ö. III minilik) aid yaşayış binaları, alət və avadanlıqlar, naxışlı və cızma bəzəkli cilalanmış boz və qara saxsı qablar, heyvan fiqurları, kömürlənmiş arpa, buğda, darı əldə edilmişdir. Qalınlığı 2 m olan mədəni təbəqədən orta və son tunc dövrünə aid materiallar əldə edilmiş, qalınlığı 1,5 m olan 4-cü təbəqədən isə ilk dəmir dövrünə aid nümunələr tapılmışdır. Bütün bu tapıntılar Kür-Araz mədəniyyəti üçün səciyyəvidir.
Rayon mərkəzindən 4 km cənub-qərbdə Araz çayı sahilində 1809-1810-cu illərdə fransız hərbi mütəxəssislərinin layihəsi əsasında tikilmiş hərbi istehkam tipli Abbasabad qalası mövcud olmuşdur. Qala su arxı ilə əhatə olunmuş, dəfələrlə döyüş meydanına çevrilmişdir. Araz su anbarı tikilən zaman qalanın qalıqları su altında qalmışdır. Bundan başqa rayon ərazisində Duzdağ yatağı, orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir.
Rayon iqtisadiyyatında emal və sənaye müəssisələri, xörək duzu, mineral su və tikinti materialları istehsalı, taxılçılıq, üzümçülük, meyvəçilik, bostançılıq, tərəvəzçilik mühüm yer tutur. Rayonda Sirab mineral su zavodu, üzlük plitələr zavodu, üzüm emalı zavodu fəaliyyət göstərir. Bundan əlavə, rayonda 38 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 41 kitabxana, 32 klub müəssisəsi, 2 muzey, 5 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, doğum evi, 2 sahə xəstəxanası, 16 həkim ambulatoriyası, 14 feldşer-mama, 4 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar fəaliyyət göstərir. Babək rayon İcra Hakimiyyətinin orqanı olan "Şərqin səhəri" qəzeti isə 1979-cu ildən nəşr olunur.