AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Uşaq oyun nəğmələri

Nümunənin reyestr kodu : FL0207000001

Uzun tarixi inkişaf mərhələlərində müəyyən ritual və mərasimlərin tərkibində oxunmuş, bu gün isə öz spesifik xüsusiyyətləri ilə digər kiçik janrlardan fərqlənən uşaq nəğmələri Azərbaycan uşaq folklorunda geniş yayılmışdı. Beşikdən ayrılandan sonra uşağın ilk uğuru sərbəst yeriməsidir. Bu andan etibarən həyatda müstəqil addımlarını atanadək olan dövrdə onun folklora münasibəti dəyişir. Birincisi, eşitdiklərinin ritminə, əyləncəliyinə üstünlük verməklə yanaşı, mənasını anlamağa meyl göstərir. İkincisi, sözü təkcə ahəngdarlıq, melodiklik, həzinlik mənbəyi saymır, həm də maraq dairəsinə uyğun kiçik əhvalatların təsvir vasitəsinə çevirir. Üçüncüsü, böyükləri təqlid və yamsılamaqla söz düzüb-qoşmağa alışır. Uşaq aləminə güzgü tutan poetik xalq yaradıcılığı nümunələri – əsl uşaq folkloru məhz bu mərhələdə meydana gəlir. Lakin hələ uzun müddət böyüklərin yaradıcılığından asılı vəziyyətdə qalır və oyunlarında yenicə cücərən yaradıcılıq qabiliyyətlərini ənənəvi şeir şəkilləri əsasında inkişaf etdirir.

Uşaq dünyaya öz pəncərəsindən boylanmağa can atır, ana nəğmələrinin təsiri ilə, ilk növbədə, şeirə maraq göstərdiyindən mərasim folklorundan ruhuna uyğun əsərləri seçib “özününküləşdirir” və spesifik “uşaq nəğmələri”ni formalaşdırır.

Uşaq nəğmələri geniş anlayışdır. Buraya uşaqların gündəlik həyatında və məişətində, əyləncə və oyunlarında istifadə etdikləri mənzum parçalar daxildir. Uşaq nəğmələrinin xeyli hissəsi böyüklərin yaradıcılığından götürülmüş, uşaqlar tərəfindən “redaktə” edilməklə mənimsənmiş, bir qismini isə uşaqlar özləri yaratmışlar.

Uşaq nəğmələrinin mövzusu rəngarəngdir. Bəzi nəğmələrdə məzmun rol oynamır, saylar sadalanır, ritmik sözlər bir-birinin ardınca düzülür, səslərlə müəyyən ahəng yaradılır, fantaziyalardan, əyləncəli təsvirlərdən qurulur. Bununla belə, nəğmələrin xeyli hissəsi heyvanların, quşların, bitkilərin bəhsindən, yaxud monoloqundan ibarətdir.

Ümumiyyətlə, uşaq oyun nəğmələrinə aşağıdakı lirik şeir nümunələri daxildir:

a) Düzgülər; b) Sanamalar; c) Acıtmalar (dolamalar); ç) Öcəşmələr.

Uşaq nəğmələri forması, dili, sözlərin seçilməsi və düzümü ilə maraq doğurur. Misralar azhecalı, qafiyələr çoxsaylıdır, səs, heca, ifadə təkrarına çox yer ayrılır, sözlər qoşalaşdırılır. Uşaqlara aid yaradıcılıq nümunələrində hal və hərəkətin dəyişilməsinə çox yer verilir, əşyavilik arxa plana keçirilir. Əslində, uşaq əyaniliyi xoşlayır. Gördüyü əşyalara toxunmaq, öz oyuncağına, əyləncəsinə çevirmək istəyir, fantaziyası mücərrəd varlıqları deyil, gerçək əşyaları canlandırmağa, şəxsləndirməyə yönəlir. Təsadüfi deyil ki, Azərbaycan uşaqlarının yaratdıqları poetik əsərlərdə cümlələr, əsasən, fel və isimlərdən qurulur, epitetlərdən, sifət və zərflərdən təsadüfi hallarda istifadə olunur.

Uşaq folklorunun bir çox poetik nümunəsində ahəng misraların sonunda sözlərin bir-biri ilə uyğunlaşması və ahəngdarlıq – çoxsaylı dolğun qafiyələr, hecaların sayının eyniliyi, bölgülərin tamlığı, bəzən misra daxilində və ya bir neçə misrada eyni səsin, səs birləşməsinin, eləcə də eyni sözün təkrarı, bir-birini izləməsi ilə yaranır. Məsələn: “Baş barmaq” nəğməsində iştirak edən sözlərin dördü də “Ba” səs birləşməsi ilə başlayır.

Uşaqlar bəzi məqamlarda böyüklərdən daha “usta” söz yaradıcısı olub bədii sözə poetiklik, ahəngdarlıq, oynaqlıq vermək üçün elə üsullar tapırlar ki, ən istedadlı qələm sahibini belə heyrətləndirirlər. Səs birləşmələrini notlar kimi sıralamaqla, çeşidləməklə elə bil musiqini şeirə köçürürlər. Onlar təkcə melodiyalardan deyil, təbiətin səs çalarlarından – alliterasiyalardan da misra düzümündə istifadə etməyi bacarırlar.

Uşaq nəğmələri ifadə tərzi ilə də fərqlənir. Bəzi sözlər təhrif olunmuş şəkildə deyilir (körpə uşaq tələffüzünə yaxın). Məsələn: “İynə, iynə” sanamasında “balıca”, “happan”, “şatır”, “qurtul” kimi kəlmələr uşaq tələffüzündən götürülmüşdü. Poetik nümunələrin bir qismi bədii cəhətdən bəsit və dolaşıq fikirlərlə dolu olsa da, uşaqların daxili aləmini, psixologiyasını, marağını, istəyini, arzusunu öyrənmək baxımından əhəmiyyətlidir.