Kənd
Nümunənin reyestr kodu : DA0202000013
Kənd oturaq əhaliyə məxsus daimi yaşayış evləri, təsərrüfat tikililəri, həyətyanı sahələri, inzibati, sosial-mədəni və dini mərkəzləri, ümumi otlaqları, əkin sahələri, içməli suları, ayrıca qəbiristanlığı olan və əhalinin etnik tərkibinin ümumiliyi ilə xarakterizə olunan tarixən formalaşmış məskəndir. Hər bir kəndin özünəməxsus, xüsusi mərzlərlə ayrılmış həndi var idi. Hənd əkin sahəsindən, örüş, biçənək, meşəlik, cələ, axmaz və s.-dən ibarət olub, bütün icma üzvləri tərəfindən elliklə istifadə edilirdi.
XIX əsrdə Azərbaycan kəndlərinin əksəriyyəti poligen xarakterli idi. Məsələn, Şirvanın Diyallı kəndi hərəsi bir məhəllədən ibarət 8 əqrəbadan (Məhəddinli, Qasımlı, Nanışlı, Dəlləkli, Şəfili, Şamilli, Şıxlı, Hacıəzizli), Zarat kəndi hər birində bir “atauşağı” olan 8 dəstədən (Səmhəli, Xıdırlı, Səmədli, Zamanlı, Arıqlar, Dadaşlı, İmaməlili, Zərbəlili) ibarət idi. Ordubadın Dəstə kəndi Şıxlar atası, Kəblə Fərəc, Kəblə Həsən, Mustafalı, Kəblə Kazım, Kəblə İsgəndər, Kəblə Hacı, Mürümlü, Hacı Əbülhəsən, Cavad, Hacı Abbas, Ağbaş Əli tayfalarının yaşadığı Aşağı məhəllə, Ara məhəllə, Şingilək məhəlləsi və Qaraçı məhəllələrindən təşkil olunmuşdu. XIX əsrdə Azərbaycanda monogen xarakterli kəndlərə az da olsa təsadüf edilirdi. Şəki-Zaqatala bölgəsinin Başdaşağıl, Sarıbaş, Muğanlı, Qıpcaq kəndlərinin əhalisi, əsasən, birmənşəli hesab olunur. Şirvanda isə Bığır kəndinin əhalisi bütünlüklə Cəlil övladının törəməsidir.
İctimai inkişafın sonrakı gedişində qohumluq prinsipinə əsaslanan kəndlərdə böyük dəyişikliklər olmuş, onlar böyüyərək qarışıq tərkibli kəndlərə çevrilmişlər. Belə kəndlərin əmələ gəlməsində patronimiyaya (qohum ailələr qrupuna) mənsub ailələrin-patronim qrupların (tayfa, tirə, ocaq, nəsil, dəngə, tabun, suban, əqrəba, övladı, uşağı, toxum və s.) böyüyərək parçalanması, orta əsrlərdə böyük saylı əhali qruplarının düşünülmüş şəkildə Azərbaycan ərazisinə köçürülməsi, müxtəlif obyektiv tarixi səbəblər üzündən ölkə daxilində əhalinin bir kənddən digər kəndə köçməsi əsas rol oynamışdır. Məhz bu səbəblərin nəticəsi olaraq qohumluq prinsipi əsasında məskunlaşma prosesi getdikcə zəifləmiş, yaşayış məskənlərinin salınmasında qonşuluq prinsipi üstünlük təşkil etmişdir. Sosial-iqtisadi inkişafın və təsərrüfat məişətinin genişlənməsinin sonrakı mərhələlərində Azərbaycan ərazisində nəinki qohum olmayan, hətta müxtəlif etnik mənşədən olan kəndlərə də təsadüf edilirdi. Şirvan bölgəsində Topçu kəndi etnik tərkibcə azərbaycanlı, tat və ləzgilərdən, Çağan kəndi isə azərbaycanlı və tatlardan ibarət olmuşdur.
Azərbaycanda məhsuldar qüvvələrin və kapitalist münasibətlərinin inkişafı, bu münasibətlərin kənd məişətinə daha dərindən nüfuz etməsi ilə əlaqədar yaranan sosial mühit, böyük ailələrin patronimik qruplara parçalanması, əhali artımı ilə əlaqədar olaraq patronim qrupların böyüməsi və ailə seqmentasiyasına uğraması, yığcam tərkibli kəndlərdə torpaq çatışmazlığı, qan intiqamı və s. amillər yeni yaşayış məskənlərinin əsli kənddən ayrılan törəmə kəndlərin meydana gəlməsində əsas olmuşdur. Mərkəzi Muğanda Yaxa Dəlləkli kəndindən ayrılan tayfalar Çöl Dəlləkli; Ağaməmmədli kəndindən ayrılan tayfalar Çöl Ağaməmmədli; Qarabulaq kəndindən ayrılan nəsillər isə Dördlər kəndinin əsasını qoymuşlar. Bəzən ana (əsli) kənddən ayrılan törəmə kəndlər öz əvvəlki ad mənsubiyyətini qoruyub saxlayır (məsələn, keçmiş Qazax qəzasının Salahlı və Kəsəmən kəndlərindən ayrılan tayfaların Azərbaycanın müxtəlif bölgələrində saldıqları eyniadlı kəndlər buna misaldır), bəzən də ya əsli kənd adlarına, ya da kənddən ayrılan tayfa adlarına xüsusi komponentlər (oba, binə, dizə, məzrə, tala və s.) əlavə olunurdu. Azərbaycanın əksər tarixi-etnoqrafik bölgələri üçün xarakterik olan törəmə kəndləri ana (əsli) kəndlərdən fərqləndirmək üçün adətən ana (əsli) kəndlərin adlarının əvvəlinə “baş”, “yuxarı”, “köhnə”, “birinci”, “sər”, “dağ”, “daş”, “böyük” və s. kimi qoşma sözlər əlavə olunurdu (Başdaşağıl, Dağ Suvagil, Daş Salahlı, Sərdahar, Dağ Bilici, Кöhnə Quşçu, Birinci Şıxlı, Yuxarı Ləgər, Yuxarı Salahlı, Böyük Qaramurad, Köhnə Daxar və s.). Törəmə kəndlər isə fərqləndirmə əlaməti kimi “aşağı”, “ikinci”, “yeni”, “təzə”, «bala», “kiçik”, “düz”, “çöl”, “gədə”, “sırt”, “orta” və s. qoşma istilahlarla yüklənirdi (İkinci Şıxlı, Kiçik Qaramurad, Orta Salahlı, Sırt Çiçi, Dərə Çiçi, Bala Cəfərli, Yeniкənd, Təzəkənd, Gədə Zeyxur, Bala Qusar, Çöl Dəlləkli, Düz Bilici və s.).
Azərbaycan kənd yaşayış məskənlərini relyef üzrə təsnifata görə yamac, yarımyamac, vadi və düzənlik olmaqla dörd qrupa bölmək olar. Azərbaycanın dağlıq və dağətəyi bölgələri üçün səciyyəvi olan yamac tipli kəndlərin əsas xüsusiyyəti onların, dağın küləkdən və dağ çovğunlarından mühafizə olunan axar-baxarlı güney səmtində salınması, küçələrinin bir-birinə paralel yerləşməsi, su mənbələrinə (bulaq, nohur, çay, göl) yaxın olmasıdır. Bu tip kəndlərdə bir neçə qatda amfiteatr şəklində salınmış küçələr bütün kənd boyu uzanır və yaşayış evləri kənd küçələrinin ancaq bir tərəfində tikilir. Yarımyamac tipli kəndlər Azərbaycanın həm dağ, həm də dağətəyi əraziləri üçün xarakterik olmuşdur. Bu tipli kəndlərin yamac hissəsi yamac tipli kəndlərin xüsusiyyətini özündə saxlayır, digər hissəsi isə düzənlik tipinə uyğun olurdu. Yarımyamac tipli kəndlər düzən kəndləri ilə yamac kəndləri arasında orta mərhələ təşkil edirdi.
Azərbaycanın dağlıq ərazilərində salınmış kəndlərin əksəriyyəti dağ-vadi tipli kəndlərə xas olan xüsusiyyətləri özündə birləşdirir. Bu xüsusiyyətlər Dağlıq Şirvanın məskunlaşma qaydasında aydın izlənilir. Vadi kəndləri, adətən, dağ yamaclarının və dağ çaylarının əmələ gətirdiyi səfalı və mülayim iqlimli vadilərin sinəsində salınırdı. Vadi kəndləri əksər hallarda çayın bir, bəzən də hər iki sahilini əhatə edirdi. Azərbaycanın kənd yaşayış məskənlərinin yerin relyef quruluşuna görə qruplaşmasının ən böyük vahidi düzənlik kəndləri idi. Belə kəndlər sahəcə xeyli böyük ərazini tuturdu. XIX əsrdə Azərbaycanda ən geniş yayılmış kənd formaları koma-koma, pərakəndə (dağınıq), sıx-qarışıq tərkibli yığcam kəndlər olmuşdur. Digər kənd formaları (dairəvi və cərgəvi) nisbətən azlıq təşkil etmiş, müxtəlif bölgələrdə ayrı-ayrı terminlərlə ifadə olunsa da, prinsip və mahiyyətcə oxşarlıq təşkil etmişdir.
Arxeoloji qazıntılar nəticəsində miladdan əvvəl VI minillikdən-miladın I minilliyə qədər müasir Azərbaycanın ayrı-ayrı rayonlarında qədim oturaq əkinçi-maldar tayfaların çoxlu yaşayış məskənləri aşkar edilmişdir. Azərbaycanın qədim arxitekturası ilə məşğul olan arxeoloq D.A.Axundov bu məskənləri şərti olaraq “kənd ansamblı” adlandırır. O zamandan bəri Azərbaycanın bütün ərazisi üçün xarakterik olan stasionar tipli yaşayış məskənləri kənd adlanır. IX əsrin sonu-X əsrin əvvəllərində Azərbaycanın təkcə Aran bölgəsində 4000 kənd mövcud idi. Kənd tipli yaşayış məskəni bütün orta əsrlər boyu məskənlərin başlıca tərkib hissəsi olmuş, hazırda da Azərbaycanda kənd yaşayış məskənləri öz mövqeyini qoruyub saxlayır.