Cecim dəzgahı
Nümunənin reyestr kodu : SD0402000009
Cecim dəzgahının iki tipoloji növü zəmanəmizədək gəlib çatmışdır. Onlardan biri şaquli əriş düzümünə malik olan dik hana olmuşdur. Dik hana vasitəsilə cecim toxuculuğu XIX əsrin sonlarına doğru aradan çıxsa da, həmin vaxt Şamaxı və Göyçay qəzalarının Kürətrafı kəndlərində köhnə şərbaflar arasında toxuculuğun bu tipinə bəzi hallarda təsadüf edilirdi. Keci məmulatı istehsalının bu arxaik formasında tətbiq olunan dik toxucu dəzgahı tipoloji cəhətdən xalça hanasına oxşar idi. Üfüqi əriş düzümünə malik dəzgahlar sabit və mütəhərrik olmaqla iki tipə ayrılır. Əsrlər boyu bu tip dəzgahda bir sıra yun (şal, patava, dolaq, çuxalıq, bürmə, örkən) və keci məmulatı (cecim tipli parçalar) toxunmuşdur. Yer hanasında arğac tayları əvvəllər əllə, son zamanlar isə məkik vasitəsi ilə əriş düzümünün arasından keçirilməyə başlamışdır. Yer hanasında arğac ipi ağacdan düzəldilmiş “qılınc” adlanan bəsit əmək aləti ilə bərkidilmişdir.
Cecim istehsalında başlıca yeri üfüqi dəzgahlar sisteminə aid edilən yer hanası tuturdu. XIX əsrin ikinci yarısından etibarən əmtəə-pul münasibətlərinin inkişafı ilə əlaqədar satlıq cecim istehsalının artması üfüqi cecim dəzgahının quruluşunda bəzi dəyişikliklərə gətirib çıxarmışdır. “Nirə” və “şanalı dəft”in cecim toxuculuğunda tətbiq ediləndən sonra əmək məhsuldarlığı xeyli yüksəlmişdir. Cecim dəzgahında taxta “qılınc”ın dəftin ilə əvəz olunması, nirə sistemindən istifadə edilməsi, sabit dolağac əvəzinə pəlkeş vasitəsilə fırladılan mütəhərrik nəvərddən istifadə olunması XIX əsrin sonlarında kecitoxuma texnikasında baş verən mütərəqqi irəliləyişlər idi.
Təkmilləşmiş cecim dəzgahı bir cüt dolağacdan, onları müəyyən məsafədə aralı saxlayan 2 cüt mıxçadan, 2 metr uzunluğunda 3 ədəd çatma qoldan, bir cüt asma nirə və dəftindən ibarət idi. Onu quraşdırmaq üçün nəzərdə tutulmuş sahədə bir-birindən xeyli aralı, qoşa halda yerə iki cüt mıxça çalınırdı. Qoşa mıxçaların arasındakı məsafə cecimin eninə müvafiq olur, dal və qabaq mıxçaların arası isə cecimin boyunun yarısına bərabər tutulurdu. Mıxçaların yuxarı hissəsinə yer səthindən 2 çərək hündürdə bir cüt köndələn dolağac bağlanırdı. Qabaq dolağacın yaxın səmtində çatma qurulurdu. Nirə və dəftin ciyə vasitəsi ilə çatmadan asılandan sonra dolağaclara əriş düzülürdü. Bir qayda olaraq, əriş tayları dolağacın birindən digərinə ötərkən eyni zamanda nirə və şanadan da keçirilirdi. Əriş tellərinin ağız açması üçün onların tək tayı qabaq, cüt tayı isə arxa nirənin lingəsinə salınırdı. Bunun sayəsində asqı ipi vasitəsilə nirələr yuxarı çəkilib bağlandıqda ərişin üst tayları yerdən bir qarış hündürə qalxmaqla gərilmiş vəziyyətdə qalırdı. Toxuma əməliyyatı qabaq dolağacın önündən başlanırdı. Bunun üçün toxucu döşəkçə üzərində oturub qısa arğac iplərini nirə vasitəsilə əriş taylarının arasına salırdı. Arğac hər dəfə əriş taylarının arasından keçəndən sonra dəftin vasitəsilə vurulub qabağa çəkilir və özündən əvvəlki arğacın yanına sıxlaşdırılırdı. Bu qayda ilə toxuma irəlilədikcə arabir əməliyyat dayandırılır və hazır hissə fırladılıb qabaq dolağacın arxasına ötürülürdü.
Əriş çarpazlarının sayını və aldəyişik edilmə qaydasını dəyişdirmək, yaxud rəngli arğac ötürmələrini əvəzləmə yolu ilə cecim üzərində müxtəlif səciyyəli naxışları əldə edilirdi. Cecim naxışları ornamental xüsusiyyətlərinə görə palaz bəzəkləri ilə tipoloji oxşarlıq təşkil edir. Bu yaxınlıq xüsusilə zolaqlı cecim bəzəklərində daha qabarıq şəkildə nəzərə çarpır. Cecim naxışlarının tipik növü olan ala-bəzək zolaqlar dar və enli xətlərdən, yaxud bunların müxtəlif sayaq qovuşmasından əmələ gətirilirdi. Bunun üçün, əsasən, əriş düzümlərinin ala-bəzək tərtibatından istifadə olunurdu. Bununla yanaşı, cecim toxuculuğunda həndəsi və nəbati məzmunlu naxış nümunələrinə də geniş yer verilirdi. Belə halda zolaqlar cecim üçün fon təşkil edir, ornamental rəsm və fiqurlar isə məmulatın naxış bəzək xüsusiyyətini, onun çeşni əlamətini qabarıq surətdə təzahür etdirirdi. Məhz bu səbəbdən naxışlı cecim çeşniləri zolaqların səciyyəsinə görə deyil, həmin bəzəklərin növünə (dırnaqlı, gül, yarpağı, tovuz quşu, ağyerli və s.) görə fərqlənirdi. Əriş və arğacın müxtəlif rənglərdə tərtibatı yolu ilə əmələ gətirilmiş toxuma zolaqlardan fərqli olaraq, ornamental cecim naxışları əlavə gücü ipi vasitəsilə toxunurdu.
Cecim məmulatı təkcə bəzək xüsusiyyətinə görə deyil, istehsal texnologiyası cəhətdən də qruplara ayrılırdı. Bundan asılı olaraq, cecimlərin bir qismi ikiüzlü, müəyyən hissəsi isə birüzlü toxunurdu. İkiüzlü toxunan cecimlər “həmiyan” adlanmaqla daha yüksək qiymətləndirilirdi. Onun istehsalına xeyli artıq xammal və əmək sərf olunurdu. Bəzək tərtibatı etibarilə həmiyanın müxtəlif çeşidləri (tovuz quşu, alaköynək, məlikəli, belibağlı və s.) mövcud olmuşdur. “Zolaqlı həmiyan” ən çox Şuşa qəzasının Lənbəran kəndində istehsal olunurdu. Zolaqlı cecimin “obagəzər” adlanan digər növü isə həmin qəzanın Ağcabədi və Xəlfələddin kəndlərinə aid idi. “Köynək” və ya “alaköynək” adlanan cecim növü həmiyanla eyni ölçüdə (eni 8 gireh, uzunu 12 xan arşını) keci sapdan toxunurdu. Bundan fərqli olaraq “döşəküzü” (eni yarım arşın, boyu 6 xan arşını) həm kecidən, həm də xam ipəkdən, bəzən isə bunların qatışığından toxunurdu.
Cecim toxuculuğu qadın əməyi tətbiq edilən kustar ev sənətlərinin ən arxaik növü olmuşdur. Keçmişdə kümdarlıqla məşğul olan kəndlərdə cecim toxuculuğu geniş yayılmışdı. Cecimi, adətən, qadınlar tək toxuyurdular. Lakin ikiqat və mürəkkəb ornamentli cecim növlərinin istehsalında toxucunun yanında ipək tellərini aralamaqla məşğul olan daha bir nəfər köməkçi – “yançı” işləyirdi. Cecim istehsalçılarının əsas hissəsini bilavasitə öz xammalı ilə iş görən kümdar qadınlar təşkil edirdi. Cecim istehsalı ev peşəsi səciyyəsi daşısa da, əmtəə-pul münasibətlərinin inkişafı keci toxuculuğunda “bazarı məhsul” istehsalına marağı artırmışdır.
-
Azerbaycan’in cecim, palaz, şedde dokumalari örneğinde güncel kumaş ve giysi...
Sədəf Acar, Minarə Quliyeva
2019
-
Naxçıvan və Qars şivələrində işlənən xalçaçılıq leksikası
Əhruz Mahmudova
2019
-
Azərbaycanda şərbaflıq sənəti
Arif Mustafayev
1991
-
Lerik Tarix-diyarşünaslıq Muzeyinin xalça və xalça mıəmulatları kolleksiyası
Nazilə Hüseynova
- Tərtibçi və biblioqrafiya