AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Həsir dəzgahı

Nümunənin reyestr kodu : SD0402000002

Həsir qədimdən bəri əhalinin təsərrüfat həyatında xüsusi yer tutmuşdur. Çəltik dərzlərinin daşınmasında həsir şələlərdən, dulus məhsullarının qurudulmasında, evlərin döşənməsində, daxili səhmanda həsir palazlardan, məhsulların saxlanmasında, daşınmasında həsir səbətlərdən geniş istifadə edilmişdir.

Həsir dəzgahlarının şaquli və üfüqi olmaqla iki əsas tipi zəmanəmizədək gəlib çatmışdır. Saya həsir toxuculuğunda tətbiq olunan şaquli dəzgah növü “dasko” adı ilə Lənkəran bölgəsində hələ də qalır. 3,5-4 m uzunluğunda bir cüt qoldan, onları birləşdirən 1,5 m uzunluğunda alt və üst oxdan, “si” adlanan döyəc taxtasından ibarət olan “dasko” (həsir hanası) bəsit quruluşa malik idi. Xalça hanasından fərqli olaraq, daskonun alt və üst oxlarını sabit saxlamaq üçün dəzgah qollarının üzərində kərtmə üsulu ilə bir-birindən azacıq aralı yarıqlar açılırdı. Sabit dayanan alt oxdan fərqli olaraq, üst oxun mövqeyini dəyişdirmək məqsədilə qolların yuxarı başında biri digərindən 20-25 sm aralı olmaqla, 5 ədəd kərt yarığı açılırdı. Toxunacaq həsirin ölçüsünə müvafiq olaraq hər dəfə üst oxun yeri həmin “kərt”lər üzrə dəyişdirilirdi. Dəzgahın yeganə mütəhərrik hissəsi olan döyəc taxtası ciyə vasitəsilə üst oxun uclarından asılırdı. Əriş telləri dəzgahın oxları üzərinə düzülən zaman onların qabaq tayları, həmçinin, döyəc taxtasının deşiklərindən keçirilirdi. Əriş taylarının çarpazları arasına salınmış pizə və ya daladan ibarət arğac keçirmələri məhz döyəc taxtasının köməyi ilə bir-birinə sıxlaşdırılırdı.

Saya həsirdən fərqli olaraq, güllü həsir tipoloji cəhətdən yer hanasını xatırladan üfüqi dəzgahda toxunurdu. Üfuqi həsir dəzgahı 4 ədəd mıxçadan, onların baş kərtinə köndələn vəziyyətdə bağlanmış bir cüt “dolağac”dan və “paral” adlanan zərbə alətindən ibarət bəsit quruluşa malik idi. Güllü həsirin çoxsaylı əriş düzümünə müvafiq olaraq paralın üzərində 45-ə qədər deşik olurdu. Güllü həsir mürəkkəb toxuma texnikası əsasında, pizənin zərif növü olan “xuqə-pizə”dən toxunur. Onun əriş tayları dolağac üzərinə düzülərkən eyni zamanda paral deşiklərinin hər birindən keçirilirdi. Pizə tayları gah sağdan, gah da soldan olmaqla müəyyən qaydada əriş taylarının arasından keçirildikcə paral vasitəsilə döyəclənib bərkidilirdi.

Güllü həsirin ayaq və baş hissəsi kətansayağı sadə toxuma texnikası ilə, yan haşiyəsi isə “nəfsə” adlanan kənar ərişlər üzrə “döndərmə” üsulu ilə toxunurdu. Gül, bir qayda olaraq, ərişin alt və üst tayları üzrə pizə dəstəsinin çarpaz mövqeyini müəyyən qaydada dəyişdirmə üsulu ilə salınırdı. Bunun üçün naxış növünün tələbinə uyğun olaraq pizə dəstəsi əriş taylarının gah birindən, gah ikisindən, gah da üçündən keçirilirdi. Beləliklə, toxumanı əmələ gətirən çarpazların məsafəsi dəyişdikcə müvafiq bəzək ünsürü yaranırdı. Növbəti pizə dəstəsi əks tərəfdən əriş taylarının arasından keçirilərkən naxışın tələbinə uyğun olaraq yenə də alt və üst tayların sayı və beləliklə də çarpazların yeri dəyişdirilirdi. Hər dəfə pizə çarpazlarının adda-budda vəziyyətini dəyişdirməklə həsir üzərində müxtəlif həndəsi görkəmə malik naxışlar əmələ gətirilirdi. Eyni naxış ünsürü bütün həsir boyu ardıcıl surətdə təkrarlanmaqla, həsirin bu və ya digər bəzək-naxış çeşnisi əldə edilirdi. Lənkəran bölgəsində vaxtilə həsirin hərəmi (baş hərəmi, qoşa hərəmi), nəlbəki gülü, zərəni gülü, doğanaq (əyri doğanaq, girdə doğanaq), şanagül, girdəgül, nevincənə, cınağı, məcməyi, teşti, dəvəboynu, kəşli, ənzəli, ağnaxış və b. çeşniləri dəbdə olmuşdur.

Əyriçilik və hörmə peşəsinin inkişafı parça istehsalını, başqa sözlə, dəzgah toxuculuğunu labüd etmişdir. Hörmə texnikasının təkmilləşməsi, xüsusilə burma və eşmə vərdişlərinin yaranması əyriciliyin meydana gəlməsinə zəmin hazırlamışdır. Sucar sahələrdə yetişən lifli bitkilər (lığ, ziyəlığ, cil), elastik ağac çubuqları və sıyrımı, dənli bitkilərin küləşi hörmə işinin qədim xammal növü olmaq etibarilə yaxın keçmişədək öz əhəmiyyətini itirməmişdi. Lığ və ya ziyəlığdan burub eşmə üsulu ilə ciyə hazırlanması Lənkəran bölgəsində indi də qalır. Azərbaycanda qədimdən eşmə və burma yolu ilə lifli bitkilərdən “ciyə” hazırlamaqla bağlama, hörmə, tikmə və toxuma üçün zəruri texniki keyfiyyətlərə malik istehsal materialı əldə edilirdi. Eşmə ciyənin icadı texniki cəhətdən əriş düzümünə malik bəsit toxuma əməliyyatına keçməyə imkan vermişdir. Bu isə öz növbəsində toxuma prosesi üçün zəruri olan əmək alətlərinin, xüsusilə bəsit toxuma dəzgahının yaranmasını labüd etmişdi.