Kürəbənd (kanalizasiya)
Nümunənin reyestr kodu : DA0204000025
Kürəbənd-kanalizasiya sistemi yağıntı sularının, tullantı sularının (çirkab suları) və insanların həyat fəaliyyəti nəticəsində meydana gələn təsərrüfat-məişət qalıqlarının şəhərin məskunlaşma bölgələrindən və ticarət-sənətkarlıq obyektlərindən kənarlaşdırılmısı (axıdılması) üçün nəzərdə tutulmuş yeraltı qurğu sisteminə deyilir. Azərbaycanın Lahıc, Basqal, Şamaxı, Şəmkir, Dərbənd və başqa iri yaşayış məntəqələrində mövcud olmuş kanalizasiya sistemlərini yerli əhali “kürəbənd” adlandırmışdır. Kürəbənd, bir qayda olaraq, yaşayış məntəqələrinin daş döşənmiş küçələri boyu quraşdırılır, ana (baş) xətdən və ona qovuşan məhəllə xətlərindən ibarət şaxələnmiş sistem şəklində lahiyələndirilirdi. Adətən kürəbəndlər yastı (tava şəkilli) yonulmuş qaya daşlarından qurulur, ölçülərinin müxtəlifliyi ilə bir-birindən fərqlənirdilər. Məsələn, orta əsrlər Şəmkir şəhəri ərazisində – şəhər yerinin Narınqala sahəsində, IV-V qazıntı sahəsinin IX-XII əsrlərə aid təbəqəsində aparılan arxeoloji qazıntı işləri zamanı aşkara çıxarılmış şaxələnmiş kanalizasiya-kürəbənd sistemi bişmiş kərpic, çaydaşı və ağdaş lövhələrindən istifadə edilməklə inşa olunmuşdur. Kürəbənd sisteminin kanalının əsas xətdə (baş xətt, ana xətt) eni 35 sm, yan xətdə isə eni 23 sm olmuşdur. Kürəbənd üsulu ilə inşa olunan bu sistemin kanalının içərisi bişmiş kərpic və çaydaşı vasitəsilə səliqəli şəkildə döşənmiş, üst hissəsi isə, çirkab sularının üfunətinin yaşayış məntəqəsinə yayılmaması üçün yonulmuş 65x38x25 sm; 68x44x28 sm; 66x22x27 sm; 65x28x22 sm ölçülü ağ tava daşlarla kip olaraq örtülmüşdür. Qərbdən şərqə istiqamətlənmiş, eni 43,5-44 sm, dərinliyi isə 48-49 sm olan kanalizasiya xətti şəhər qapısının altından keçmişdir. Bayır qala divarında isə eni 44 sm, hündürlüyü isə 48-49 sm olan xüsusi açırım düzəldilmişdir. Şəhristanın şimal-şərq sektorunda, VI qazıntı sahəsində aşkarlanan və uzunluğu 18,3 m olan kanalizasiya xətti isə şəhərin bir məhəlləsinə xidmət etmişdir. Çirkab suyunun axıdıldığı kanalın eni 14-20 sm, dərinliyi isə 22-25 sm olmuşdur. Bu mühəndis qurğusu – kürəbənd şimal-qərbdən cənub-qərbə istiqamətlənib və görünür, ümumşəhər kanalizasiya xəttinə birləşirmiş.
Orta əsr şəhər yaşayış məntəqələrinə aid görkəmi özündə qoruyub saxlayan, əlverişli təbii-coğrafi mövqedə yerləşən və sənətkarlığın bir çox sahələrinin intişar tapdığı Basqalda da orta əsrlərə aid kürəbənd su və kürəbənd kanalizasiya (XII-XIII əsrlər) şəbəkələri mövcud olmuşdur. Mənbəyini Basqalın yuxarı başlanğıcından götürən kanalizasiya şəbəkəsi onun qurtaracağına qədər davam etsə də, mənsəbi bu günə qədər də naməlum olaraq qalmaqdadır. Yerin altı ilə çəkilən bu kürəbənd-kanalizasiya sistemi də tava daşlarla döşənmişdir. Küçə yollarının altında, təxminən 0,5 m dərinlikdə gizlənən şəbəkəli xətlər indiyə qədər qəsəbənin çirkab sularını axıtmış, sel sularından isə əhalini qorumuşdur. Bu sistem hazırda da elə mükəmməl işləyir ki, qəsəbə sakinləri hələ də bu suların hara axıb getdiyindən xəbərsizdirlər. Kürəbənd-kanalizasiya sistemi qədim Lahıcda da mövcud olmuşdur. Ancaq Basqal kürəbəndləri öz unikallığı və möhkəmliyi ilə Lahıcı üstələyir.
Kürəbənd-kanalizasiya sistemi ölçülərinin müxtəlifliyi (eni, hündürlüyü, uzunlluğu), əhatə etdiyi məhəllələrin sayı, şəhərin hansı bölməsində inşası, inşaat texnikasının kamilliyi baxımından bir-birindən fərqlənirlər.
İlk kanalizasiya sistemləri miladdan əvvəl təxminən 2598-ci ildə qədim hind şəhərlərində, xüsusilə Mohenco-Daroda meydana gəlmişdir. Şəhərin evlərində yerləşən ayaqyolu və hamamlarda yaranan çirkab suları xüsusi borularla evlərdən kənarlaşdırılmışdır. Miladdan əvvəl 2300-cü ildə Mesopatamiyada – Şumer şəhərlərində və Babilistanda hökmdarın və əyanların saraylarında kanalizasiya sistemi mövcud olmuşdur. Əvvəllər açıq olan bu kanalizasiya sistemlərinin üstü sonradan daşlarla örtülmüşdür. Zaman keçdikcə qədim Yunanıstan və Roma şəhərlərində də bu tipli kanalizasiya sistemləri inşa olunmuşdur. Qədim Romada nəhəng mühəndis layihəsi olan kanalizasiya – “Böyük Kloaka” dövlətin beşinci hökmdarı Lutsi Tarkvini Priskin zamanında yaradılmışdır. Qədim Çində də bu sistem bir neşə şəhərdə mövcud olmuşdur. Roma imperiyası dağıldıqdan sonra Qərbi Avropada mədəniyyət tənəzzül etdi və uzun müddət kanalizasiyanın çəkilməsi unuduldu. Avropada kanalizasiya sistemi yalnız XIX əsrdə bərpa olundu. Müasir tipli ilk kanalizasiya isə 1843-cü ildə Almaniyanın Hamburq şəhərində inşa edilmişdir.
Orta əsrlərdə Azərbaycan şəhərlərində və iri yaşayış məntəqələrində də yüksək mədəniyyət formalaşmış, bunun nəticəsi olaraq kürəbənd inşaat üsulu ilə hasilə gətirilən kanalizasiya sistemləri yaranmışdır. Ərəb səyyahı və coğrafiyaşünası Əl-Müqəddəsinin məlumatlarından aydın olur ki, çirkab sularını kənara axıtmaq üçün hələ X əsrdə Dərbənd şəhərində kanalizasiya sistemi yaradılmışdır. Bütün bunlara rəğmən kürəbənd üsulu ilə inşa olunan kanalizasiya sistemi Azərbaycan yaşayış məntəqələrinə – Basqala, Lahıca, Şəmkirə, Ordubada, Beyləqana, Qəbələyə, Dərbəndə, Şamaxıya və b. Azərbaycan şəhərlərinə məxsusdur.