AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şeşə

Nümunənin reyestr kodu : DR0203000012

Şeşə quş formasında təsvir olunan, zahı qadınların, qırxı çıxmamış uşağın üstünə gələn, onlara xətər yetirən demonik varlıqdır. Bu mifoloji personaj haqqında təsəvvürlər Azərbaycanın əsasən cənubunda – Lənkəran-Astara, Naxçıvan bölgəsində geniş yayılmışdır. Hal anası, Al arvadı adı ilə tanınan mifoloji varlıqla, demək olar ki, eyni funksiyanı yerinə yetirir. Bu gün də Lənkəran-Astara bölgəsində zahı qadınları, qırxlı uşaqları Şeşədən qorumağa çalışırlar. Hamilə və ya qırxlı qadınları gecə vaxtı ağac dibinə, qaranlıq yerlərə getməyə qoymurlar. Qırxlı uşağı şər qarışan vaxtı həyətə düşürməzlər, ağac dibinə aparmazlar, qırxlı uşağın paltarını axşam vaxtı ip üstündə qoymazlar.

Cəlal Bəydilinin yazdığına görə, şeşə qeybdən gələn quşdur. Demonik təbiəti olan, ancaq gecələr uçan bu quş daha çox oğlan uşaqlarına zərər toxundurur, uşaq tək qalanda onu vurub öldürür. Ona görə də oğlan uşaqlarını altı ayına qədər gözləyirlər. Deyilənə görə, Şeşə evə girəndə o evdə oğlan uşağı ölər və yaxud Şeşə qırxlı uşağın üstündən uçarsa, həmin uşaq qaralıb boğular. Naxçıvan bölgəsindən toplanmış inanclarda şeşənin uşağı boğazından vurduğu, uşağın yanında Şeşənin adını çəkdikdə uşağa ziyan yetirdiyi söylənilir. Uşağı Şeşədən qorumaq üçün onun bələyinə iynə-sancaq taxarlar. Şeşəni tutan və ya onu öldürən şəxs əlini Şeşə vuran uşağın boğazına çəkərsə, həmin uşağın şəfa tapacağına inanılır.

Masallı rayonunda toplanmış təsəvvürlərdə Şeşənin uşağın üstünə həftənin altıncı günü gəldiyi, uşağı apardığı, boğub öldürdüyü deyilir. Ona görə həmin gün zahı qadını tək qoymazlar. Deyilənə görə, Şeşə ən çox buğdanı, düyünü xoşlayır. Ona görə həftənin altıncı günü evin güncünə, həyət-bacaya buğda, düyü, un səpərlər. İnanca görə, onları yeyən Şeşə həmin nemətlərdən keçə bilmir və uşağa xətər yetirmir. Hətta unu qovuraraq həyət-bacaya səpərdilər ki, Şeşə unun iyindən doyub daha o evə girməsin. Şeşəni görən adamlar onu bir kölgəyə bənzədirlər. Masallı rayonundan yazıya alınmış mətndə deyilir ki, zahı yatan bir qadın gecə yuxuda Şeşənin kölgəsinin divara düşdüyünü görür. Yuxudan ayılıb qışqırır, haray-həşir salır. Evin küncünə boşqabda un qoyur, ətrafa düyü səpir. Ondan sonra təhlükənin sovuşduğu və kölgənin çəkildiyi deyilir.