AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Fatma ana

Nümunənin reyestr kodu : DR0203000009

Fatma nənə Umay kultu ilə bağlı mifoloji obrazdır. Tədqiqatçılar Fatma adını Məhəmməd peyğəmbərin qızı Fatimənin adı ilə əlaqələndirir, mifoloji düşüncənin məntiqi daxilində Umay ana obrazı ilə onun arasında kontaminasiya baş verdiyini və İslam ənənəsində əsatiri dona büründüyünü qeyd edirlər. Cəlal Bəydili bundan çıxış edərək yazır: “Tarixdən bilinən Fatimənin həyatı hadisələrlə bir elə zəngin olmayıbdır. Amma müsəlman rəvayətlərində onun övliyalığından, kəramətlərindən danışılır. Müsəlmanlığı qəbul etmiş türk xalqlarının dini mifoloji görüşlərində etnik-mədəni ənənənin təkamül qanunauyğunluqları çərçivəsində onun Umay obrazı ilə kontaminasiyası baş vermişdir”.

Dini-mifoloji təfəkkürdə Fatma ana dünyanın anasıdır. İnanca görə, Fatma ana hanasını quranda kim ətəyini daşla doldurub hananın altından keçsə, daş dönüb qızıl olar. Digər bir mətndə deyilir ki, Fatma ananın hanası dünyanın dolağıdır. Yağış yağanda çiçəklərin rəngini özünə çəkən və göydə parlayan bu dolağın altından keçən oğlan dönüb qız olar, qız dönüb oğlan olar. Başqa bir mətndə göy qurşağı Fatma ananın qurşağı hesab olunur. Deyilənə görə, güclü yağış yağanda leysanın qarşısını almaq üçün o, öz qurşağını açır. Kim həmin qurşağın altından keçsə, inanca görə, Allah onun mətləbini verər.

Azərbaycan mifoloji təfəkküründə Fatma ana həm də mədəni qəhrəman kimi çıxış edir, bəzi bitkilər, yemək növləri onun adı ilə bağlanılır. Məsələn, bir əfsanədə deyilir ki, el dağa köçəndə bir nəfərin ürəyindən su qıjısı yemək keçir. Onun ürəyindən keçəni bilən Fatma ana qoltuğunun tükünü qoparıb su kənarına atır. El dağdan qayıdıb gələndə həmin yerdə çoxlu su qıjısı əmələ gəlmiş olur. Başqa bir mətndə səməni halvası Fatma ananın adı ilə bağlanılır. Deyilənə görə, Fatma ana Yezidə əsir düşəndə uşaqların ac qalmaması üçün sünbülün dənələrini yığıb cücərdir. Cücərmiş dənələri daşın üzərində döyüb ondan səməni halvası hazırlayır. Ən güclü nəzir hesab olunan səməni havası niyyət edilərək hazırlanır.

Cəbrayıl rayonunun Xələfli kəndində eyni adlı ocaq da vardır. Deyilənə görə, həmin ocağın sahibi olan Fatma ana kündə salanda kafirlər onun başının üstünü kəsdirir. Kafirlərin əlinə keçməmək üçün Allahdan onu daşa döndərməsini xahiş edir. Allah onu əlində oxlovu, xəmiri kündələrə bölünmüş halda daşa döndərir. Arazın lal axması da Fatma ananın adı ilə bağlanılır. Deyilənə görə, Fatma ana bir dəfə Arazın o tayındakı bir şəxslə danışırmış. Çayın qıjıltısı ona mane olduğundan onu qarğayır ki, səni görüm lal axasan. O vaxtdan da Araz lal axır.

Əfsanələrdən, mifoloji mətnlərdən əlavə, ovsunlarda da Fatma ananın adı sıx-sıx çəkilir. Qurdun ağzını bağlamaq üçün oxunan qurdağzı duasında, ilandan qorunmaq, yağışı kəsdirmək üçün oxunan dualarda onun adı çəkilir. Deyilənə görə, Fatma ananın adı çəkilən yerdə ilan insana xəsarət yetirməz, qurd çöldə yiyəsiz qalmış heyvana toxunmaz, yağış taxıla ziyan vurmaz. “Mənim əlim deyil, Fatma ananın əlidir” deyimi də ovsun mənasında işlədilmişdir. Çünki Fatma ananın əlinin insanları bəlalardan hifz etdiyinə inanılmışdır. Ona görə toyuğu kürt basdıranda yumurtaları onun altına “Fatma ananın əliylə qoyuram” deyərək yığardılar. Onda yumurtaların içərisində lax olmayacağına, hamısının bala verəcəyinə inanılırdı.