Kaftar
Nümunənin reyestr kodu : DR0203000006
İnsandan dönmə olduğuna inanılan, buynuzlu mifoloji varlıqdır. Guya o gecələr qəbiristanlığa gələr. Təzə qəbri eşib ölünü gordan çıxarar, daşa söykəyib onu buynuzu ilə vurar və onun beyni ilə qidalanar.
Azərbaycanın şimal, şimal-qərb bölgələrində o, Kuskaftar adı ilə tanınır. Kuskaftarın xortlamış ölü olduğu, heç kim onu evinə qəbul etmədiyi üçün avara-sərgərdan gəzdiyi söylənilir. Yaşlılar nadinc, sözəbaxmayan uşaqları, adətən, Kuskaftarla qorxudardılar ki, Kuskaftar gəlib səni aparacaqdır. Kuskaftar adlı qarı obrazına Dağıstan xalqlarının demonoloji təsəvvürlərində də rast gəlinir. Uzun pırtlaşıq saçları və iri döşləri olan həmin bədheybət görünüşlü, iti dişli qarı guya qızları ilə meşədə yaşayır və uşaqları oğurlayıb yeyir (Cəlal Bəydili).
Farslarda Kaftar qadına bənzər əfsanəvi varlıq hesab olunur. Çirkin görkəmi olan bu qadının falçılıqla məşğul olduğu, ölüləri məzarından çıxarıb götürdüyü söylənilir. Onun kəskin dişlərinin olduğu və quş cildinə girməyi bacardığı deyilir. Fars dilindən tərcümədə “kaftar” sözü göyərçin anlamına gəlir. Bu varlıq haqqında təsəvvürlərin də farslardan digər türk xalqlarına keçdiyi qeyd olunur (Deniz Karakurt).
Azərbaycanda kaftar həm də ölmüş insanların beyini, qoyunların quyruğu ilə qidalanan yırtıcı heyvandır. Bu heyvan xalq arasında goreşən adı ilə də tanınır. Deyilənə görə, kaftar ölünün iyinə gəlir. Qəbri eşib ölünü oradan çıxardaraq onun beyni ilə qidalanır. Hətta belə bir rəvayət olunur ki, Zəngilan rayonunda bir nəfər dünyasını dəyişir, onu Ağagorlu adlanan yerdə aparıb dəfn edirlər. Kaftar qəbri eşməsin deyə ölən şəxsin qardaşı onun keşiyini çəkir. Bir vaxt görür ki, itdən bir az böyük yırtıcı bir heyvan gəlib qəbri eşir, meyiti qəbirdən çıxardaraq başdaşına söykəyir. Həmin heyvan ölünün kəllə sümüyünü parçalamaq üçün bir qədər geriyə gedir. Bu vaxt həmin adam meyiti başdaşının arxasında gizlədib kəfəni başdaşının üstünə salır. Kaftar sürətlə gəlib meyitə kəllə vurduqda başı başdaşına dəyib parçalanır. İnanca görə, hər alət kaftara təsir etmir, onu ancaq qəbiristanlıqda işlədilən alətlərlə öldürmək mümkündür. Həmin adam da qəbiristanlıqdan götürdüyü bellə onu vurub öldürür. Bu gün də Azərbaycanın bəzi bölgələrində üç gün təzə qəbrin keşiyi çəkilir, və yaxud kaftar qəbirə yaxın düşməsin deyə onun üstünə qaratikan kolu qoyulur. Bundan əlavə, bəzi bölgələrdə qəbrin üstündə üç gecə ocaq qalanır. Deyilənə görə, ocağın tüstüsü ölünün iyini itirdiyi üçün kaftar onun qoxusunu ala bilmir.
Kaftarla bağlı təsəvvürlər vaxtilə Azərbaycanın müəyyən bölgələrində bayram günlərində oynanılan kaftar oyununun da mövzusu olmuşdur. “Kaftarkusi”, “kaftarkus” adı ilə tanınan bu oyunun mövzusu kaftarla insanın mübarizəsi üzərində qurulub. Oyunun Kəlbəcər rayonundan yazıya alınmış təsvirinə görə, bir nəfər kaftar görkəmində bəzədilir, ağız nahiyəsi timsah ağzı kimi düzəldilir. Bir çömçəni alt, digər çömçəni üst çənəsinə bağlayır, ağzını açıb yumduqda çömçələr bir-birinə dəyib şaqqıldayır. Kaftar roluna girən adam o qədər qorxunc görkəm alırdı ki, uşaqlar, qadınlar onu görəndə qorxurdular. Oyun bir nəfərin təsadüfən kaftarla qarşılaşması ilə başlayırdı. Kaftara gücü çatmayacağını görən gənc ona hiylə ilə qalib gəlməyə çalışır. Əyninə kəfən geyinib kaftarın yolu üstündə uzanır, özünü ölülüyə vurur. Kaftar gənci divara dik söykəyir, özü geri çəkilib ağzını şaqqıldada-şaqqıldada sürətlə irəli gəlir. “Ölü”yə kəllə vurmaq istəyəndə “ölü” böyrü üstə yıxılır, kaftarın başı divara dəyir. Kaftar bir də “ölü”nü divara söykəyib geri çəkilir. Oyun bu şəkildə davam edir, hər cəhd zamanı başı divara dəyən kaftar axırda aldığı zərbədən ölür. Kaftara qalib gələn gənc sonda kəfənin içindən çıxıb ayağını kaftarın üstünə qoyur, hamı onu alqışlayır.
Göründüyü kimi, kaftar əslində yırtıcı bir heyvandır. Lakin uzun müddət o əfsanəvi bir varlıq hesab olunmuş, ona məxsus bir çox xüsusiyyətlər də həmin obrazın üzərinə köçürülmüşdür.