Əzrail
Nümunənin reyestr kodu : DR0203000003
İnsanların canını almaqla hökümlü olan Əzrail Allahın dörd ən sevimli mələyindən biridir. Şifahi ənənədə Azreyil, Əzrayıl kimi fərqli variantlarda adlandırılan bu varlığın insanların canını almasının maraqlı bir hekayəsi vardır. Deyilənə görə, Allah-taala insan yaratmaq üçün mələklərini çağırıb dünyanın dörd bir tərəfindən torpaq gətirmələrini tapışırır. Cəbrayıl, Mikayıl, İsrafil hansı biri torpağın üstünə gedirsə, torpaq insanların əməlinə görə cəhənnəm odunda yanacağını bildiyi üçün ondan götürməyə icazə vermir. O qədər çığırıb-bağırır, and-aman eləyir ki, onların torpağa rəhmi gəlir və əliboş geri qayıdırlar. Yalnız Əzrail torpağın qışqırıb-bağırmağına baxmayaraq, onun üstünə gedir, ondan qoparıb gətirir. Məhz bu cəhətinə – sərtliyinə, amansızlığına görə Allah insanların canını almağı ona həvalə edir.
Dini məxəzlərdə olduğu kimi Azərbaycan şifahi ənənəsində də Əzrailin canının qiyamət günü Allah tərəfindən alınacağı qeyd olunur. Hətta deyilənə görə, Allah onun canını o qədər zülmlə alacaq ki, dünyanın o biri ucunda olan adam onun çığırtısını eşidəcək.
Əzrail haqqında təsəvvürlər islamdan əvvəlki dini məxəzlərdə də mövcud idi. “Əhdi-ətiq”də ölüm tanrının göndərdiyi mələyin fəaliyyəti olaraq qəbul edilir. Rabbilərə (yəhidi din xadimləri) aid kitablarda adı keçən dörd ölüm mələyindən birinin adı Azraeldir. Yəhudi inanclarında ölüm mələyinin yaradılışın ilk günlərindən var olduğuna inanılır. Məkanı göylərdə olan bu mələk on iki qanadlı, əlində qılıncı ilə canını aldığı insanların başı ucunda durmuş halda təsvir olunur. Tədqiqatçıların qənaətinə görə, xristianlıqdakı və islamdakı Əzrail haqqında təsəvvürlər də yəhudilikdən alınmadır. Quran və hədislərdə Əzrail haqqında ətraflı məlumat yoxdur. Sadəcə olaraq, Allahın mələyi olduğu, mömin insanların canını rahatlıqla, pis insanların canını isə əziyyətlə aldığı qeyd olunur (İslam ensiklopediyası).
Dini mənbələrdən fərqli olaraq, şifahi ənənədə Əzrailin fərqli təsvirlərinə rast gəlinir. Bunların bir qismi dini məxəzlərdəki təsvirlərlə üst-üstə düşür. Əzrail ağ atın üstündə gəzən bir kişi kimi təsvir olunur, onun atına mindikdə dünya insanın gözünə qızıl qanın içində olan bir xəlbir kimi görünür. Əzrail canını almaq istədiyi insanın başı ucunda durur və qılıncla onun başını kəsir. Bu vaxt, deyilənə görə, ölən adamın qanı otağın dörd bir tərəfinə sıcrayır. Ona görə bu gün də kənd yerlərində evdən ölü çıxarıldıqdan sonra otaq yığışdırılır, döşəmə silinir, divarlar yarıya qədər ağardılır. Hətta Yevlax rayonunda axıska türklərindən qeyd alınmış inama görə, Əzrail ölünün başını kəsdikdən sonra qanlı qılıncını həyətdəki suda yuyur. Ona görə ölü düşən evin yeddi qapı sağında və solundakı həyətlərdə nə qədər su varsa, hamısı boşaldılır, yenidən doldurulur. Verilən bu təsvirlər dini məxəzlərdəki təsvirlərlə, demək olar ki, eynidir, lakin daha arxaik təsəvvürlərin qorunub saxlandığı nağıllarda tamam fərqli bir Əzrail tipi ilə qarşılaşırıq. “Qəhrəman Əzrail qılığında” (TR 1725) süjetində Əzrail qılığına girən qəhrəman əyninə köhnə, cırıq paltar geyinir, paltarın üstünü zınqırov, tısbağa, şeytan çanağıyla bəzəyir. Canını almağa gəldiyi adamı qorxutmaq üçün onun yatağının başında ayağını yerə vuraraq çanaqların gurultulu eybəcər bir çıxarmasına səbəb olur. Başqa bir mətndə isə nəvə nənəsini qorxutmaq üçün Əzrail qılığına girir: əyninə keçi dərisi keçirir, üstündən zınqırovlar asır, zınqırovları cingildədə-cingildədə otağa daxil olur.
Türk mifoloji təsəvvürlərinə görə, insanların canı yeraltı dünyanın tanrısı olan Erlik və onun xidmətçiləri tərəfindən alınır. Altay miflərində Erlik əlində yaşıl dəmirdən qılıncı, insan sümüklərindən düzəlmiş əsası olan, bədəni ilanlarla sarılı, öküzün belində gəzən bir varlıq kimi təsvir olunur. Bu gün şifahi ənənədə Əzrailin öküz kimi təsvir olunması (yuxuda öküzün adamı təqib etməsi insanın əcəlinin çatması kimi yozulur), başı vedrəyə keçmiş inəyi Əzrail zənn edib ondan qorxan qadın haqqında rəvayətlərin mövcudluğu göstərir ki, Erlik haqqında təsəvvürlərin bir qismi sonradan Əzrail obrazına transformasiya olunmuşdur. Ona görə Quranda, hədislərdə Ərzayıl haqqında ətraflı təsvir olmadığı halda, Azərbaycan şifahi ənənəsində Əzrail haqqında geniş məlumatlar mövcuddur. Bu təsəvvürlərin formalaşmasında islamdan əvvəlki dini təsəvvürlərin böyük rolu olmuşdur.