AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Seyrana çıxmaq

Nümunənin reyestr kodu : DB0204020002

Azərbaycanın bir çox bölgələrində yazda keçirilən mərasim formasıdır. Slavyan xalqlarında keçirilən pasxa gəzintisi ilə, demək olar ki, eyni mahiyyət kəsb edir. Zaqatala və Qax rayonlarında bu mərasim keçən əsrin ortalarına qədər davam edirdi. Seyrana, adətən, aprelin ortalarında – qoyunlar dağa çıxan vaxtı, başqa deyimlə, darı cücərib yarım qarış boy atanda çıxılırdı. Bu mərasimdə yetkinlik yaşına çatmış qızlar, oğlanlar iştirak edirdi. Zaqatala rayonunun Dağ Suvagil kəndində hər tabunun öz seyran yolu var idi. Ən uzun seyran yolu Aşağı tabunun idi. Aşağı tabun dörd dağ, orta tabun iki dağ, yuxarı tabun isə bir dağ aşırdı. Aşağı tabun Qonbaş, Tinipi, Barsidan, Barqutan təpələrini dolaşırdı, Orta tabun Arnaydan çıxıb Kaçapiridən enirdi, Baş tabun isə Kaçapiri hərlənib kəndin qabağında seyranı tamamlayırdı.

Saxur folklorunun araşdırıcısı Əli Süleymanovun yazdığına görə seyrana may ayının axırı və iyulun əvvəllərində biçin və ot çalımı mövsümü qabağı çıxılırdı. Seyrana çıxılmasını müəllif belə təsvir edir: “Səhər-səhər kəndin kovxası car çəkər, kəndin cavanları təyin olunmuş yerə – Eraya toplaşar, oğlan və qızlar çala-oxuya iki günlük azuqə ehtiyatı ilə səfərə çıxarmışlar. Seyran yolu iki sutka davam edərmiş. Bu müddət ərzində 32 dağ zirvəsi, yaylaq və düzəndən keçərlərmiş. Bu şənlikdə sümsülər, qara zurna, tampur, nağara və s. yerli musiqilər səslənərmiş”.

Seyrana səhər tezdən çıxılırdı. Hər kəs evdən hazır yemək – fətir, yumurta, bişmiş ət, həmçinin çalıb-oymaq üçün nağara, zurna, tənbur kimi musiqi alətlərini götürüb çıxırdı. Seyran yolu birbaşa gəzilməzdi. Yolboyu düşərgələr salınırdı. Düşərgələr çox vaxt qoyun binələrinə yaxın yerdə salınırdı. Qızlar evdən gətirdikləri yeməkdən süfrə açır, pendir, qatıq kimi bəzi ərzaqları çobanlardan alırdılar. Yeməklərini yeyib, çalıb-oynayıb yenə yollarına davam edirdilər. Növbəti yatağa çatanda bu dəfə orada düşərgə salırdılar. Zaqatala rayonunun Mamrıx kəndində seyrana bulaq üstünə gedilirdi. Qızlar mahnı oxuyur, oğlanlara tərif deyir, oğlanlar da bir kənarda durub onları seyr edirdi. Seyran vaxtı “Salamməlik”, “Ceyranım”, “Qara gözlüm” kimi mahnılar oxunurdu ki, həmin mahnıların sözləri məhəbbət mövzusunda idi. Yeni Suvagil kəndindən qeydə alınmış “Mənim gülüm” mahnısını qızlar seyran vaxtı oxuyurdular:

Ləngəridə üzüm var, mənim gülüm

Üzüm səndə gözüm var, lilay, liloy.

İki əmi qızının, mənim gülüm,

Kiçiyində gözüm var, lilay, liloy.

Dağlara çən düşəndə, mənim gülüm

Sünbülə dən düşəndə, lilay, liloy

Ruhum bədəndə oynar, mənim gülüm

Yadıma sən düşəndə, lilay, liloy

Zaqatala rayonunun Kələli kəndində seyran vaxtı uçuncaq (məmiley) qurulurdu. Kənd sakini Yusif Məmmədovun dediyinə görə, Qas deyilən ərazidə böyük armud ağacı vardı, orada keçi qəzilindən toxunmuş sicimdən uçuncaq qururdular. Uçuncaqda oturulu, ya da ayaq üstə yellənirdilər. Oturanda bir nəfər onu yellədir, ayaq üstə durduqda isə əyilib qalxmaqla yelləncəyi hərəkətə gətirirdilər. Qızlar uçunan vaxtı oğlanlar kəmərlə onu vurub istədiyi oğlanın adını xəbər alır, həmçinin oğlanlar uçunan vaxtı qızlar kəmərlə onları vurub istədiyi qızın adını soruşurdu.

Bir gündə eyni seyran yolunu bəzən üç dəfə gəzilirdi. Seyrandan axşam düşəndə qayıdılırdı. Ondan sonra kiminsə evində toplaşıb ya maxara, ya da aş bişirilir, oğlanlar, qızlar bir yerdə mahnılar oxuyub səhəri açırdılar. Səhər də hər kəs dağılışıb evinə gedirdi.