Oyun yallıları
Nümunənin reyestr kodu : FM0401010001
Süjetli yallılar kimi də tanınan bu rəqslər teatrlaşmış xalq oyunlarıdır. Xoreoqrafik quruluşu və ifa tərzi müəyyən bir süjeti xatırladır. Bura “Qazı-qazı”, “Üç barmaq”, “Zopu”, “Çöp-çöpü” (“Nehrəmi” də adlanır), “Köçəri”, “Ver-veri”, “Üç pəncə” (“Axsaq yallı” da adlanır), “Dırqoyu” (“Qaleyi” də adlanır), “Turacı” kimi yallılar daxildir. Məsələn, “Dırqoyu” yallısında qanadı qırılmış quşun hərəkətləri yamsılanır. Quş qanadı sındığından uça bilmir, buna baxmayaraq tez-tez onu qaldıraraq hərəkətə gətirmək istəyir. Quşun uçmaq istəyi, yaşamaq həvəsi rəqsin xoreoqrafik quruluşunda çox dolğun şəkildə öz əksini tapmışdır. “Dırqoyu”nun musiqi məzmunu, tempi, xüsusilə də ritmi rəqsin süjetini o qədər düzgün açıqlayır ki, yallını izləyən hər kəs istər-istəməz təsirlənərək quşun bu əlacsız vəziyyətinə acıyır. “Üç pəncə” adlanan yallı havasında isə pəncəsi əzilmiş ayının axsaya-axsaya gəzməsi rəqsin süjet xəttini təşkil edir. Məhz bu səbəbdəndir ki, rəqsin ikinci adı da “Axsaq yallı” adlanır.
Oyun yallılarını müşayiət edən musiqiçi dəstələri (ansambllar), adətən, üç, dörd və daha artıq musiqiçidən ibarət olur. Məsələn, Naxçıvan bölgəsində yallıları üç nəfərdən ibarət musiqiçi dəstəsi müşayiət edir. Bura iki zurna, bir nağara ifaçısı daxildir. Zurna ifaçılarından biri rəqsin əsas melodiyasını ifa edən solistdir. O həm də ansamblın rəhbəri sayılır. Dəmkeş adlanan digər zurnaçı isə bu melodiyada tonikanı və digər istinad pərdələrini “dəm” şəklində uzadaraq ifa edir. Ritmləri ifa edən nağaraçı çubuqdan istifadə edərək iri nağarada (davul, kos) yallını müşayiət edir. Şəki rayonunda isə yallı ansambllarının tərkibi dörd nəfərdən – iki zurna və iki nağara ifaçılarından ibarət olur. Şəkidə solisti müşayiət edən ikinci zurna ifaçısı “zilçi” adlanır.
Kollektivdə zurnaçıları müşayiət edən iri nağara – “kos” adlanır. İki çubuqla çalınan digər kiçik diametrli nağaraya isə “bala nağara” və ya “dümbək” deyilir. Bu çubuqlardan biri düz formada, ikincisi isə ucu geriyə əyilmiş şəkildə olur.
Oyun yallıları vaxtilə Azərbaycanın Şərur, Ordubad, Şahbuz, Şəki, Kəlbəcər, Laçın, Qazax rayonlarında və tarixən azərbaycanlıların yaşadığı İrəvan bölgəsində çox geniş yayılmışdır. Bu bölgələrdə, əsasən, toylarda və el şənliklərində yaşlı insanlardan başlayaraq uşaqlara kimi hər kəs dəstə tutub yallı gediblər. Nəsildən nəsilə ötürülərək gələn həmin ənənə hazırda Naxçıvan Muxtar Respublikasının Babək, Şərur, Ordubad, Şahbuz, Kəngərli, Culfa rayonlarında yaşadılır. Müxtəlif folklor kollektivlərinin repertuarında yer alan oyun yallıları bir çox şəhər və rayonların orta musiqi məktəblərinin tədris proqramına da daxil edilmişdir.