Yas nəğmələri
Nümunənin reyestr kodu : FM0204030001
Yas mərasimində ölən şəxs üçün ağı deyib ağlamaq Azərbaycanda əsrlərdən bəri davam edən bir adətdir. Ağıların oxunduğu mərasimlərin təşkili barədə görkəmli ədib Ə.Haqverdiyev hələ XIX əsrdə yazırdı: “Qədim Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən gün camaat bir yerə toplanırdı. Bu toplantıya yuq deyirdilər (yuq ağlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş “yuqçular” isə ikisimli qopuz çalıb oxuyardılar. Yuqçu əvvəlcə mərhum qəhrəmanın igidliklərindən danışıb onu tərifləyər, sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün mahnı deyərdi. Toplananlar hönkür-hönkür ağlayardı”. Folklorşünas M.Seyidov da öz araşdırmalarında vaxtilə yas mərasimində teatr elementlərindən istifadə olunduğunu qeyd etmişdi. Belə mərasimlərdə rəqqasların, xanəndələrin iştirakı ilə iki hissəli kütləvi tamaşalar təşkil olunmuşdu. Birinci hissədə ölən şəxsin igidliyini, böyüklüyünü tərənnüm etmiş, ikinci hissədə isə qəhrəmanın faciəli ölümünə ağlamışlar. Yuq mərasiminin hər iki hissəsi müsiqi üzərində qurulmuş, birinci hissədə instrumental musiqiyə, ikinci hissədə isə vokal ifaya yer verilmişdi. Yas mərasimində musiqidən istifadə XX əsrin sonlarınadək davam etmişdi. Vaxtsız dünyasını dəyişən şəxsin “aşıq” ilə (zurna-balabanın instrumental musiqi sədaları altında) dəfn edilməsi haqqında Zəngilan rayonundan qeydə alınmış etnoqrafik material da bunu təsdiq edir.
Yas mərasiminin əsas aparıcısı ağıçılardır. Ağıçılar bəlli bir repertuara sahib olsalar da, ağıları olduğu kimi təkrar etmir, onu ölən şəxsə yaraşdıraraq ifa edirlər, ona görə də hər ifa zamanı ənənəvi ağıların yeni-yeni variantları yaranır. Onların seçdikləri süjetlər, metaforalar, poetik müqayisələr ürəklərə toxunur, insanları kövrəldərək ölən şəxsin yaxınlarının dərdini, acısını paylaşmağa kömək edir. Sevil Fərhadova Orxon-Yenisey abidələrində, “Kitabi Dədə Qorqud”da nəsr formalı ağılara söykənərək ağıçıların yas mərasimlərində oxuduğu mətnlərin əvvəllər nəsr formasında olduğunu, bayatı formasında ağı nümunələrinin isə sonralar meydana çıxdığını söyləyir. Bayatı formalı ağılar zamanla xalq tərəfindən də qəbul olunmuş və bu gün də ağıçıların repertuarında əsas yer tutur.
Yas yerində ifa olunan əsas nəğmələrin bir qismini mərsiyələr təşkil edir. Tədqiqatçıların fikrincə, ərəblərə məxsus bu şeir şəkli İslamdan əvvəl də mövcud olmuş və qadınlar tərəfindən döyüşdə həlak olmuş şəxslərin şərəfinə ifa olunmuşdu. Ərəblərdən alınmış bu şeir şəkli ağıçıların repertuarında özünə güclü dayaq tapmışdı. Azərbaycanda mərsiyələr yalnız dini mərasimlərdə deyil, yas məclislərində də ifa olunur. Mərsiyələrin poetik forması Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi dahi Azərbaycan şairlərinin də diqqətini cəlb etmiş və onlar bu janrda gözəl nümunələr yaratmışlar. Mərsiyə janrı XIX əsrdə daha da geniş yayılmış və Mirzə Məhəmməd Tağı Qumri, Mirzə Kərim Şüai, Mirzə Cəbrail Süpehri, Mirzə Həsib Qüdsi kimi dövrünün bir çox tanınmış şairləri bu janrda qələmlərini sınamışlar. Həmin şairlərin Kərbəla müsibəti ilə bağlı qələmə aldıqları mərsiyələr ağıçıların repertuarına daxil olmuş və bu gün də bir çox bölgələrdə dəfn mərasimində – ölünün dəfn olunduğu gün, onun üçündə, yeddisində, qırxında, ilində oxunur. Bu şeirlərdə Məhəmməd Peyğəmbər (s), onun əmisi oğlu və kürəkəni Əli ibn Əbu Talibin (ə) həyatından bəhs edilir, imamların ölümü ədalət, haqq uğrunda şəhidlik kimi mənalandırılır, tərənnüm olunur.
Mərsiyə şeiri Azərbaycan ədəbiyyatında süjetli lirikanın inkişafına müsbət təsir göstərmiş, insanın daxili dünyasının, subyektiv hisslərinin canlı və təsirli təcəssüm etdirilməsində, poetik dilin orta əsrlərə məxsus qəliz ərəb-fars tərkiblərindən təmizlənməsində və sadələşdirilməsində əhəmiyyətli rol oynamışdı.