AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Təsniflər

Nümunənin reyestr kodu : FM0203000002

Təsniflər

Azərbaycan təsnifi muğam sənətində geniş yayılmış vokal-instrumental janrdır. Təsniflər Azərbaycanın şifahi ənənəyə malik professional musiqisində geniş inkişaf edib öz mahiyyəti etibarilə müstəqil janr şəkli almışdı. Muğamla əlaqədar yarandığı üçün təsnif həm də şifahi ənənəli professional musiqi janrı hesab olunur. Təsniflər xanəndələr tərəfindən instrumental müşayiətlə oxunur və onların ifasında zərb alətindən istifadə edilir. Təsniflərin mətnlərini, əsasən qəzəllər təşkil edir, bəzi hallarda heca vəznli şeirlərdən – bayatı, gəraylı, qoşma və s. istifadə olunur. Təsniflər iri həcmli muğamlarda şöbələr arasında ifa olunur. Musiqi nöqteyi-nəzərindən təsniflər elə bir xüsusiyyətə malikdir ki, əsaslandığı muğamın lad, melodik-intonasiya, metro-ritmik xüsusiyyətlərini özündə əks etdirir. Təsniflər forma yaradan bir element kimi vokal-instrumental muğamlarda öz əhəmiyyətini saxlamaqdadır. Azərbaycanın müasir muğam ifaçılığında onlar ənənəvi təsniflər şəklində deyil, yeni forma və məzmunda özünü göstərir, bəzi hallarda isə adi xalq mahnıları ilə əvəz olunur. Lirik və ya rəqsvarı səciyyə daşıyan təsniflərin dəstgahda ifa edilməsinin bir sıra xüsusiyyətləri var: 1) muğamın təsir gücünü artırır; 2) muğam şöbələri arasında bədii təzad yaradır; 3) muğam şöbələrini bir-birilə bağlayır; 4) muğamda metro-ritm cəhətdən konstruktiv ciddilik yaradır.

Azərbaycanın görkəmli musiqişünası Üzeyir Hacıbəyli Azərbaycan təsniflərini bəhrli qrupa aid etmişdi. Bu ondan irəli gəlir ki, təsniflər dəqiq metrik ölçüyə malikdir və şifahi-ənənəli professional musiqi janrı kimi iki şəkildə təzahür edir: həm dəstgah-muğamın tərkibində, həm də müstəqil ifa olunur. Təsnif aid olduğu muğamın və ya şöbənin lad əsası üzərində oxunur və bununla da muğam və ya şöbənin melodik xüsusiyyətlərini daşıyır. Təsnifin melodiyası lad və intonasiya baxımından müvafiq şöbəyə uyğun olur. Məsələn, Rast təsnifi, Şur təsnifi, Bayatı-Şiraz təsnifi və s. Bəzi dəstgahlarda ifa olunan təsniflər həmin muğamın adı ilə adlanır. Məsələn, “Segah” muğamının bütün təsniflərinə şöbədən asılı olmayaraq Segah təsnifi deyilir. Təsniflər nəqəratlı və nəqəratsız formada olur, onların mətni bir və ya bir neçə bənddən ibarət olur. Təsnifdə aşağıdakı ünsürlər üzvi şəkildə birləşir: 1) təsnifin məzmununu təşkil edən ədəbi mətn. 2) lad, melodika, metro-ritm, forma kimi musiqi ifadə vasitələri.

Azərbaycanın qədim tarixə malik mənəvi sərvətinin mühüm və ayrılmaz parçası olan təsniflər xalqımızın milli ideyaları ilə sıx bağlıdır. Xalqın etnik təfəkkürünün, arzu və istəklərinin, kədər və sevincinin ifadəsi olan bu qiymətli incilər uzun əsrləri geridə qoyaraq yaşadılmış, illər keçdikcə cilalanmış, yeni-yeni xallarla zənginləşmişdi. Zaman keçdikcə təsniflərin məzmununda sevgi lirikası ilə bərabər ictimai motivlər də əsas yer tutur. Xanəndələrin ifasında Azərbaycan təbiətini təsvir edən bir çox təsnif mətnlərinə də rast gəlmək mümkündür.

Təsniflərin ifaçıları bilavasitə xanəndələr olsa da, əksər hallarda onları sazəndələr müşayiət edir. Azərbaycan muğam sənətinin tarixində gözəl təsnif ifaçıları kimi yaddaqalan xanəndələr Məşədi İsi, Hacı Hüsü, Əbdülbaqi Zülalov (Bülbülcan), İslam Abdullayev, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məcid Behbudov, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Qəndab Quliyeva və başqaları olmuşlar.