AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Orta Mahur

Nümunənin reyestr kodu : FM0302070001

Orta-Mahur

Azərbaycan muğamları arasında xüsusi yer tutan “Rast” ailəsinə aid dəstgahlardan biri də “Orta Mahur”dur. “Mahur”un birinci növü – “Mahur-hindi” “do” mayəli tonallığa malikdirsə, “Orta Mahur” ondan dörd pillə yuxarı “fa” mayəsinə istinadən çalınıb-oxunur. Bu dəstgah tar musiqi alətinin və xanəndə tessiturasının orta registrində ifa olunur. Xalq musiqiçiləri bu əlamətinə görə ona “Orta Mahur” adı vermişlər. Kök baxımından fərqlər olduğu kimi, “Mahur-hindi” ilə “Orta Mahur” arasında şöbələrin ardıcıllığında da fərqlər üzə çıxır. Müasir dövrdə hər iki dəstgahın məcmusunu 8 şöbə təşkil edir. Hər iki “Mahur”un əvvəlində işlənən 6 şöbə (“Bərdaşt”, “Mayeyi-Mahur”, “Üşşaq”, “Hüseyni”, “Vilayəti”, “Şikəsteyi-Fars”) eynidirsə, son iki şöbə müxtəlifdir. “Mahur-hindi”nin sonunda “Əraq” və “Qərai”, “Orta Mahur”da isə “Mübərriqə” və “Əşiran” şöbələri gəlir.

XIX əsrdə “Orta Mahur” muğam dəstgahının tərkibinə 15 şöbə və guşə daxil idi. Ustad tarzən Mirzə Fərəcin (1847-1927) tərtib etdiyi cədvəldə həmin şöbə və guşələrin ardıcıllığı belə verilmişdi: “Pəs Mahur”, “Üç Mahur”, “Üşşaq”, “Hicri”, “Hüqrə”, “Vilayəti”, “Mübərriqə”, “Əşiran”, “Rak Abdullahi”, “Şikəsteyi-Fars”, “Xavəran”, “Tizək”, “Üç Həzin”, “Mirzə Hüseyn segahı”, “Orta Mahur”.

“Orta Mahur” muğamının xarakter etibarilə əzəmətli səslənməsi onu “Rast” və “Mahur-hindi”dən fərqləndirən əsas cəhətdir. Eyni zamanda, bu muğam səsləndikdə mizrabın tarın bütün açıq simlərinə toxunaraq harmonik fon əmələ gətirməsi onu digər muğamlardan fərqləndirir. Digər tərəfdən, “Mahur-hindi”ni dinləyən tamaşaçıda nikbinlik, mübarizlik ruhu hakim olursa, “Orta Mahur” öz üsyankarlığı ilə fərqlənir. Bu dəstgahda musiqi olduqca gümrah, coşğun, təntənəli səciyyə alır.

“Orta Mahur” muğamının ifası xanəndədən uzun nəfəs, bir neçə mərtəbəli zəngulələr (fioriturlar), boğazda qaynatmalar, bir sözlə, yüksək vokal texnikası tələb edir. “Orta Mahur”un kökü və effektliliyi bu muğamı konsertlərdə solo çalmağa da imkan yaradır. Tarzən “Orta Mahur”u solo çalarkən texniki cəhətdən ustalıq, özünəməxsus ifaçılıq manerası nümayiş etdirməlidir. Burada tarın bütün açıq simlərindən istifadə olunur. Tarın ağ simi do köklənirsə, “Orta Mahur”un mayəsi fa notunda olur. Bununla da ümumi səslənmədə təntənəli xarakter, əzəmət, coşğunluq əldə edilir. Görkəmli tarzən Kamil Əhmədov ifaçılara “Orta Mahur”u olduqca təntənəli, cazibədar və coşğun bir tempdə, onun hər şöbə və guşəsinin müəyyən ifadə vasitələri ilə çalınmasını məsləhət görürdü. “Orta Mahur”un ifası zamanı çalğıçı bu dəstgahın kompozisiya quruluşuna, hər şöbənin xarakterinə dərindən bələd olmalıdır.

“Mahur-hindi” və “Orta-Mahur” muğam dəstgahlarının bir-birinə qohum olmasına baxmayaraq ikincinin ifası hər bir xanəndə və sazəndədən daha böyük bacarıq və ustalıq tələb edir. Azərbaycan muğam sənəti tarixində öz səsi, ifası ilə böyük şöhrət qazanmış bir çox səs sənətkarları – Hacı Hüsü, Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski, Xan Şuşinski, Mütəllim Mütəllimov, Hacı Məmmədov, Yaqub Məmmədov, Canəli Əkbərov və başqaları “Orta Mahur” muğamının mahir ifaçıları olmuşlar. Hazırda bu möhtəşəm muğamın ifası Azərbaycanın görkəmli xanəndələri Alim Qasımov, Mənsum İbrahimov, Sevinc Sarıyeva, Təyyar Bayramov və başqalarının simasında uğurla davam etdirilir.