AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Heyvanlar haqqında nağıllar

Nümunənin reyestr kodu : FL0110030001

Azərbaycan folklorunda heyvanlar haqqında nağıllar dedikdə, insana məxsus xüsusiyyət və əlamətlərin üzvi və qeyri-üzvi varlıqlara köçürülməsi ilə yaranan nağıllar nəzərdə tutulur. Bura baş rolun iştirakçısı heyvanlar olan nağıllarla yanaşı, bitkilər, həşəratlar, böcəklər haqqında nağıllar da daxildir. Digər nağılların əsas predmeti insan olduğu halda, heyvanlar haqqında nağıllarda baş rolun iştirakçısı heyvanlardır, insan isə bu nağıllarda ya yardımçı, ya da heyvanlarla bərabərhüquqlu personaj kimi çıxış edir.

Heyvanlar haqqında nağıllarda hər bir heyvan özünəməxsus xüsusiyyətləri ilə seçilir. Azərbaycan nağıllarında tülkü bicliyi və hiyləgərliyi, canavar axmaqlığı, tısbağa ləngliyi, astagəlliyi, dovşan qorxaqlığı, ayı avamlığı, dəvə müdrikliyi ilə tanınır. Heyvanlara şamil edilən bu xüsusiyyətlər, əslində insanların onlar üçün düşündüyü əlamətlərdir, reallıqda isə həmin heyvanlar tamam başqa keyfiyyətlərə malikdir. Məsələn, real həyatda canavar ağıllı və ehtiyatlı heyvandır, lakin nağıllarda biz bunun tam əksini görürük. Bu da onu göstərir ki, heyvanlar haqqında nağıllar reallıqdan deyil, heyvanlara şamil edilən fantastik təsəvvürlərdən irəli gəlir. Ona görə də heyvanlar haqqında nağıllar alleqorik masqarad deyil, həm insanların, həm də heyvanların həyatından müəyyən elementlərin götürülməsi nəticəsində yaranmışdı.

Sehrli nağıllarda gördüyümüz işıqlı və qaranlıq, yerüstü və yeraltı dünya kimi ikiqütblü dünya bu nağıllarda yoxdur. Burada insanlarla heyvanların bir arada yaşadığı bir dünya təsvir olunur. Azərbaycan nağıllarında hadisələr kənddə, meşədə cərəyan edir və qarşımızda kənd həyatına məxsus bir mənzərə açılır.

Bu tip nağıllar insana məxsus xüsusiyyətlərin heyvanlar üzərinə köçürülməsi nəticəsində yaransa da, heyvanlara məxsus xüsusiyyətlər burada gözlənilir. Heyvanlar haqqında nağıllar zəif-güclü qarşıdurması şəklində təqdim olunur. Güclü rolunda tülkü, canavar, ayı, aslan, zəif rolunda isə ev heyvanları, quşlar və s. çıxış edir. Təbii ki, zəifin özündən güclü heyvana fiziki gücü ilə qalib gəlməsi mümkün deyil, ona görə də bu nağıllarda əsas personajlar hiylə və kələklə məqsədlərinə çatır və nağıl, bir qayda olaraq, zəifin güclü üzərində qələbəsi ilə tamamlanır. İnsan və heyvanların bir arada yaşadığı bu mühitdə əxlaq normaları deyil, qədim instinktlər – yem, qida tapmaq uğrunda mübarizə əsas rol oynayır və bu mübarizə süjetin əsasını təşkil edir.

Zəif-güclü qarşıdurması heyvanlar haqqında nağılların beynəlxalq aləmdə qəbul olunmuş təsnifatında da özünü göstərir. Həmin təsnifata görə, heyvanlar haqqında nağıllar aşağıdakı yarımqruplara bölünür. 1. Vəhşi heyvanlar; 2. Vəhşi heyvanlar və ev heyvanları; 3. İnsan və vəhşi heyvanlar; 4. Ev heyvanları; 5. Quşlar və balıqlar; 6. Digər (əşyalar, bitkilər və təbiət hadisələri).

Azərbaycanda heyvanlar haqqında nağıl süjetlərinin sayı o qədər də çox deyil. Cəmi 119 süjet məlumdur ki, bu da ümumi nağıl repertuarının 17 faizini təşkil edir. Bu süjetlərin 81-i (68 faiz) beynəlxalq, 38-i (32 faiz) isə yerli süjetlərdən ibarətdir. Heyvanlar haqqında nağıl süjetlərinin azlığı onların zəif toplanmasından irəli gəlir.

Heyvanlar haqqında nağıllar Azərbaycanda uşaq ədəbiyyatının formalaşmasına da ciddi təsir göstərmişdi. Qasım bəy Zakirin bir çox təmsilləri, Abdulla Şaiqin “Tülkü Həccə gedir”, Mikayıl Müşfiqin “Tıq-tıq xanım”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və sair əsərlər heyvanlar haqqında nağıllar əsasında yaranmışdı.

Heyvanlar haqqında nağıllar totemik təsəvvürlərdən, zoomorf əcdadlar haqqında miflərdən törəmişdi. Totemik təsəvvürlərin unudulması, totem əcdad haqqında miflərə inamın itməsi nəticəsində totem əcdadlar heyvanlar haqqında nağılların qəhrəmanına çevrilmişdi. Ona görə də heyvanlar haqqında nağıllarda arxaik miflərin bəzi xüsusiyyətlərinə (etioloji məzmun, mahnılardan istifadə və s.) rast gəlmək mümkündür.