AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bəhlul Danəndə lətifələri

Nümunənin reyestr kodu : FL0108010001

Azərbaycan lətifələrinin böyük bir qismini Bəhlul Danəndə haqqında lətifələr təşkil edir. Bu lətifələr Molla Nəsrəddin lətifələrindən həcmcə geniş olması və nəsihətamiz, didaktik məzmun kəsb etməsi ilə fərqlənir. Bəhlul Danəndə haqqında lətifələrin əsas toplayıcısı Nurəddin Seyidovun yazdığına görə, Molla Nəsrəddin lətifələri qısa, yığcam, gülməli, yumşaq yumoru ilə diqqəti cəlb edirsə, Bəhlul Danəndə lətifələrinin əksəriyyəti nisbətən geniş süjetə malik olan novellavari hekayə, fəlsəfi-didaktik rəvayətlərə oxşayır. Bəhlul haqqında lətifələrin forma və məzmunca Molla Nəsrəddin lətifələrindən fərqlənməsi fikri bir çox folklorşünasların araşdırmalarında da öz təsdiqini tapmışdı. Tədqiqatçılar Bəhlul haqqında lətifələrin hekayə xarakteri kəsb etdiyini, Molla Nəsrəddin lətifələrindəki “ilıq yumor”dan fərqli olaraq, satiraya meyl etdiyini xüsusi vurğulamışlar.

Bəhlul Danəndə hazırcavab, ağıllı, müdrik söz ustası kimi təkcə Azərbaycanda deyil, həm də Yaxın Şərqdə tanınmışdı. Onun tarixi şəxsiyyət olması, ərəb xəlifəsi Harun ər-Rəşidin və yaxud Bağdad hakimi Məmunun qardaşı olması barədə fikirlər söylənmişdi. N.Seyidovun yazdığına görə, Harun ər-Rəşidin xəlifəliyinin ilk illərində dövlət aparatında çalışanların çoxu iranlı bərməkilərdən ibarət idi. Elm, mədəniyyət və incəsənətin çiçəkləndiyi həmin dövrdə Bağdadda arxitekturalı gözəl binalar tikilir, elmə, poeziyaya, musiqiyə fikir verilirdi. Lakin bir qədər sonra Xəlifə bərməkilərə şübhə ilə yanaşır, onları zindana saldırır, dövlət aparatından qovdurur. Bununla əlaqədar, həmin dövrdə xalq üsyanları baş qaldırır. Müəllifin fikrincə, Bəhlul da həmin dövrdə tarix səhnəsinə çıxaraq xalqın marağını müdafiə etmişdi. Azad Nəbiyev də Bəhlul Danəndə haqqında lətifələrin VIII əsrin sonlarında xalq arasında sürətlə yayılmağa başladığını, ərəblərin istilası ilə Azərbaycana gətirildiyini və burada yerli koloritə uyğun olaraq cilalandığını və milli lətifə kimi yenidən formalaşdığını yazır. Müəllifin fikrincə, bu proses uzun bir zamanı əhatə etmiş, alınma süjetlərlə yanaşı, müxtəlif məzmunlu lətifələrin onun adına bağlanması ilə Bəhlul Danəndə haqqında lətifələrin sırası xeyli genişlənmişdi. Qeyd etmək lazımdır ki, Bəhlul Danəndənin adı ilə bağlı lətifələr başqa lətifələrlə qaynayıb qarışsa da, ilk xüsusiyyətini itirməmiş, hekayəvi xarakter daşıması, ictimai-didaktik mahiyyəti, lətifələrə məxsus üslubu ilə nəzəri cəlb etmişdi.

Bəhlul obrazı xalq arasında o qədər geniş yayılmışdı ki, sonradan nağıllara da keçərək bir çox nağılların baş qəhrəmanına çevrilmişdi. Nağıl personajına çevrildikdə belə, lətifə qəhrəmanı kimi daşıdığı müdrikliyi, uzaqgörənliyi, baməzəliyini itirməmiş, nağıl süjetlərində də həmin xüsusiyyətləri qoruyub saxlamışdı.

Bəhlul Danəndə lətifələrinin mövzusu genişdir. Burada ölkəni idarə etməkdən tutmuş, ədalətsizlik, günahkarlıq, əxlaqsızlıq, mənəvi paklıq, riyakarlıq, varidat hərisliyi kimi bir çox mənəvi-əxlaqi məsələlər əks olunmuşdu. Bu lətifələr xalqın həyat və məişəti ilə o qədər bağlanmışdı ki, onların milli hüdudlardan kənarda meydana gəldiyinə, başqa regionda, ölkədə və ya diyarda yarandığına inanmaq mümkün deyil.

Azərbaycanda Bəhlul Danəndə lətifələri ilk dəfə Fəridəddin Əttar tərəfindən toplanmışdı. 1910-cu ildə Əlabbas Müznib “Şeyx Bəhlul” kitabında Bəhlul Danəndə lətifələrindən nümunələr çap etdirmişdi. Bir neçə ildən sonra Ə.M.Qəmərlinski tərəfindən “Bəhlul Danəndə”, Abdulla Şaiq tərəfindən isə “Bir saatlıq xəlifə” adlı dram əsərləri yazılmışdı. XX əsrin əvvəlində Bakıda “Bəhlul” adlı xüsusi satirik məcmuə də nəşr olunmuşdu.