AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ağılar

Nümunənin reyestr kodu : FL0201000001

Azərbaycan şifahi xalq yaradıcılığında mərasim nəğmələrinin geniş yayılmış forması kimi ağılar insan ölümü, faciəsi ilə bağlı olub qəm-qüssə, kədər, bədbin əhval-ruhiyyə məzmunu kəsb edir. Yaşlı insanların dediyinə görə, ölüyə ağlamaq ona verilən qiymətdir. Ona görə də hər kəs öz ölüsünü şərəfli götürmək üçün yas düşdükdə ailədə gözəl avazı olan, ağı demək qabiliyyətinə malik şəxslər varsa, onları irəli verir, yoxdursa kənardan dəvət edir. Kənardan dəvət etdikdə ölü sahibi əvvəlcədən ölənin sənət və sifətlərini ona izah edir, o da bu sifətlər haqqında mənsur oxşamalar qoşur və bayatıya keçərək ölü yiyələrini, təziyəyə gələnləri ağladır.

Ağılar mənzum və mənsur formada olur. Nəzm formasında olan ağıların böyük əksəriyyəti bayatı qəlibindədir, ənənəvi bayatılardan sadəcə məzmununa görə fərqlənir. Ağılara kədər, qəm hakimdir. Burada işlədilən “ay bala”, “ay oğul”, “laylay”, “balam laylay”, “vay” kimi sözlər dinləyicilərdə emosional tə​siri daha da gücləndirir:

Bu yol Cavada gedir, bala,

Axıb Cavada gedir.

Balası ölən analar,

Gör, nə havada gedir.

Mənsur formada olan ağılar isə çox vaxt feli sifət tərkibindən, ismi birləşmələrdən təşkil olunur. Mənsur formada olan ağılarda rəhmətə gedə​nin yaşına, peşəsinə, həyatda tutduğu mövqeyi​nə, mənsəbinə, əxlaq və gözəl​li​yinə, boy-buxununa, şücaə​tinə, səxavətinə, şan-şöhrətinə və xeyirxah​lığına uyğun məziyyətlər sadalanır, sonluğu da “lay-lay”, “anan qurban”, “vay” sözləri ilə tamamlanır. Goranboy rayon sakinindən yazıya alınmış və ağıçının yaxın qohumu üçün söylədiyi aşağıdakı ağı nümunəsi buna misal ola bilər: “Ay dağlar qızı, ay ayran qabaqlı, qızaran yanaqlı, ağını qardan götürən, qırmızısını nardan götürən, pəhləvan xalam, a lay-lay, pəhləvan xalam, a lay-lay”.

Ağı deyiləndə ölən şəxsin paltarı ortalığa tökülür, şəkili də baş tərəfdən üstünə qoyulur. Dil deyə bilən şəxslər qa​baq​da oturub ağı deyir, camaat da “şaxsey” vurur. Bu məqsədlə ölən şəxsin paltarı qırx gün, bəzi yerlərdə bir il evdə sax​lanır, cümə axşamlarında həmin paltar ortalığa tökülüb dil deyilir. Yaxud qəbir üstünə ge​dəndə ölən şəxsin köy​nəyi, papağı götü​rülür​, onu bağırlarına basıb ağla​yırlar. İli çıxandan sonra isə həmin paltar bir mələ​fə​yə bükülüb qəbrin ayaq tərəfində bas​dırılır. Yas yerlərində dil deyib ağlamaq gü​nor​taya qədər çəkir, şər qarışan vaxt ağlamaq günah sayıldığı üçün saat dörddən sonra dayandırılır.

Ağılar müəyyən ahənglə, bəzən də musiqinin müşayiəti ilə oxunur. Ağıların ifasında musiqidən istifadə olunması daha qədimlərə gedir. Cavan ölən şəxsin dəfninə aşıq gətirilməsi keçən əsrin sonlarına qədər bəzi bölgələrdə qalmaqda idi. Zəngilan rayonu Ağalı kəndində ağı demək üçün aşıqları Füzuli rayonundan gətirirdilər. Kənd sakini Elmira Mikayılovanın dediyinə görə, aşıq dəstəsi iki nəfərdən – qaval və klarnet çalandan ibarət olur və muğam üstə bayatılar deyir​dilər. Ölü yuqat​dan (yuyulan yer) çıxarılan​dan sonra aşıq başlayır, qəbiristanlığadək oxu​yur​du. Qə​bir​istan​lığa çatanda isə aşıq dayanır, molla “Qurana” baş​la​yırdı. Söyləyicinin dediyinə görə, xalası oğlu dün​ya​sını dəyi​şəndə oğlanın nişanlısı ilə aşıq qəbiristanlığadək deyişə-deyişə ağılar demişlər.

Yas yerində ağıları dil bilən insanlar, ya da ağıçılar oxuyurlar. Belə qadınlara Bakıda “yedəkçi”, bəzi rayonlarda “ağıçı”, Şəkidə “sazanda” və b. deyilir. Bu şəxslərin həyatını gözdən keçirdikdə məlum olur ki, ağıçıları birləşdirən bir ümumi cəhət var: bu da onların dərdli olması, həyatda baş​larına gələn faciələr, müsibət​lərdir. Zəngilan rayonu Ağalı kənd sakini Elmira Mikayılova, Laçın rayonu Vağazin kənd sakini Güllü Abasəliyeva oğlu nakam dünyasını dəyişəndən sonra, Füzuli sakini Şəkər Həsənova isə şəxsi həyatındakı uğursuzluq, çəkdiyi mü​sibətlərdən sonra məclislərə gedə​rək ağıçılıq etməyə başla​mışlar. On​ları dil​ləndirən, danış​dı​ran da həmin acı​ları, dərdləridir.