AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qablama

Nümunənin reyestr kodu : ST0702000019

Mis qabların forma və çeşidlərinin yaranıb təkmilləşməsində yerli saxsı qab istehsalı nümunələri əsaslı rol oynamışdır. Belə ki, mis qab nümunələrinin demək olar ki, böyük əksəriyyəti saxsı qabların əsasında yaranmışdır. Kasa, cam, nimçə, aftafa, güləbdan, badya, xeyrə, sərnic, satıl, qablama, dolça və s. bu qəbildəndir.

Qablama süfrə qabları qrupuna daxil olub, əsasən xörək bişirmək, xörək və ağartı məhsullarını saxlamaq və ziyafət məclislərinə ötürmək rolu daşıyır. Qablamalar qapaqlı və qapaqsız formalarda hazırlanırdı. Belə qablarda hazırlanan xörək də qabın adı ilə “qablama” adlanırdı. Bəzən bu qab “qapaqlı qablama” da adlandırılır.

Adətən orta ölçülü qazanlar “qablama qazan” adlandırılmışdır. Qazandan bir qədər kiçik olan qablamanın içərisinə bir neçə kiçik qab yerləşdirmək mümkün idi, bu da “qabqarmaq” sözünə uyğun gəlir. Qulpsuz və ya qulplu qapağı olan kiçik mis qablama bəzi bölgələrdə “qazança” kimi də tanınır.

Qablamanın oturacağı çox vaxt dımıqsız hazırlanırdı. Qablamaların qapaqları sərpuş formalı olub, hündürlüklərinin nisbətən kiçik olması ilə fərqlənirdi. Qablamaların ağzı əksər hallarda sərpuşla örtülərək süfrəyə verilirdi. Bir sıra hallarda qablamaların ağzını qapamaq üçün nimçələrdən istifadə olunurdu. Qablamaların sərpuşa bənzəyən hündür qapaqları ağzına kip geyindirilirdi. Məsələn, taskababı bişirərkən xörəyin buğu içəridə qalsın deyə, qapaq onun ağzına kip otuzdurulurdu. Buğ soyuyaraq su şəklində yeməyin içinə tökülmür, əksinə, yeməyin isti qalmasını təmin edirdi. Bəzi hallarda qablamalardan qapaq kimi istifadə edilmişdir. Qablamaya, adətən, ağartı məhsulları və un tökər, onda umac, xəmir hazırlayardılar.

Digər mis məmulatları kimi qablama da ənənəvi üsullarla istehsal edilirdi. Qablama kimi dərin qabların istehsalı “izafə” adlanırdı. İzafə iş zamanı qabın hissələrinə uyğun olaraq lavaşa döyülüb çuxur (çökək) hala salınır, sonra “pəsdaha edilirdi”. Bir qayda olaraq qablama kimi dərin qablar bir neçə hissədən (dib, orta, boyun, qulp və s.) ibarət hazırlanandan sonra bir-birinə calaşdırılırdı. Bu əməliyyat başa çatandan sonra calğaların calaqları lehimlənib bir-birinə birləşdirilirdi. Lehimləmədən sonra mis qablama çarxa verilərək səthindəki çəkic izləri itirilirdi. Cehizlik, evlərin daxili interyerinin bəzədilməsi üçün istehsal olunan qablamanın üstü yarpaq, buta, qızılgül, quş və s. təsvirlərlə bəzədilirdi. Ocaq üzərinə qoyulmayan digər mis qablar kimi qablamanı da “həkkak”lar naxışlayır, gövdəsinə yüksək bədii tərtibat verir, üzərinə müxtəlif məzmunlu dini kitabələr yazırdılar. Qablamaların üzəri adətən cızma üsulu ilə işlənirdi. Belə yazılar, adətən, qıza cehiz kimi alınan, məscidlərə vəqf edilən qabların üzərində olurdu.

Ənənəvi olaraq qablamaların diametri 8-28,5 sm, oturacağının diametri 8-10 sm, hündürlüyü 6-16 sm olur, qabın gövdəsində “On iki məsuməyə salam” sözləri, müxtəlif dualar, Sədi Şirazinin, Hafizin və başqa klassiklərin qəzəlləri döyülürdü. Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan qablamaların üzərində ustaların (“Kərbəlayi Məhəmməd Həmzənin işi”) adı, sahibinin adı (“Sahibi Həsən”, “Sahibi Hacı Məhəmməd İsmayıl”) əksini tapmışdır.

Azərbaycan Milli Xalça Muzeyinin “Bədii metal” kolleksiyasında XIX əsrə aid qablamanın üzərində quş şəkilləri həkk olunmuş, alt hissəsində isə misgər belə yazmışdır: “İlahi, axırını məqbul elə. Bu qazan həmişə nemətlə dolu olsun, məclisdə həmişə söhbət olsun. Kim ki xörək yedi, deyər yəqin, bu xörəyin sahibinə rəhmət olsun”.

Orta əsrlərdə Azərbaycan ustaları çoxsaylı məişət əşyası və ev avadanlıqları (qablama, dolça, satıl, sərnic, aftafa, məcməyi, sərpuş və s.) hazırlayırdılar. Mis qablar cehiz kimi sifariş olunur, satış üçün bazarlara çıxarılır, işlədilməyənlər rəflərə düzülür, sahibinin maddi imkanının göstəricisi olurdu. Orta əsrlərdə mis məmulatları əsasən sarı misdən hazırlanmışdır. Bu dövrdə Təbriz, Ərdəbil, Marağa, Salmas, Bərdə, Beyləqan, Dərbənd, Şamaxı, Şəki, Gəncə, Bakı, Naxçıvan, XVIII əsrdən etibarən isə Quba və Şuşa şəhərləri mis məmulatı istehsalının başlıca mərkəzinə çevrilmişdir.