Qarğışlar
Nümunənin reyestr kodu : FL0107000001
Azərbaycan folklorunda sözün sehrli gücünə inamla əlaqədar yaranmış və dildə qəlibləşmiş qarğışlar insan həyatının müxtəlif sahələrini əhatə edir. Qədim təsəvvürlərə görə, yaxşı söz insanlara xoşbəxtlik, sağlamlıq, uğur gətirdiyi kimi, pis söz də onlara uğursuzluq, pislik gətirir. Sözün təsir gücünə inanan qədim insanlar dua-sənalarının Allah tərəfindən qəbul olunacağına, edilən qarğışların da yerinə yetəcəyinə inanmışlar.
Xalq arasında qarğışların xüsusi söyləyicisi olmasa da, əsasən yaşlı qadınların leksikonunda özünə yer tapır. Bununla belə, ibadət əhli olan insanların, yetim uşaqların, qocaların etdiyi qarğışın Allah tərəfindən daha tez eşidildiyinə, daha tez yerinə çatdığına inanılmış, həmin təsəvvür İslamın gəlişindən sonra daha da güclənmişdi. Söyləmə məqamına gəldikdə, adətən, səhər tezdən, gün doğmamışdan edilən alqışın həyata keçdiyinə, qarğışın isə şər vaxtı, hava toranlaşan zaman daha kəsərli olduğuna inanılır. Digər tərəfdən, inama görə, ana övladını nə qədər qarğasa da, övladın anadan əmdiyi süd qarğışın qarşısını kəsir, onu təsirsiz edir. Ona görə də ata qarğışı ana qarğışından daha güclü sayılır.
Qarğış sözünün etimologiyası ilə bağlı, fərqli fikirlər söylənmişdi. Bəhlul Abdulla alqış sözündəki al, qarğış sözündəki qara sözlərinin xeyirxah və bəd ruhların adı olduğunu, “qış” komponentinin isə qışqırmaq feilindən törədiyi qənaətini bildirmişdi. Füzuli Bayat isə belə ehtimal edir ki, qarğış əski türkcədə pisləmək mənasında işlənən kir sözünə -ga/ka və -iş şəkilçiləri artırılmaqla meydana gəlmişdi.
Qəlib ifadələr olmasına baxmayaraq, qarğışlar müəyyən poetik xüsusiyyətlərə malikdir. Ritmik cümlələrdən, qafiyəli sözlərdən, müqayisələrdən, bədii təyinlərdən qarğışlarda geniş istifadə olunur. Gündəlik həyatda tez-tez istifadə olunduğu üçün daim yenilənir, bədii cəhətdən cilalanmaqla yanaşı, dövr və zamanla səsləşən yeni-yeni nümunələr də əmələ gəlir. Məsələn, “Səni görüm xərçəng xəstəliyinə tutulasan” qarğışı xərçəng xəstəliyi haqqında təsəvvürlərin yaranmasından sonra meydana çıxmışdı.
Qarğışlar mənşəyinə görə üç qrupa ayrılır. 1. Mərasimlə bağlı yaranan qarğışlar; 2. Məişətlə bağlı yaranan qarğışlar; 3. Mifoloji və dini təsəvvürlərin təsiri ilə yaranan qarğışlar. Birinci qrupa toy, yas və digər mərasimlərlə bağlı yaranan qarğışlar daxildir. Məsələn, “Adın daşlara yazılsın”, “Qulağına pambıq tıxayım”, “Boyuna qamış ölçüm”, “Başının üstündə şam yandırım” qarğışları yas mərasimi ilə əlaqədar yaranmış qarğışlardır. Məişət qarğışları gündəlik həyatın müxtəlif tərəflərini əks etdirir və xalqın həyatını, məişətini, etik-estetik görüşlərini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Bu nümunələr real təsəvvürlərə, həyat hadisələrinə əsaslanır.
Qarğışlar birdən-birə yaranmamış, arxaik təsəvvür və görüşlər nəticəsində meydana çıxmışdı. Həmin təsəvvür və görüşlər ictimai inkişafın sonrakı mərhələsində unudulub sıradan çıxsa da, daşlaşmış şəkildə alqış və qarğışlarda yaşamaqdadır. Məsələn, vaxtilə ali rütbəli şəxs öldükdə sağlığında istifadə etdiyi bəzi əşyalarla yanaşı, qul və xidmətçilərini də öldürüb qəbrin ayaq tərəfində basdırardılar. Bu ayin ölən adamın yenidən diriləcəyinə və ayaq tərəfində basdırılan xidmətçilərin də dirilib o dünyada ağalarının qulluğunda duracağına inamdan irəli gəlirdi. Sonralar bu adət unudulsa da, “Ayağımın altında öləsən” qarğış anlamlı söz və ifadələrdə günümüzə gəlib çatmışdı. “Başı küllü”, “Başına kül ələnsin”, “Daş başına”, “Başına daş düşsün”, “Mən başı daşlı” və s. xalq ifadələri də arxaik təsəvvürlər əsasında yaranmış, qarğış ötrüyünə bürünərək dilimizdə yaşamaq hüququ qazanmışdı. Azərbaycanda tapılan küp qəbirlərdə ölənlərin üstünə kül səpilməsinin müşahidə olunması, vaxtilə belə bir adətin mövcud olduğunu, qarşı tərəfə ölüm arzulanan “Başı küllü”, “Başına kül ələnsin” ifadələrinin də onun əsasında yarandığını deməyə əsas verir.