AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dolça

Nümunənin reyestr kodu : ST0702000009

Qədimdən Azərbaycan dulusçularının, misgərlərinin hazırladıqları müxtəlif məmulatlar arasında süfrədə, gündəlik məişətdə istifadə etmək üçün nəzərdə tutulan dolçalar mühüm yer tutmuşdur. Müxtəlif ölçülü və tutumlu dolçalar gil, mis, dəmir, bürünc materiallarından hazırlanmışdır.

Su və başqa maye tökmək üçün aşağısı nisbətən enli və ağız tərəfə doğru daralan dolçalar dulus və ya metaldan hazırlanması səbəbindən quruluşuna görə fərqliliklərə malikdirlər.

Azərbaycanın qədim dövr abidələrindən əldə edilmiş dolçaların qulpu birbaşa qabın ağzının kənarına birləşdirilmişdir. İlk Orta əsr dolçalarında isə qulp qabın ağzının kənarından 2-3 sm aşağıdır. Bu dövrdə hazırlanan dulus dolçalar kiçik həcmli, üstü yaxşı cilalanmış, hündürlüyü 9-10, ağzının diametri 5-6, oturacağı isə 4-6 sm-dir. Belə qabların üstü qazıma naxışlarla bəzədilmişdir. Qulpu və ağzı cilalanmamış, qulpları yarımdairəvi olan qabların oturacaqları yastı, gövdələri xaşaldır.

İlk Orta əsr abidələrindən üstündə qabırğavarı naxışları olan, gövdəsi xaşal, dar boğazlı dolçalar aşkar edilmişdir. Qabırğavari naxışlı dolçaların üstü cilalanmışdır, gili isə açıq-qırmızı, üstü qara rənglidir. Oturacaqları hamar və yastı olan bu cür dolçaların gövdələri daha çox xaşal formasındadır. Xınıslı daş qutu qəbirlərindən tapılmış bu tip dolçalardan birinin boğazı və qulpu batıq, bir-birinə paralel xətlərdən ibarət naxışlarla bəzədilmişdir. Üstü cilalanmış, yaxşı bişirilmiş dolçalarla yanaşı, əl ilə hazırlanmış bəsit və kobud formalı dolçalar da vardır. Bu cür dolçalar ən çox Azərbaycanın İlk Orta əsr abidələrindən Xınıslı daş qutu, Mingəçevir katakomba və Yardımlı rayonu Yolocaq kəndinin küp qəbirlərindən aşkar edilmişdir.

Mis qab nümunələrinin demək olar ki, böyük əksəriyyəti saxsı qabların əsasında yaranmışdır. Misgər dükanlarında süfrə qablarının çoxsaylı tipoloji növləri, habelə forma və ölçü etibarı ilə fərqli çeşidləri hazırlanırdı. Misgərxanalarda su və ağartı qabları, ö cümlədən dolça gündəlik və bəzək əşyası olmasına görə seçilirdi. Gündəlikdə istifadə olunan dolçalar özünün sadə naxışları ilə seçilsə də, bəzək əşyası kimi hazırlanan dolçaların üzəri mürəkkəb naxışlarla, dini və klassik poeziya mətnləri ilə bəzədilirdi.

Metalişləmə inkişaf etdikcə mis ilə yanaşı digər metal növlərindən də dolçalar hazırlanmışdır. Bu baxımdan qabın səthinin bəzədilməsi onun hazırlandığı materialdan asılıdır. Məsələn, sənaye üsulunda hazırlanan çuqun qablar qara və minalı, polad qablar isə qara boyaqlı, sinklənmiş, qalaylı və minalı olur. Minalı polad qablar əsasən soyuq ştamp üsulunda, bəziləri (dolça, aşsüzən, vedrə) quraşdırma üsulunda istehsal edilir.

Su qabı kimi istifadə olunan, yüksək bədii tərtibata malik dolçalar keçmişdə gəlin köçən qızların cehizinə daxil edilirdi. Əlamətdar günlər (övladın dünyaya gəlməsi və s.) münasibəti ilə “buyurtma” üsulu ilə hazırlanan müxtəlif mis, bürünc məmulatların, o cümlədən dolçanın üstünə tarix, dini ifadələr həkk olunurdu.

Metalişləmə sənətkarlığı XI-XV yüzilliklərdə Azərbaycanın sənətkarlıq mərkəzlərindən sayılan Naxçıvan, Gəncə, Beyləqan və Təbrizdə geniş inkişaf etmişdir. Bu sənət mərkəzlərində hazırlanan abidələrdən Naxçıvanda istehsal olunmuş 1190-cı il tarixli bürünc dolça xüsusilə diqqəti cəlb edir. Həmin sənət əsəri hazırda Parisin Luvr muzeyində Şərq incəsənətinə aid salonda nümayiş etdirilir. Uzundimdikli quşabənzər bu bürünc qabın orijinallığı təkcə onun formasında deyil, həm də bəzəklərindədir. Qabın üzərindəki bəzəklər üç müxtəlif ölçülü qurşaqlardan və onların aralarındakı boşluqlarda yerləşdirilmiş medalyonlardan ibarətdir. Döymə və cızma texniki üsulu ilə həkk olunmuş bu bəzəklər stilizə edilmiş nəbati ornament ünsürlərindən və yazı nümunələrindən quraşdırılmışdır. Bu yazıların birində onu yaradan ustanın – Osman Salman oğlu Naxçıvaninin adı verilmişdir. Aydın və mütənasib forması, zərif fiqurlu hissələri və məharətlə yerləşdirilmiş naxışlarına görə bu qab nümunəsi artıq formalaşmış sənətkarlıq növünün məhsuludur.

Təbrizdə istehsal edilmiş eyni növlü metal məmulatının bu bədii qabla oxşarlığı və onların yüksək bədii səviyyəsi göstərir ki, XII-XIII yüzilliklərdə Azərbaycanda Yaxın Şərq ölkələri ilə ayaqlaşan metal istehsalı sənəti olmuşdur.