AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tənbur

Nümunənin reyestr kodu : ST0803000006

Tənbur qədim tarixə malik telli musiqi alətidir. Azərbaycanda tənburun 2 növü mövcuddur: Şirvan və Balakən tənburu. Ümumiyyətlə, tənbur 3 simli, dartımlı musiqi alətidir. Zahiri görünüşü sazı xatırladır, lakin çanağı sazınkından bir qədər uzun olur. Tənburun I və III simi eyni yüksəklikdə (unison), ortancıl simi isə kvarta aşağı köklənir. Simləri sağ əlin şəhadət barmağına taxılan polad halqa üzərindəki qarmaqla dartılıb ehtizaz etdirilir, səsləndirilir. Tənburun bu mizrabı “naxunək” adlandırılır. Tənbur alətinin uzunluğu 940 mm, çanağın uzunluğu 385 mm, eni 200 mm, hündürlüyü 135 mm, qolun uzunluğu 340 mm, kəllənin uzunluğu 120 mm-dir. Şirvan tənburundan fərqli olaraq Balakən tənburunun çanağının alt hissəsində diş formasında bir neçə çıxıntılar var və çanaq uzunsov formadadır. Eyni zamanda Balakən tənburu 2 telli alətdir.

İslamdan sonraki dövrdə ərəblərdən gəldiyi güman edilsə də, Azərbaycanda tənbura oxşar alətin hələ eramızdan əvvəlki dövrlərdən istifadə edildiyini Ə.Hüseyninin "Orkestrin ulu babası" məqaləsindən bilirik. 7-8 min illik tarixi olan saxsı qabın üzərində tənburabənzər alətin təsvir olunması elə tənburun da yaşını göstərir. Tənburun istifadə arealı geniş olduğu üçün növləri də çoxdur: Bağdad, Xorasan, Özbək, Tacik, Tatar, Hind, Şirvan, Əfqan növləri var. Bu alətdən bir çox türk xalqları (uyğur, qazax, monqol, tacik və s.), o cümlədən, Çin, Rusiya, Ukrayna, Belarusiyada geniş istifadə olunmuşdur. Bu barədə Üzeyir bəy tənbur haqqında qeyd etmişdir: “Telli alətlərdən biri “tənbur”dur ki, bu da qədim Misir alətinə bənzəyir. Fərabinin tərifinə görə tənburi-Xorasan və tənburi-Bağdadi heç də bir-birinə bənzəməz. Hal-hazırda tənburun növləri çoxdur ki, 4 telli və 8 telli olmaqdan əlavə böyüklük və kiçiklik, habelə, kökcə bir-birindən ayrılır”.

Şirvan tənburu armudşəkillidir, 2-3 simi, 14-17 pərdəsi olur. Çanağı tut və ya armud, qolu və kəlləsi qoz, üzü isə tut və ya şam ağacından hazırlanır. Şirvan tənburu yeganə alətdir ki, sağ əlin baş və orta barmaqları ilə ifa olunur. Bəzən isə sağ əlin şəhadət bamağına geyilən üsküyün altına qoyulan mizrabla çalınır. Barmaqla ifa olunduğu üçün də simlər bir-birindən 20 mm aralı yerləşir. Alətin diapazonu I oktavanın do səsindən, II oktavanın mi səsinə qədərdir. Köklənməsi sazda olduğu kimidir. I simdə melodiya ifa olunur, II sim isə musiqinin xarakterindən asılı olaraq müxtəlif cür köklənir.

Dərviş Əli “Risaleyi-musiqi” əsərində tənbur sözünün qədim yunan sözləri olan “tən”-ürək, “bur” təsir etmək, narahat olmaq sözlərindən əmələ gəldiyini qeyd edir və onun mənasını “narahat ürək” şəklində yozur. Eyni zamanda bu aləti bütün alətlərin müəllimi hesab edir. Tənbur aləti bir çox dünya xalqlarının musiqisində istifadə olunur. Ü.Hacıbəyli “Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiri” məqaləsində yazır: “Həqiqətən bir çox musiqi aləti əlan dəxi mövcuddur ki, əsilləri ərəblərdən götürülmüşdür. Məsələn, Asori alətindən sayılan “Bandur” ərəblərin tənburundandır ki, “b” ilə “t” yerlərini dəyişmişdir”.

Əksər musiqişünasların fikrinə əsaslansaq, setarın (eləcə də pənctar və şeştar) tənburun bir növü olduğunu demək olar. S.Abdullayeva tənbur aləti haqqında yazırdı: “Bu alətə həm də tambur, tonpur, tunpur deyirlər. Deməli, dambur tənburun bir növüdür. Eyni zamanda “tənbur” sözünün Balakən, Qax, Zaqatala bölgəsinin yerli əhalisinin ləhcəsində “dambur”a çevrilmişdir. Klassik şairlərimizin də əsərlərində bu musiqi aləti həm “tənbur”, həm də “dambur” kimi qeyd edilmişdir. Buradan belə aydın olur ki, tənbur bir çox türk xaqlarında geniş istifadə olunan dombra aləti ilə eyni alətdir. Təəssüf ki, tənbur ifaçılığı Azərbaycanda XIX əsrin II yarısından tədricən tənəzzül etmişdir. Hazırda bu alətdən Azərbaycanın Balakən, Zaqatala və Qax rayonlarında, həmçinin qədim xalq musiqisini yaşadan folklor kollektivlərində istifadə olunur.