Qavaldaş
Nümunənin reyestr kodu : ST0801000004
Qavaldaş ifa zamanı xüsusi köklənməyə ehtiyacı olmayan, özən səsli, vurulmaqla səsləndirilən idiofonlu çalğı alətidir.
Alətin adı qaval və daş sözlərinin birləşməsindən yaranıb. Qaval xanəndələrin sevə-sevə istifadə etdikləri birüzlü alət olub, “şənlik qabı”, “yalançı qab” anlamı verir. Sözün ikinci hissəsi “daş” isə alətin tərkibinin, yəni materialının daşdan, qayadan ibarət olduğuna bir işarədir.
Qavaldaşın tərkibi çaqqanaqlı, yəni balıqqulaqlı əhəng daşıdır. Belə daşlardan biri Qobustanda Cingirdağın şimal-şərq ətəyində yerləşir. Bu alət altdakı qayaya yalnız iki nöqtədə toxunan və bir növ hava yastığı üzərində dayanmış yastı əhəng daş parçasından ibarətdir. Bu əhəng daşının içində müxtəlif ölçülü çaqqanaqlar var. Həmin çaqqanaqların sıxlığından asılı olaraq daşın müxtəlif nöqtələrini döyəcləyəndə fərqli səslər alınır.
Qavaldaşın yaranma tarixi mütəxəssislərin rəyinə görə, 1-1,5 milyon il əvvələ, yəni Daş dövrünə gedib çıxır. Daş alətlərin hazırlanması texnikasına, forma və tipologiyasına görə, Daş dövrü 2 mərhələyə ayrılır: Qədim Daş dövrü – Paleolit və Yeni Daş dövrü – Neolit. Paleolit və Neolit arasındakı keçid dövrü isə Mezolit adlanır. Azərbaycanda Mezolit dövründə cəmiyyətin inkişafında böyük dəyişikliklər baş vermiş, mədəniyyət sahəsində xüsusi sıçrayışlar olmuşdur. Bunu Qobustandakı Böyükdaş, Kiçikdaş və Cingirdağın qayaüstü təsvirləri təsdiqləyir. Qavaldaşının da bu dövrlərdən etibarən, yəni 15-20 min il bundan əvvəl məlum olduğu ehtimal olunur.
Qobustanda bir neçə qavaldaş aləti vardır. Onlar arasında ölçüsünə, səs tembrinə görə iki qavaldaşı – Cingirdağ (şimal-şərq ətəyi) və Böyükdaş dağlarında (şimal-şərq ətəyi) yerləşən alətlər xüsusilə seçilir. Bu ərazidə ovçu və maldarlar yaşadığından qavaldaşdan da həmin qəbilənin üzvlərinin istifadə etdikləri zənn edilir. Onlar qavaldaşın ətrafında tonqal qurub bu alətin müşayiəti ilə rəqs etmişlər. Bu fikri qayaüstü rəsmlər də təsdiq edir.
-
Гавалдаш
Аббасгулу Наджафзаде
-
Azərbaycanı tanıyaq: Qavaldaş
Abbasqulu Nəcəfzadə
- Biblioqrafiya və tərtibçi