Kəlağayı
Nümunənin reyestr kodu : SD0302000001
Azərbaycan qadınlarının örtmə (bağlama) baş geyimlərinin bir qismini kələğayı təşkil edirdi. Burada yaşa və zövqə uyğun olaraq qırmızı, qara, ağ, palıdı yerli, yelənli kələğayılar daha geniş yayılmışdı. Həm yerli kustar istehsala məxsus Gəncə, Şəki, Şamaxı, Basqal kələğayıları, həm də gətirilmə kələğayılar (”kolxana” və ya “korxana", “qonşuçatladan”, “saçaqlı kələğayı”, “bağdatı”, “heratı”, “hələbi” və s.) varlı qadınlarının gündəlik geyim dəstində, yoxsulların isə bayramlıq (boxçalıq) paltarları içərisində əsas yer tuturdu. Adətən, təsəyin və ya çalmanın üstündən örtülən kələğayını başa bağlamaq üçün onu diaqonal boyunca qıyqac edir, uclarından birini sinə üstünə sərbəst buraxıb, digər ucunu sərbəst qalan qanadın üstündən kürəyə atаrdılar. Kələğayının kürəyə atılan qanadından yaşmaq kimi də istifadə edilirdi. Çalmanı başda möhkəm saxlamaq və yaraşıqlı görünməsini təmin etmək üçün, bir qayda olaraq, ərli qadınlar оnun üstündən qızıl və ya gümüş qarmaq vururdular. Gənc qadınlar çalmanın üstündən “heratı”, “hələbi”, “qonşuçatladan”, “bağdatı” və s. kimi əlvan rəngli kələğayı bağlayırdılar. Belə başbağlama üsuluna Qarabağda və Gəncəbasar bölgəsində “sallama” deyilirdi. Adətən toy-bayrama, gəzməyə gedərkən başı “sallama” üsulu ilə bağlayırdılar. Digər hallarda “qızbaşı” deyilən başbağlama üsulundan istifadə edilirdi. Bunun üçün baş örtüyünün hər iki ucu arxaya atılaraq boynun ardında düyünlənirdi.
Azərbaycan qadınları kəlağayını Basqal, Şuşa, Gəncə və Şəkinin basmanaxışçı ustalarından satınalma yolu ilə əldə edirdilər. Şəkidə ən çox yerli istehsala məxsus “ilanı yelən”, “ağ xalı”, “qoşa yelənli”, “üçgüllü qara”, ”yaşıl yelən”, “soğanı”, “innabı”, “ağ kəlağayı” və b. kəlağayılar rəvan şəkildə istehsal olunurdu. Adətən, ağ kəlağayılar gəlinlər, yetişmiş qızlar, soğanı, zoğalı və innabı kəlağayılar orta yaşlı qadınlar, qara kəlağayılar isə ahıl, ağbirçəklər üçün münasib sayılırdı. Yas-şər məclislərində, fəlakətli-hüznlü günlərdə isə yaşından asılı olmayaraq bütün qadınlar qara kəlağayı örtərdilər. Kvadratşəkilli toxunan kəlağayının ölçüləri, təyinatından asılı olaraq 120x120 sm, 140x140 sm, 150x150 sm və 160x160 sm arasında dəyişirdi. Kəlağayının üzərinə naxışlar xüsusi olaraq düzəldilmiş ağac qəliblər vasitəsilə salınırdı. Bu qəliblərin ən geniş yayılan nümunələri “çiçək haşiyə”, “yarpaq haşiyə”, “quyruq haşiyəsi”, “ürəkgülü”, “künc paxlava”, “badam buta”, “göbək dövrəsi”, “şah buta” və ya “balaca buta”, “şabalıd buta”, “qarmaqlı buta” və s. idi.
Azərbaycan kəlağayılarını ölçülərinə görə qız kəlağayısı və qadın kəlağayısı kimi qruplaşdırmaq olar. Bundan başqa, kəlağayılar rənginə, ortamentlərin harmoniyası və naxışlarına görə, ad mənsubiyyətinə görə, eləcə də gətirilmə (xarici) və yerli istehsala məxsus olmalarına görə də fərqləndirilirdi.
Azərbaycanda kəlağayıçılığın dəqiq tarixi məlum deyil. Bu barədə fikirlər müxtəlifdir. Akademik Ə.Əlizadə “Hüdud-əl-aləm”ə istinadən X əsrdə toxuculuğun əsas mərkəzlərindən olan Bərzənd şəhərində baş örtüyü istehsal olunduğunu qeyd edir. Ancaq hansı baş örtüyündən danışıldığı bilinmir. “Əcaib-əd-dünya” adlı XIII əsrə aid anonim mənbədə Təbrizin sənət məhsulları içərisində güləbətinlə tikilmiş xüsusi baş örtüyünün adı çəkilir. Sənətşünaslıq doktoru S.Sadıxova XVI əsrin 70-ci illərinə aid miniatür sənəti nümunələrində sadə (aşağı) zümrədən olan qadınların kəlağayı örtdüklərini yazır. XVII əsr hollad səyyahı Yan Streys də eynilə bu cür baş örtüyünün Şamaxıda mövcudluğundan bəhs edir. Məşhur türk səyyahı Evliya Çələbinin Naxçıvan kişilərinin qələmkar parçadan köynək geydikləri haqqında məlumatı, hələ XVII əsrə qədər Azərbaycanın toxuculuq mərkəzlərində basmanaxış üsulu ilə bəzək texnikasının özünün yüksək inkişaf mərhələsində olduğunu sübut edir. Şəkidə də əl dəzgahı ilə kəlağayı toxunmasının 500 ilə yaxın tarixi olmuşdur. Bu tarix qonşu Xanabad və ümumən Ərəş mahalı toxuculuğu ənənələri ilə eyni yaşda, eyni xarakterdədir. Əgər Xanabad ipək parça toxuculuğunun ən bariz nümunələri olan qanovuz, darayı, alafa ilə şöhrətlənmişsə, Şəki özünün müxtəlif ölçülərdə olan ağ, qara, soğanı, innabı və s. kəlağayıları ilə öyünmüşdür. Kəlağayı istehsalı Azərbaycanda basmanaxış sənətinin bir sahəsini təşkil edirdi. Bu sənət sahəsi XIX-XX əsrin əvvəllərində daha çox Şəki, Gəncə, Şuşa və Şirvanın Basqal və Mücü kəndlərində geniş yayılmışdı. Təkcə Basqalda XX əsrin əvəlində 1500 dəzgaha malik 900 kustar şərbafxana vardı ki, burada il ərzində 1 milyon 800 min ədəd kəlağayı istehsal olunurdu.
Qeyd edək ki, UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir
-
Şəki kəlağayı istehsalının xüsusiyyətləri
Nuridə Quliyeva
-
Azərbaycan kəlağayısı haqqında bir neçə söz
Tofiq Babayev, Tahir Şahbazov
2015
-
Kəlağayı
Rəna İbrahimbəyova, Cəlil Tariverdiyev
2015
- Tərtibçi və biblioqrafiya