AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şəddə

Nümunənin reyestr kodu : SD0102000002

Şəddə yun, pambıq və ipəkdən əyrilmiş iplərdən toxunan xovsuz xalça növüdür. Toxuma texnikası zolaqlı palaz ilə oxşardır. Zolaqlı palazda olduğu kimi burada da əriş düzümü hər dəfə müəyyən saydan sonra fasiləsiz tərzdə təkrarlanan müxtəlif rəngli iplərdən təşkil olunur. Toxunuşunda keçirtmə, dolama, keçirtmə naxış və hörmə texnikasından istifadə olunan şəddələr çox zaman şahmatsayağı iri kvadratlara malik bəzəklərdən ibarət olur. Bununla əlaqədar, onun həm ərişi, həm də arğacı rəngli iplərdən təşkil olunur. Eyni rəngə malik əriş və arğac iplərini artırıb çoxaltmaqla toxucu kvadratların ölçülərini dəyişə bilir.

Şəddələr toxuma texnikasına (“Qədirqə”, “Şal”, “Şəddə cecim”), istifadəsinə (“Zillə şəddəsi”, “Bəy çadırı”, “Qodu parçası”, “Şəddə kilim”) və bədii xüsusiyyətlərinə görə (“Dəvəli şəddə”, “Dama-dama şəddə”, “Kəsməli şəddə”, “Qaraqoyunlu şəddəsi”, “Şətrənci”, “Zili quşlu”, “Zili şəddə”) adlandırılmışlar. Bakıda şəddə qayıq-palaz, Qarabağda zili, Naxçıvanda cecim, Cənubi Azərbaycanda bucaqqırağı, ocaqqırağı adlarla tanınır. “Şəddə” sözünün “şətrənc”, “şadevərd”, yəni “şahmat” sözündən olduğu ehtimal edilir.

Şəddənin üç növü vardır: birrəngli (şal) şəddə, damalı şəddə, süjetli şəddə.

Birrəngli şəddə sadə naxış toxuma üsulu ilə hazırlanır. Belə şəddələrdə rəng seçimi toxucunun öz ixtiyarında olur. Ağ-qara rəngin üstünlük təşkil etdiyi şəddələr vaxtilə dini mərasimlərdə ali ruhani şəxsin, mötəbər adamların otaqlarını bəzəyirdi. Bəzi hallarda hörmətli şəxslərin cənazəsi də şəddəyə bükülürdü.

Damalı şəddə palaz və cecim prinsipi ilə hazırlanır. Damalı şəddələrin əsas bəzəyini göy və qırmızı rəngli damalar təşkil edir. Bu şəddə əsasən nişanlı olanlar üçün toxunulurdu. Yeni evlənən cavanlar yaylağa çıxanda onlar üçün ayrıca çadır qurulurdu və bu çadırlar da məhz qırmızı rəngin çoxluğu ilə toxunan şəddələrlə bəzədilirdi.

Süjetli şəddələrin kompozisiyası çox vaxt dəvə karvanının təsvirindən ibarət olur. “Dəvəli” adı ilə tanınan belə şəddələrdə karvan bir neçə üfüqi cərgə ilə sahədə soldan sağa hərəkət edir, insanlar və heyvanlar isə tünd-qırmızı fonda verilir.

Şəddələr həm də naxışları ilə seçilir. Onların üzərində əks olunmuş naxışlar, simvollar qədim türk tayfalarına məxsus damğaları, əcdadlarımızın dünyagörüşünü, təbiətə münasibətini, adət ənənəsini əks etdirir. Qədim inanca görə, şəddələr qoruyucu funksiya daşıyır. Şəddələrin üzərində verilmiş elementlər də bunu deməyə əsas verir. Məsələn, şəddələrin üzərindəki daraq elementi məhz evliliyin qorunması anlamına gəlir və ailə səadətinə, onun ruzi-bərəkətinə zərər vurmaq istəyən şər qüvvələrə, bəd ruhlara qarşı qorunmaq məqsədi ilə salınmışdır. Şəddələrdəki xaç rəsmləri dünyanın dörd istiqamətini, ulduz elementi isə işığı, zəkanı və xoşbəxtliyi simvolizə edir.

Məişətdə qalın toxunan şəddədən döşənəcək, divar örtüsü, nazik və zərif toxunan şəddədən isə həm parça kimi qadın və kişi geyimlərinin hazırlanmasında, həm də süfrə kimi istifadə edilir. Qarabağ (Qubadlı, Cəbrayıl, Ağdam, Bərdə), Qazax, Naxçıvan, Cənubi Azərbaycan (Ərdəbil, Meşqin, Muğan) və Göyçə şəddənin əsas istehsal mərkəzləri kimi tanınmışdır.

Azərbaycanda xalçaçılığın çox qədim tarixi vardır. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl bu sənətlə məşğul olduğunu sübut edir. Bununla bağlı qədim dünya tarixçiləri Herodot, Ksenofont və digərlərinin əsərlərində də məlumat verilmişdir. III-VII əsrlərdə Azərbaycanda xalça sənətinin daha sürətlə inkişaf etdiyi, ipəkdən, qızıl və gümüş saplardan xalçaların toxunduğu tarixi məlumatlarda öz əksini tapmışdır. Orta əsrlərdə Təbriz, Şamaxı və Bərdə şəhərləri xovsuz xalçaların, o cümlədən şədədlərin əsas istehsal mərkəzləri kimi tarixə düşmüşdür.