AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xovsuz xalça

Nümunənin reyestr kodu : SD0102000001

Xalça və xalça məmulatları ta qədimdən Azərbaycan məişətinin ayrılmaz parçası olmuş və bu gün də elə bir Azərbaycan ailəsi tapmaq olmaz ki, onun evində xalça və xalça məmulatlarının heç olmasa bir nümunəsi olmasın. Gərgin əl əməyi hesabına başa gələn bu xalça nümunələri toxuma texnikasına görə iki əsas qrupa bölünür: xovsuz və xovlu xalçalar.

Xovsuz xalçalara çətən, həsir, palaz, kilim, cecim, vərni, şəddə, zili və sumax toxunuşlu xalçalar daxildir. Bu qrupa daxil olan xalça məmulatları arğac ipləri əriş iplərə “sadə keçirtmə”, “mürəkkəb keçirtmə” və “sadə dolama” üsulla keçirilməsi ilə toxunur. Xovsuz xalçalar insanların yarımköçəri həyat tərzi keçirdiyi dövrlərə aid olub, döşənəcək kimi çadırların, köç arabalarının döşənməsində, üstlərinin, yan-yörələrinin örtülməsində istifadə olunmuş, həmçinin pərdə, örtük, ayaqaltı kimi işlənmişdir.

Xovsuz xalçalarda əriş ipi, əsasən, yundan hazırlanır və çox diqqətlə eşib boyanılır. Arğac ona nisbətən az eşilirdi ki, ərişlə sıx birləşə bilsin. Naxış ipinin xalçanın üz tərəfini tam örtdüyü bəzi zili nümunələrində və vərnilərdə əriş görünmür, ona görə onu boyamağa ehtiyac olmur. Sumax istisna olmaqla xovsuz xalçalar iki cür – bütöv və ikihissəli toxunur. İkihissəli toxunuşda xalçalar ensiz hissələr şəklində toxunur, sonradan tikilərək birləşdirilirdi və bu elə edilirdi ki, hər iki hissənin kompozisiya həlli bir-birinə uyğun gəlirdi.

Palaz xovsuz parçaların ən sadə növü hesab olunur və arğacı ərişə sadə keçirtmə yolu ilə toxunur. Palazların bəzəyi müxtəlif rəngli və müxtəlif endə təkrarlanan zolaqlardan ibarətdir. Qoyun və dəvə yunundan, həmçinin ipək sapdan toxunan palazlar orta əsrlərdə evlərin, çadırların, karvansaraların, məscid və sarayların əsas bəzək elementi idi. İpək palazlar, əsasən, Şirvanın Udullu, Paşalı kəndlərində, palazın “çiyi palaz” adı ilə tanınan daha zərif toxunuşlu növü isə Abşeronda istehsal olunurdu. Vaxtilə gəlinlik cehizinin mühüm komponenti olan “çiyi palazlar”, əsasən, pərdə, süfrə, örtük kimi istifadə olunub, bəzək kimi divara vurulurdu. Davamsız olduğu üçün döşəməyə salınmazdı.

Cecimlər üfiqi dəzgahlarda toxunur və digər xovsuz xalçalardan fərqli olaraq səthini arğac ipləri deyil, əriş ipləri formalaşdırır. Ornamentlərinə görə cecimlər, saya və şaqulu zolaqları olan cecimlərə ayrılır. Cecimlərin istehsal mərkəzləri Bərdə, Ağcabədi, Ləmbəran, Şamaxı, Naxçıvan, Şuşa, Ordubad və Zaqataladır. Sadə dolama üsulla toxunan kilimlər pala və cecimlə müqayisədə sonrakı dövrün məhsulu hesab olunur. Azərbaycanda kilimin palazla kombinə edilmiş “Karvud”, “Karpud”, mürəkkəb dolama texnikası ilə toxunan “gəzməli kilim”, özünəməxsus toxuma texnologiyası olan “Qədriqə” kilim kimi növləri vardır. Daha sonrakı dövrlərin məhsulu olan şəddə, zili, vərni, sumax​lar isə daha mürəkkəb toxuma texnikası ilə əvvəlkilərdən seçilir. Məsələn, şəddələrdə arğac və əriş iplərindən əlavə üçüncü bir iplik – naxış ipliyindən də istifadə olunur.

Azərbaycanın xalçaçılıq sənətindən bəhs edən araşdırmalarda xovsuz xalçaların keçdiyi inkişaf yolu üç dövrə bölünür. Birinci dövr xalça sənətinin ibtidai dövrü adlandırılır. Bu dövrdə “sadə keçirtmə” texnikası ilə, yəni arğacı ərişin arasından müəyyən üsulla keçirtməklə həsir, palaz, sonralar isə cecimlər toxunmuşdur. Bu dövrdə toxunan xalça məmulatları bəzəksiz, saya və bir rəngli olmuşdur. İkinci dövr xalça sənətinin texniki və bədii cəhətdən inkişaf etdiyi dövrdür. Bu dövrdə sadə dolama texnikası ilə əmələ gələn kilim toxuma üsulu inkişaf edir. Bu toxuma üsulunun meydana gəlməsi xalçaların üzərində primitiv formada sadə naxışlar toxumağa imkan yaratmışdır. Üçüncü dövr – vərni, şəddə, zili və sumax toxuma üsulunun meydana çıxdığı dövrdür. Bu dövr həm də mürəkkəb dolama texnikasının geniş yayıldığı dövr hesab olunur. Mürəkkəb dolama texnikasının meydana çıxması xalça bəzəklərinin mürəkkəbləşməsinə, müxtəlif ölçülü və şəkilli naxış elementlərinin inkişafına geniş imkanlar yaratmışdır.