AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ovsun

Nümunənin reyestr kodu : DR0205000001

Azərbaycan folklorşünaslığında ovsunların ibtidai insanın mahiyyətini dərk etmədiyi, qarşısında aciz qaldığı hadisələrə təsir göstərmək, onları dəyişdirmək, nəhayət, onlara qalib gəlmək istəyindən yarandığı qeyd olunur. Nağıl, lətifə, bayatı, tapmaca və digər janrlarla müqayisədə ovsunlar o qədər də geniş yayılmayıb, yalnız müəyyən stiasiya ilə əlaqədar onlardan istifadə olunur. Bu səbəbdən ovsun mətnləri az yayılıb, onlara məhdud çevrədə və qapalı repertuarda təsadüf edilir.

Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir. Ovsun üçün sözün magik gücü təsiredici vasitə sayıldığı halda, falın icrasında bu cəhətə o qədər də əhəmiyyət verilmir.

Qədimdə insanlar təbii uğursuzluqlara müqavimət göstərmək, ağır əməklərini yündülləşdirmək istəyi ilə xüsusi ayinlər icra etmiş və bu ayinlər məsələnin mahiyyətinə uyğun şeirlər, nəğmə ilə müşayiət olunmuşdur. Misal üçün, göz səyriyəndə adamlar nəsə bir hadisə baş verəcəyinə inanmışlar. Sağ gözün səyriməsi xeyir, sol gözün səyriməsi isə qorxulu, təhlükəli bir hadisənin baş verəcəyini xəbər verən pis əlamət sayılmışdır. Odur ki, sol göz səyirdikdə fəlakətdən yaxa qurtarmaq üçün uğur simvolu, günəş rəmzi sayılan qırmızı rəngli sap, parça kəsiyi və s. göz qapağının üstünə qoyulmuş və səyriyən gözə sağ əllə üç kərə sığal çəkə-çəkə:

Xeyrə atırsan at!

Şərə atırsan, yat!

– ovsunu söylənilmişdir.

Ta qədimlərdən məhsulun tez yetişməsi, bol olması, mal-qaranın salamatlığı üçün ovsunlardan tez-tez istifadə olunmuşdur. Misal üçün, xalq arasında “Fatma nənənin hanası” kimi tanınan göy qurşağıdakı yaşıl rəngin bolluq, bar-bərəkət, sarı rəngin isə quraqlıq, qıtlıqla bağlı olduğuna inanan əkinçi bunu təkcə müşahidə etməklə kifayətlənməmiş, quraqlığı qovmaq, qıtlıqdan yaxa qurtarmaq üçün xüsusi ayin icra etmişdir. O, göy qurşağını görüncə torpaq üzərində iki zəmi təsviri cızır, bunlardan birini özününkü sayaraq aşağıdakı ovsunu oxumuşlar:

Fatma nənə, Fatma nənə,

Sarısı sizin zəmiyə,

Yaşılı bizim zəmiyə!

Azərbaycan folklorşünaslığında ovsunlar 3 qrupa bölünür:

1. Təsərrüfat ovsunları;

2. Müalicəvi ovsunlar;

3. Sosial-məişət ovsunları.

Azərbaycan xalqının əsas təsərrüfat fəaliyyəti əkinçilik və maldarlıqla bağlı olduğu üçün təsərrüfat ovsunlarının da böyük qismi bu sənət sahələri ilə bağlıdır. Müalicəvi ovsunlardan isə xüsusilə uşaqlarda rast gəlinən boğaz ağrısının, gecə yuxuda səksənmələrin, uşağı bədnəzərdən qorumaq və sair xəstəliklərin müalicəsində istifadə olunur. Üçüncü qrupa isə məişətin bir çox sahələrində – toyda, doğum zamanı və s. istifadə olunan ovsunlar daxildir.