AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zoomorf ornamentlər

Nümunənin reyestr kodu : DR0102050001

Zoomorf təsvirlər real, yaxud fantastik heyvan fiquru və ya fiqurun hissələrindən istifadə və ya stilizə etməklə yaradılan təsvirlərdir. Dünyada ilk zoomorf təsvirlər XIX əsrin sonunda mağaralarda tapılmışdır. Onlar petroqliflər adlandırılır, yəni qaya və daş üstündə yonulmuş, paleolitin sonu və neolitə aid olan, dünyanın hər yerində rast gəlinən təsvirlərdir.

Qayaüstü təsvirlər, adətən, əlaltı alətlərlə (təbaşir, kömür, daş, oxra) yaranırdı. Bu təsvirlərlə ibtidai insanlar həyatlarını və ov fəaliyyətlərini planlaşdırır, həmçinin özünüifadə etməyə, əldə olunan təcrübəni saxlamağa çalışırdılar. Petroqliflər həyatı dərketmə vasitəsi və dünyanı anlamağın kodu olan işarə və rəmz rolunu oynayırdılar. Onların köməyi ilə insanlar dünyanı başa düşmək, onun mühüm tərəflərini, əlaqə və münasibətlərini ayırmaq və ümumiləşdirmək, onun qanunlarını formalaşdırmaq, öz təcrübə və biliklərini sistemləşdirmək, bir-birilərinə fikir və hisslərini ötürməyə nail olurdular. Bu o deməkdir ki, bu təsvirlər insanların idrak və ünsiyyətinin zəruri vasitələri idi.

Zoomorf təsvirlər Azərbaycan incəsənətində digər təsvirlərlə bir arada işlənərək, xalqımızın mənəvi aləmi, qədim inam və etiqadları ilə sıx əlaqədə olmuşdur. Onlar qədim dövrdən bəri sənət abidələrində işlənərək bəzədikləri əşyalara yüksək bədii məna bəxş etmişlər. Bu obrazlar bir neçə qrupa bölünür: quşlar, heyvanlar, balıqlar və fantastik surətlər. Əgər qədimdə bir sıra quş obrazları dini ayin və mifik təsəvvürlərlə əlaqədar tətbiq olunurdursa, orta əsrlərdə onlar daha çox xalq nağılları, rəvayət və təmsillərlə, bir sözlə folklorla bağlı olmuşdur. Ona görə də əgər əvvəlki dövrlərdə quş təsvirlərində müəyyən möhtəşəmlik və əzəmət nəzərə çarpırdırsa, orta əsrlərdə bu ənənəvi obrazlarda dekorativ məzmun, təsviri folklor ideyası ön plana çıxır. Daha sonra isə bu obrazlar ənənəvi bəzək elementinə çevrilərək tanınmaz dərəcədə stilizə edilmiş, mücərrədləşdirilmişdir.

Keçmişdə Azərbaycan incəsənətində ən geniş yayılmış tovuz quşu, bülbül, göyərçin və qartal obrazları idi ki, metal məmulatında, saxsı qablarda, parçada, xalçada, divar boyakarlığında və s. dönə-dönə işlənmişdir. Heyvan təsvirləri isə 2 böyük qrupa bölünür: ev (qoç, at, öküz və dəvə) və yırtıcı heyvanlar (aslan, pələng, bəbir, qurd). Onların içərisində ən çox təsadüf edilən rəsm qoç təsviri olmuşdur. Keçmişdə qoç fiqurları türk xalqları arasında geniş yayılmışdır. At təsviri də tez-tez işlənirdi. Sənət abidələrimizdə ən çox təsadüf edilən yırtıcı heyvanlar – aslan, pələng və qurd idi. Bunlardan əlavə, dovşan, ceyran, maral, dağ keçisi və balıq təsvirinə də rast gəlinir.

Bəzən heyvanlar hətta insanın müxtəlif hissələrini özündə birləşdirən polimorf mifik varlıqlar şəklində təsvir olunurdu. Bura əjdaha, sfinks, qadın-quş, pəri, qartalbaşlı ya şirəbənzər qrifon, qanadlı at və dəvə daxildir. Onlara müxtəlif dövrlərin monumental-dekorativ sənət abidələrində və bədii sənət əşyalarında rast gəlinir. Bəzən zoomorf-antropomorf təsvirlərə (yarıheyvan, yarıinsan) də rast gəlinir. Zoomorf təsvirlərə heyvanları stilizə edən ritmik naxışlar da aiddir.

Abşeron yarımadasında (Qobustan və Mərdəkan) və Naxçıvanın Gəmiqaya petroqliflərində külli miqdarda zoomorf təsvirlər tapılıb. Zoomorf təsvirlərə Azərbaycanın Mingəçevir, Qazax, Gəncə, Bərdə, Şamaxı və s. şəhərlərində də rast gəlinir. Belə təsvirlər həm də keramik, metal və bəzək-zinət əşyalarının üzərində mövcuddur. Milli Azərbaycan Tarixi muzeyində bir çox zoomorf təsvirli heykəlciklər və qablar nümayiş olunur. Bu qabların üzərində ya zoomorf naxışlar əks olunub, ya da qulpları heyvan formasında düzəldilib. Çox hallarda qulplar real və ya mifik heyvan, ya da insan formasında düzəldilirdi, bu da qədim türklərin dini və ayini təsəvvürləri ilə əlaqədar idi. Qədim türk tamğaları (qəbilə rəmzi) zoomorf ornamentlərin ən gözəl nümunəsidir. Oğuz tayfalarının totemləri (özünü müəyyən heyvan ilə qohumluq əlaqələri ilə bağlayan və onunla eyniləşdirən qəbilənin işarəsi) heyvan simasında təsvir olunurdu.