AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Toppuz

Nümunənin reyestr kodu : ST0703000009

Ənənəvi silahların xeyli hissəsini qədim tarixi olan bəsit zərbə vasitələri təşkil etmiş, bu silahlar daşla yanaşı, ağacdan hazırlanmışdır. Ağacdan düzəldilmələri səbəbindən onların ilk nümunələri zəmanəmizədək gəlib çatmamışdır. Bununla belə, zərbə silahlarının təkmilləşmiş növlərinin xeyli hissəsi (toppuz, toxmaq, şeşpər, gürz, əmud) mənşə etibarilə dəyənək və toxmaqla bağlı olub, son orta əsrlərə qədər özlərinin əməli əhəmiyyətini itirməmişdir.

Dəyənəklərin tarixən inkişafı toppuz (topuz, tubaz) adlanan, iri daş və ya metal başlıq və qısa dəstəkdən ibarət silah növünü ortaya çıxarmışdır. Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün istifadə edilən soyuq silahdır. Azərbaycan dilində toppuz (və ya bozdoğan), farsca “gürz”, ərəbcə “amud”, “mitraka” adlanan bu silahdan yaxın döyüşdə istifadə olunmuşdur. Toppuz türk, fars, ərəb dillərində eyni mənanı ifadə etsə də, quruluşlarında müəyyən fərqlər vardı. Bu, ilk növbədə, hər bölgədə toppuzun müəyyən hazırlanma təcrübəsinin yayılması, onun hazırlanmasında istifadə olunan materiallar, piyada və ya süvari qoşun hissələrində istifadə ilə sıx bağlı idi.

Toppuzun “bozdoğan” (iri və yırtıcı quş növü) adlanmasının səbəbi baş hissəsinin vəhşi quşun pipiyinə bənzəməsi idi. Toppuz silah növünə aid edilən əmudun (gürzün) baş hissəsi çıxıntılı və ya düz olur. Fars dilində “altı qanad” (altı üz) anlamında işlədilən “şeşpər” isə bəzən “tikanlı toppuz” adlandırılmışdır. Quruluşuna və ağırlığına görə, çəkmə toppuz, asma toppuz, tikanlı toppuz kimi növləri vardır. Baş qismi yuvarlaq və mıxsız olanlar “matraq”, ən ağırları isə “gürzi-giran” adlandırılmışdır. XIII-XV əsrlərdə Azərbaycanda yayılan “çumak” adlı toppuz ərəb dilində “əssa” kimi tanınırdı. Quruluşca ənənəvi çomaqlarla eyni olan toppuz-çomaq (əsa) başlığı olan uzun dəyənəyə bənzəyirdi.

Toppuzların baş qismi əsasən kürə şəklindədir, tikanli tiplərində kürəyə iti uclu mıxlar çaxılır və ya dəmirin qəlibə tökülməsi zamanı əvvəlcədən çıxıntılar nəzərdə tutulurdu. Ərəb dilində “debus təyyar” (uçan toppuz) deyilən toppuz ucuna zəncir bağlanmış bir, bəzən isə bir neçə mıxlı kürədən ibarət olurdu. Belə toppuzlar yaxın döyüşdə düşmənə doğru atılırdı.

“Mustafiyyə” adlanan toppuz (əmud) iki əllə tutulurdu, dördkünc dəmir başlıqlı, uzunluğu 80-100 sm olurdu. Bəzi “mustafiyyə” nümunələri kürəvari, içi boş polad başlıq və polad dəstəkdən ibarət idi. Hazırda Azərbaycan Milli Tarix Muzeyinin fondunda saxlanılan “mustafiyyə” toppuzunun uzunluğu 105 sm, başlığın (kürənin) uzunluğu 51 sm-dir. Üzəri ornamentlər, nəbati naxışlar, quş təsvirləri ilə bəzədilmiş toppuzun səthində üç yerdə kəmərə cızıq halqalar vardır.

Toppuz ağac və daşla yanaşı, dəmir, mis, tunc kimi metallardan hazırlanırdı. Adətən sapı ağac, baş hissəsi metal olan toppuzlarla yanaşı, tamamilə ağac və ya tamamilə metaldan hazırlanan toppuzlar da olurdu. Metal toppuzların içi bəzən boş hazırlanırdı. Qurşağa və ya kəmərə taxılan ağac və yüngül toppuzları piyada döyüşçülər asanlıqla daşıyırdılar. Ağır silahlanmış atlı ilə döyüşdə toppuz mühüm əhəmiyyət daşıyırdı. Zirehi parçalamaq məqsədi ilə hazırlanan tikanlı və ağır metal toppuzları isə süvarilər daşıyır, yəhərlərin sol tərəfinə asırdılar. Süvarilərin istifadə etdikləri toppuzların (gürzlərin) sapı daha uzun idi, hər növ qalxana və zirehə qarşı ən yaxşı silah növü olmuşdur.

Orta əsr Azərbaycan ordularında toppuzdan geniş istifadə edilmişdir. Adətən hökmdarların mühafizləri qılınclar və s. silahlarla yanaşı, toppuzla (gürzlə) silahlanırdılar. Həm piyada, həm süvari qoşunlarında gürz (toppuz) daşınması vacib sayılırdı. Toppuzun ağırlığı döyüşçünün bacarıq və qabiliyyətinin, eyni zamanda statusunun göstəricisi idi. Hətta başqa silahlardan fərqli olaraq düşməni toppuzu ilə sıradan çıxaran qəhrəmanın toppuzu məscid qapısından asılırdı. Hökmdarlar idarəçilikləri altında olan bəylərə toppuz və şeşpər hədiyyə edərdilər. Hətta zorxana oyunlarında müxtəlif formalı toppuzlar ağırlıq qaldırma, güc nümayişi məqsədi ilə istifadə edilmişdir. Bəzi toppuzların çəkisi 17 kq-a çatırdı, belə toppuzun zərbəsi düşməni dərhal sıradan çıxarırdı.

Əsgərlərin və kiçik rütbəli zabitlərin toppuzları ilə müqayisədə yüksək rütbəli ordu başçılarının, padşahların toppuzları bir sənət əsəri sayılırdı. Belə toppuzlar, xüsusi şəkildə Orta əsr silah emalatxanalarında hazırlanır, qızıl, gümüş çaxmalar, zümrüd, yaqut, əqiq və s. daşlarla bəzədilirdi. Qiymətli toppuzlar əsasən mərasim və nümayiş məqsədi ilə istifadə olunmuşdur. Uc hissəsi heyvan başına bənzəyən buynuzlu toppuzlar Ağqoyunlu, Səfəvi sarayları üçün xarakterik olmuşdur. Belə toppuzların üstü mifoloji heyvan təsvirləri ilə bəzədilirdi. Milli Azərbaycan Tarixi Muzeyində sərgilənən öküz başı formalı polad toppuzun dəstəyinin içi boşdur. Başın qulaq və burun dəlikləri deşikdir, döyüş zamanı dəliklərdən keçən hava uğultulu səs yaradaraq vahimə doğururdu.

Odlu silahların ortaya çıxması, döyüş texnikasının dəyişməsi ilə bağlı olaraq XVIII əsrdən başlayaraq toppuzların döyüş silahı kimi istifadəsi zəifləmişdir.