AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Novruz və Qəndab

Nümunənin reyestr kodu : FL0104020005

Azərbaycan məhəbbət dastanlarının tanınmış nümunələrindən biridir. Dastanın qısa məğzi belədir: Novruz Diyarbəkir padşahının oğludur. Misir padşahının qızı Telli Qəndab ona buta verilir. Novruz butasının dalınca Misirə gedir, min bir əzab-əziyyətdən sonra öz butasını tapır. Lakin onun xoşbəxliyi uzun sürmür. İstanbul paşası Misirə hücum edir, Misir basılır. Qalib gəlmiş İstanbul paşası Telli Qəndabı tələb edir. Bu, Novruzun heysiyyətinə toxunur. O, meydana çıxıb paşa ilə vuruşur, onu məğlub edib öldürür. Düşmən basılır, qoşun qaçır. Misir hökmdarı Novruza “İstə məndən nə ənam istəyirsən istə. Hər nə istəsən verəcəyəm” deyə müraciət edir. Novruz Qəndab üçün gəldiyini söyləyir. Şah qabqaca qəzəblənərək onu zindana saldırır, sonradan gördüyü yuxu sayəsində səhvini anlayır və qızını ona verib toylarını edir.

Dastanın XV əsrdə cərəyan edən hadisələrlə səsləşməsindən çıxış edərək M.Təhmasib onun bu tarixdən sonra yarandığı qənaətindədir. Belə ki, dastanda Diyarbəkir İstanbula tabe olmayan müstəqil hökmdarı olan ölkənin mərkəzi kimi təsvir olunur. Bundan əlavə, Misirin hələ osmanlının tərkibinə qatılmadığı anlaşılır. Bu kimi faktlara dayanaraq dastanın 1467-1550-ci illər arasında yaran biləcəyi ehtimal olunur (Təhmasib, 211).

M.Təhmasibin yazdığına görə, “Novruz və Qəndab” dastanının nəşr olunmuş və olunmamış variantları da nəzərə alınmaqla 12 variantı mövcuddur. Onların içərisində Aşıq Hətəm, Aşıq Aslan Kosalı, Qobustanlı Aşıq Xanış Zahidovdan yazıya alınmış variantlar dolğunluğu və əhatəliyi ilə seçilir.

Dastan arxaik elementlərlə kifayət qədər zəngindir. Məsələn, Xudaverdi Novruzovdan yazıya alınmış varianta görə Novruz uşaqlıqdan qaranlıq zirzəmidə saxlanılır, ona ancaq ciddi nəzarət altında müəyyən yeməklər verilir. Bu motiv “Şah İsmayıl” dastanında da iştirak edir. Bundan əlavə, Novruz Diyarbəkirdən döndüyü zaman yolda Kəlləgözə rast gəlir. Təfərrüatın azlığı, qoşmaların çoxunun unudulması, qalanların çoxunun pozulmuş olması bu epizodun artıq unudulmaq üzrə olduğunu göstərir. Bu səbəbdən bəzi variantlarda Kəlləgözün ancaq adı çəkilir, bəzilərində yolu kəsdiyi zaman Novruzun uzaqdan atdığı oxla öldüyündən danışılır. Təhmasib “Novruz və Qəndab” dastanındakı Kəlləgözlə “Dədə Qorqud”dakı Təpəgöz surətlərini müqayisə edərək belə bir qənaətə gəlir ki, Novruzun Kəlləgözlə qarşılaşması səhnəsi məhz “Dədə Qorqud”dakı “Basatın Təpəgözü öldürməsi boyu” əsasında formalaşmışdır (Təhmasib, 215).