Leyli və Məcnun
Nümunənin reyestr kodu : FL0104020014
Azərbaycan məhəbbət dastanlarından biridir. Nizami Gəncəvinin eyni adlı əsərindən istifadə yolu ilə yarandığı ehtimal olunur. M.Təhmasibin yazdığına görə Nizaminin əsərləri xüsusi nizamixanlar, dərvişlər, nağılçılar vasitəsilə sürətlə xalq arasında yayılmış, aşıqlar onların süjetindən, motivlərindən, təhkiyə üsulu və kompozisiya zəngindliyindən istifadə etməklə dastanlar yaratmışlar. Tədqiqatçının fikrincə, “Fərhad və Şirin”, “Şahzadə Bəhram”, “Leyli və Məcnun” bu yolla yaranmış xalq dastanlarından biridir. Bunun əksini söyləyən fikirlər də mövcuddur. Azad Nəbiyev “Leyli və Məcnun” dastanının Nizaminin əsəri əsasında deyil, Azərbaycan şifahi ənənəsinə daxil olmuş ərəblərə məxsus əfsanə süjeti əsasında yarandığını qeyd edir.
Dastanın indiyə qədər iki variantı qeydə alınmışdır. Bunlardan biri 1940-cı ildə Aşıq Xıdırdan toplanmış və həmin variant sonralar bir neçə dəfə nəşr olunmuşdur. Dastanın digər variantı isə keçən əsrin 80-ci illərində Aşıq Haşımdan yazıya alınmış və hələ çap olunmamışdır. A.Nəbiyevin yazdığına görə, eyni süjet əsasında qurulsalar da, onlar arasında ciddi variant fərqləri vardır. Aşıq Xıdır variantı Nizami Gəncəvinin əsərlərinə yaxınlığı ilə seçilir, hətta personaj adları da üst-üstə düşür. Aşıq Haşım variantında isə hadisələr Şirvanşah İbrahimin dövründə cərəyan edir və Leyli onun qızı kimi qələmə verilir. Personaj adları, qəhrəmanın adı da Aşıq Xıdır variantından fərqlənir. Bu variantda Məcnunun əsl adı Şahbazdır, o Çoban Mahmudun oğludur. Bu kimi fərqlərə söykənərək A.Nəbiyev dastanın bu variantının Leyli və Məcnun haqqında xalq arasında mövcud əfsanələrin yenidən işlənməsi nəticəsində yarana biləcəyini qeyd edir. Onun fikrincə, bu variant öz bədii dəyəri, xalq şeir şəkillərindən istifadə, hadisələrin təbiiliyi baxımından Aşıq Xıdır variantından seçilir.
“Leyli və Məcnun”un faciəvi hekayəsi Yaxın Şərq və Qafqaz xalqlarının mədəniyyətinə əhəmiyyətli təsir göstərmişdir. 1186-cı ildə Nizami Gəncəvi həmin rəvayət əsasında poema yazmışdır. 1536-cı ildə Azərbaycan poeziyasının klassiki Məhəmməd Füzuli yenidən bu süjetə müraciət etmiş və Azərbaycan dilində “Leyli və Məcnun” poemasını yazmışdır. Leyli və Məcnun mövzusu Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyni adlı operasında da öz əksini tapmışdır.