AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ərdəbil qrupu xalçaları

Nümunənin reyestr kodu : SD0101030001

Ərdəbil xalça qrupu Cənubi Azərbaycanda, Savalan dağının şərq ətəklərində yerləşir. Ərdəbil, Mir, Sərab xalçaçılıq ocaqlarını və onlara daxil olan xalçaçılıq məntəqələrini əhatə edir. Ərdəbil ocağına – Ərdəbil şəhəri, Ağbulaq, Astara, Nəmin, Nar, Məşkinşəhər, Mir ocağına – Üçtəpə, Alan, Urlu, Hermrud, Sərab ocağına – Sərab şəhəri, Bicən, Çalqun, Cəldəbaxan xalçaçılıq məntəqləri daxildir.

Ərdəbil və onun ətraf kəndləri qədim dövrlərdən bəri rəngli parça, təbii ipliklərdən toxunan paltar, xovlu və xovsuz xalça toxuculuğunun mərkəzinə çevrilmişdir. Sonrakı dövrlər səfəvi müridlərinin əsas ocaqlarından biri olması və Şeyx Səfi türbəsinin burada yerləşməsi onun əhəmiyyətini xeyli artırmışdır. Həmin dövrdə müxtəlif sənət sahələri ilə bərabər xalçaçılıq sənəti də öz inkişafının yüksək mərhələsinə çatmışdır. Ərdəbil şəhəri xovlu xalçalarla yanaşı, sumax, zili, kilim kimi xovsuz xalçaları ilə şöhrət qazanmışdır. Burada ən çox ipək xalçalar toxunmuş, kiçik ölçülü (100x150sm) namazlıq xalçaların da əsas mərkəzi Ərdəbil olmuşdur. Namazlıqlarda, adətən, mehrab təsvirləri verilirdi, ara sahəni isə Quran ayələrindən ibarət ornamental dini yazılar bəzəyirdi.

“Ərdəbil” kompozisiyası bu ərazidə qədimdən toxunan mürəkkəb çeşnili və ornamentli xalçaların ən layiqli xələfi sayılır. Onun bədii mahiyyətində islamla bağlılıq durur. Ölçü baxımından o qədər də böyük olmayan bu xalçalardan insanlar namaz vaxtı istifadə edirdilər. Onun bədii həlli də islam dininin tələblərinə müvafiq idi. “Ərdəbil” xalçasının orta əsas hissəsini nəbati naxışlarla əhatələnmiş dini mahiyyətli yazılar təşkil edir. Onlar, adətən, xalçanın yuxarı hissəsində – namaz qılanın oturduğun hissənin qarşısında yazılır və üzəri örtülmürdü.

Ərdəbil xalça qrupu Azərbaycan xalça sənətinə bədii kamilliyi, elementlərinin orijinallığı və mürəkkəbliyi, haşiyə və ara sahənin nəfis həlli ilə fərqlənən “Şeyx Səfi” xalçasını bəxş etmişdir. Bundan əlavə, “Ərdəbil”, “Şah Abbası”, “Sərabi”, “Zəncan”, “Mir” və “Açma-yumma” çeşniləri Ərədəbil xalçaçılarının əlindən çıxmış gözəl sənət əsərləridir. Röya Tağıyevanın yazdığına görə, Hindistan hökmdarı Humayunun dövründə Ərdəbildən aparılmış xalça ustaları Hindistanda “Moğol məktəbi” adı ilə tanınan xalçaçılıq məktəbinin təşkilində də müəyyən rol oynamışlar.

Ərdəbil xalçalarının bəzədilməsində həndəsi, nəbati və zoomorf elementlərdən istifadə olunur. Güllər, qönçələr, budaqlar, “mahi” (balıq) adlanan ləçəklər, damğa formalı həndəsi motivlər, quş və yırtıcı heyvan təsvirləri Ərdəbil xalçalarının bədii özünəməxsusluğunu təşkil edir.

Sərab Ərdəbilin cənub-şərqində yerləşən və bu gün də xalçaçılıq ənənəsinin inkişaf etdiyi mühüm toxuculuq mərkəzlərindən biridir. Ara sahə boyu ardıcıl düzülmüş “buta” kompozisiyalı və həndəsi üslubda iri ölçülü heratı-turunclarla bəzədilmiş xalçalar Sərabın ən çox yayılmış xalçalarıdır. Sərab xalçaçılıq mərkəzində toxunan xalçalarda qırmızı, qəhvəyi, mavi, tünd göy və noxudu rənglərə üstünlük verilir. Bədiiliyi və toxunuşu etibarilə Qarabağ xalçalarına oxşasa da, xam malına görə onlardan fərqlənir. Sərab xalçalarının əksəriyyəti Həmədan xalçaları kimi dəvə yunundan və iki variantda toxunur. Birinci variantda xalçaların ara sahəsi çiçəkli budaqlarla bəzək vurulan və bir-birinin ardınca asimmetrik yerləşən şaqulu xətlərlə doldurulur. İkinci variantda isə xalçaların ara sahəsinin mərkəzində tək göl təsvir olunur. Birinci qrupa aid xalçalar uzunsov formalı olur, ikinci qrup xalçaların ölçüsü isə 120x180 sm təşkil edir.

Ərdəbilin cənubunda yerləşən Mir və Miriş qəsəbələrində yaradılan çeşnilər isə Azərbaycan xalçaçılığında “Mir” adı ilə tanınır. Bu xalçanın orta hissəsinin kompozisiyasını butalar təşkil edir. Butaların düzülüşü Quba-Şirvan növlü “Xilə-buta” və “Mərəzə” xalçaları ilə səsləşsə də, sadəliyi ilə onlardan seçilir.