AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dügah

Nümunənin reyestr kodu : FM0302040001

Dügah

Azərbaycan xalq musiqisində “Rast” ailəsinə daxil olan muğamlardan biri də “Dügah”dır. Bu muğam hazırda xanəndə və sazəndələrimiz tərəfindən az hallarda ifa olunur. “Rast” ailəsinə aid olan hər bir muğam dəstgahının öz kökü və tonallığı olduğu kimi, “Dügah” da “mi bemol” mayəli rast məqam səsdüzümünə əsaslanır.

XIV əsrdə yaşamış, Şərq xalqlarının musiqi tarixində görkəmli yer tutan musiqişünas Əbdülqadir Marağai yazır: “...Dügahın başlanğıcını do-dan yox, fa-dan etmişik, çünki fa-dan do-ya qədər melodiyanın daha gözəl ifası mümkündür”. “Dügah” muğamının “Mayə” şöbəsinin musiqi materialı “Şur” dəstgahında “Şur şahnaz”dan sonra ifa olunur. O, burada “Bayatı-türk” və ya “Bayatı-Qacar” adını daşıyır. Bir şöbə kimi “Dügah” müasir “Bayatı-Qacar” muğamında “Zəmin-xarə” ilə “Mavərənnəhr” arasında yerləşir.

“Dügah” dəstahının tərkib hissələri görkəmli tarzən Mirzə Fərəcin (1847-1927) muğam cədvəlində belə göstərilir: Dügah, Ruh-ul-ərvah, Zəmin-xarə, Naleyi-zənburi, Pəhləvi, Mənəvi, Mavərənnəhr, Hicaz-Bağdadi, Gəbri, Şah Xətai, Şirin-şəkər, Dügah.

XIX əsrdə bu muğam 12 şöbə və guşə ilə ifa olunurdu. Azərbaycanın görkəmli bəstəkarı Ü.Hacıbəylinin rəhbərliyi ilə 1925-ci ildə Türk Musiqi texnikumu Şərq şöbəsinin müəllimlər komissiyası tərəfindən tədris repertuarı kimi qəbul edilmiş proqramda isə 9 şöbə və guşədən ibarətdir: Dügah, Ruh-ül-ərvah, Zəmin-xarə, Mavərənnəhr, Hicaz, Gəbri, Şah Xətai, Sarənc, Dügah.

Ü.Hacıbəylinin rəhbərliyi altında düzəldilmiş “Dügah”ın tərkibi ilə Mirzə Fərəcin cədvəlindəki “Dügah”ın tərkibinə nəzər yetirsək görərik ki, onlarda şöbə və guşələrin adları və ardıcıllığı bir-birinə çox uyğun gəlir. Qeyd edək ki, Mirzə Fərəcin cədvəlində “Zəmin-xarə”dən sonra üç guşə – Naleyi-zənburi, Pəhləvi, Məsnəvi vardır ki, onlar Ü.Hacıbəylinin proqramında ixtisar edilmişdi. Görünür, bu guşələr XX əsrin əvvəllərində dəstgahda öz əvvəlki adını itirmiş, “Zəmin-xarə” şöbəsinə bir növ adsız avazlar kimi daxil olmuş və dəstgahın kompozisiyasında müəyyən rol oynamadığı üçün muğam komissiyası onların ixtisar olunmasına qərar vermişdi.

”Dügah”ın şöbələrinin əksər hissəsi “Şur” muğam dəstgahında da işlənir. “Dügah”ın “Rast” ailəsinə mənsub olmasına baxmayaraq, onun şöbə və guşələri “Şur”a daha yaxındır. Bu vəziyyət “Dügah”ın səsdüzümündə də aydın şəkildə təzahür edir. Məhz “Rast”ın 2-ci pərdəsindən əmələ gələn səsdüzümünün “Dügah” olmasına baxmayaraq, Ü.Hacıbəylinın məqam konsepsiyası baxımından o, “Şur”dur. Ehtimal ki, indiki “Şur” muğamı müəyyən dövrlərdə “Dügah” adını daşımışdı.

Təəssüf ki, XX əsrin 40-cı illərində “Dügah” tədris proqramından çıxarılmışdı. “Dügah” muğam dəstgahı 10 şöbə və guşəni özündə cəmləşdirir: “Dügah”, “Ruh-ul-ərvah”, “Mavərənnəhr”, “Hüseyni”, “Şikəsteyi-Fars”, “Dilrüba”, “Əraq”, “Zənge-şotor”, “Rak”, “Dügaha kadensiya”.

Bəstəkar Zakir Bağırov tanınmış tarzən Mirzə Mənsur Mənsurovun ifasında “Dügah”ı nota salmışdı. Təxminən ötən əsrin 60-cı illərindən sonra “Dügah” muğam dəstgahını tanınmış xanəndələr Hacıbaba Hüseynov və Tələt Qasımov ifa etmişlər. 1972-ci ildə Azərbaycanın görkəmli muğam ustası Canəli Əkbərov “Dügah”ı tam dəstgah kimi ifa edib lentə yazdırmışdı.