AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Əjdaha

Nümunənin reyestr kodu : DR0203000015

Sürünən (timsah, ilan, kərtənkələ) və qanadlı (yarasa, quş) varlıqlara məxsus əlamətləri özündə birləşdirən demonik təbiətli varlıqdır. Bəzi tədqiqatçılar onu “Avesta”dakı “aji-dahaka” ilə əlaqələndirərək fars mədəniyyəti ilə bağlasa da, Cəlal Bəydili təbiətinə görə onun ari mənşəli əjdaha surətlərindən fərqləndiyini yazır. Acıqlı ruh mənasını verən bu ad türkmənlərdə ajdar/ajdaxa, qırğızlarda “ajıdaar”, noqaylarda “azdaa”, tatarlarda “ajdaha” şəklində işlədilir. Bu ad türklərdən Balkanlara – serb və bolqarlara da keçərək orada “ajdayya”, “ajder” şəklində işlədilir.

Əjdaha qeyri-adi bədən ölçüsü olan, ağzından od püskürən varlıqdır. Nağıl və dastanlarda çoxbaşlı mifoloji varlıq kimi təsvir olunur. Qərb xalqlarında adətən qanadlı təsvir olunur, şərqdə isə qanadları olmaz.

Mifoloji mətnlərdə o, məhsuldarlıq və su hamisi kimi çıxış edir; su mənbələri ona tabedir, su əldə etmək üçün insanlar ona qurban verirlər. Əjdahanın su ilə bağlılığı Qusar rayonundan yazıya alınmış Pişapa haqqında təsəvvürlərdə də qorunub saxlanmışdır. Bölgədə yağış yağdırmaq üçün Pişapaya qurbanlar kəsilər, bir nəfərin bədəni yaşıl ağac budaqları ilə bəzədilib qapı-qapı gəzdirilər və Pişapanın adına pay yığılardı. Pişapa/Vişapanın Qafqaz xalqlarında əjdahaya verilən ad olduğunu nəzərə alsaq, onun su hamisi olduğu buradan açıq-aydın görünür. Əjdahanın su hövzələri ətrafında – çay kənarında, göldə, mağarada yaşaması da onun su ilə bağlılığını göstərir. Tədqiqatçılar belə hesab edirlər ki, ilk dövrlərdə əjdaha xeyirxah bir varlıq olmuş, amma dini inanc sistemində gedən dəyişikliklə əlaqədar sonralar o, mənfi obraza çevrilmişdir.

Nağıllarda əjdaha çayın önünü kəsərək insanları susuz qoyan, su əldə etmək üçün onlardan qurban tələb edən demonik varlıq kimi təsvir olunur. Su əldə etmək üçün insanlar ona qız uşağı qurban verir, əjdahanın başı qurbanı yeməyə qarışdıqda su əldə edirlər. Nağıl süjetlərinin beynəlxalq kataloqunda AT 300 nömrəsi altında qeydə alınmış bu süjetdə qəhrəman əjdahanı öldürdükdən sonra həmin qızla evlənir. Şifahi ənənədə olduqca geniş yayılmış bu süjetin Azərbaycanda otuzdan artıq variantı qeydə alınmışdır. Həmin süjet digər süjetlərlə birləşərək müxtəlif nağılların təşkilində fəal iştirak edir. Xüsusən də qəhrəmanın fiziki gücünün öyüldüyü, bahadırlıq keyfiyyətinin qabardıldığı nağıllarda geniş istifadə olunur.

Əjdaha həm də xəzinənin qoruyucusu hesab olunur. Qazax, türkmən mifoloji mətnlərində onun yerin altındakı mağarada yaşadığı və xəzinəni qoruduğu deyilir. Bu gün xalq arasında işlədilən “ilan olan yerdə xəzinə olar” inancı da həmin təsəvvürdən qaynaqlanır. Nağıllarda ilanın ona süd verən yaşlı kişiyə qızıl hədiyyə etməsi də həmin təsəvvürün nağıllarda yaşayan variantıdır.

Şifahi ənənədə böyük, nəhəng ilana əjdaha deyilir. “Qızı udan ilan” haqqında rəvayətlərdə də ilan mətndə əjdaha kimi təqdim olunur. Əjdahanın ilandan törəməsi haqqında təsəvvürlər nağıllarda da qorunub saxlanmışdır. Gəncədən qeydə alınmış “Qız və ilan” nağılından deyilir ki, bir ilan 300 il ömür sürdükdən sonra onun bədənində qara xal əmələ gəlir və əl-ayaq çıxardaraq əjdahaya çevrilir. Uzun müddət yaşadıqdan sonra əjdahanın şəkil dəyişmək, başqa cildə girmək xüsusiyyəti əldə etdiyinə inanılır. Adı çəkilən nağılda da ilan 1200 il yaşadıqdan sonra qıza çevrilir, amma yenə də öz təbiətini itirmir; ağzından od-alov püskürür, nəfəsi nəyə dəyirsə, onu əridir.

Beləliklə, türk xalqlarının folklorunda rast gəlinən və rəngarəng əsatiri görüşlərlə bağlı olan əjdaha təbiət hadisələrini rəmzləndirən xtonik varlıq, bədxah ruhlu bir obrazdır. Əjdahanın nizami dünyaya qarşı davası onun xtonik dünyaya aid olmasından irəli gəlir.